ONN İnformasiya Agentliyi

ƏXLAQSIZLIQ – ZÜLEYXA NADİR YAZIR

ƏXLAQSIZLIQ – ZÜLEYXA NADİR YAZIR
27 May 2019 - 10:30

Züleyxa NADİR, xüsusi olaraq ONN media üçün.

Söz vaxtına çəkər.  Keçən il təxminən bu vaxtlarda mediyada  və sosial şəbəkələrdə iki qadının çılpaq şəkildə küçədə gəzdiyini əks etdirən video – görüntü  yayıldı. Rusiyanın Anapa şəhərində istirahət edən iki nəfər  avropalı  qadın lüt soyunaraq kimsəyə əhəmiyyət vermədən ətarfı seyr edirdilər. Yerli sakinlərin də üzündə heç bir reaksiya görünmürdü. Üzlərində sanki, “ təəccüblü heç nə yoxdu, belə də olar” ifadəsi aydınca oxunurdu.

Doğrusu, bu mənzərəyə  mən də əhəmiyyət vermədim. Çünki görüntünün videoya alındığı yer Azərbaycan ərazisi deyil, “qəhrəmanların” da damarı ilə  azərbaycanlı qanı axmır. İctimai yerdə bu cür “mədəniyyət”  nümayiş etdirmək ruslara və avropalılara xas olan bir keyfiyyətdi. Oralarda belə hallar əxlaq tərəzisində ölçülmür, mənəviyyat stoluna da çıxarılmır. Təəccüblənmədim, heyrətə də gəlmədim.

Amma bu günlərdə oxşar hadisə gözəlim Azərbaycanın paytaxtında baş verib. Bakı bulvarındakı çəmənliyə uzanıb günəş qəbul edən bir neçə  əcnəbi qadın lüt soyunublar. Bax burda, necə deyərlər, “Kərəmi ağlamaq tutur”. Şəhərin mərkəzində insanların sıx toplaşdığı bir yerdə əcnəbi turistin çimərliklə bulvarı dəyişik salmasından dəhşətli nə ola bilər ki? Bunun adı iyrənclikdi. Bura Azərbaycandı, Azərbaycan dövlətinin ərazisidi. Bu millətin fərqli mental dəyərləri, dünyanın başqa xalqlarından üstün olan əxlaq normaları var. Bu normalar Azərbaycan xalqının həyat tərzində,  sosial həyatında, milli məişətində, mədəniyyətində, inam və imanında özünü göstərir. Xalqın yaratdığı əxlaqi dəyərlər zaman-zaman dəyişsə də milli varlığına kölgə salmayıb. Azərbaycanlıların bu günkü əxlaq mədəniyyəti, mənəviyyat ölçüsü bəşəri dəyərlər fonunda  əsrlərlə, qərinələrlə formalaşıb. Bunları görməyən əcnəbinin günün günorta çağı qadın-kişi, uşaq-böyük demədən şəhərin mərkəzində soyunub bədənlərini nümayiş etdirməsinin adı əxlaqsızlıqdı. Avropada bunun adı “mədəniyyət” adlansa da, Azərbaycanda həzm olunmur.

Azərbaycan xalqı qonaqpərvərdi, gülərüzdü, qapısı həmişə açıqdı. Bu keyfiyyətlər əxlaq mədəniyyətinin, mənəvi dəyərin elementləridi.  Qonaq evin ən hörmətli, ən gözəl varlığı sayılır.  Bu isə ailə mədəniyyətinin, xalq əxlaqının ali dərəcəsidi.  Ev sahibi evində sərbəst olması, utanıb-çəkinməməsi, rahat olması üçün qonağa hər cür şərait yaradır. Amma evə gələn adam bu qonaqpərvərlikdən sui-istifadə edirsə, bu, artıq onun aşağı keyfiyyətli olduğunun sübutudur. Ölkəyə gələn turist bu mədəniyyəti qanmayanda,  hörməti anlamayanda nənəm demiş “qarpızın tağı əyri bitir”.

 Bu gün danılmaz bir gerçəklik var: müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan yeni ictimai-iqtisadi inkişaf yoluna qədəm qoydu və açıq bazar iqtisadiyyatı sisteminin tələbləri əsasında inkişaf etməyə başladı.  Həmçinin beynəlxalq aləmə inteqrasiya prosesləri çərçivəsində dünya dövlətləri ilə iqtisadi əlaqələrini genişləndirdi. Turizm bu əlaqələrin bir qoludur. Azərbaycan turizm ölkəsinə çevrilib. Hər il on minlərlə turist gəlir və ölkəsinə  çox da razı dönürlər.  Azərbaycana gələn qonaqlar  üçün gözəl şərait yaradılıb. Kimsə bunun üstündən xətt çəkə bilməz.

Amma əcnəbilərin qonaq gəldiyi evdə özünü ev sahibinin xoşuna gəlməyən tərzdə aparmasında çirkinlik var. Halbuki qonaq süfrənin bəzəyi olduğu kimi,  evin ruzisini də artırır. Bulvarda lüt soyunan qadın  “qonaqlar” isə çirkinlik nümayiş etdirməklə ev sahibinə qarşı hörmətsizlik nümayiş etdirirlər.  Bu gün 3-5 əcnəbi turistin Bakının ortasında əxlaqsızlıq nümayiş etdirməsi millətə qarşı təhqirdi, saymamazlıqdı. Azərbaycana gələn hər kəs mənim millətimə, dövlətimə hörmətlə yanaşmalıdı. Ona yaradılan şəraitdən siu-istifadə etməməlidir. Azərbaycanlılar küçənin ortasında lüt soyunub gəzmirlər.  Azərbaycanlılar ən sadə etik davranış mədəniyyətini qoruyub saxlamağı bacardıqları kimi əcnəbidən də onu gözləyirlər.

Avropalı öz ölkəsində istədiyi kimi hərəkət edə bilər, millətinin xarakterinə uyğun olan hər cür davranış sərgiləyə bilər. Özü bilər, öz ölkəsidi, öz evidi. Amma mənim ölkəmdə, mənim evimdə həddini bilməlidi, əxlaq sərhədini aşmamalıdı. Azərbaycan xalqının mənəvi dəyərlərini tapdalamağa haqqı yoxdu. Bu haqqı ona kim verir? Kim ona imkan yaradır ki, şəhərin mərkəzində, insanların  gözü qabağında bu cür “mədəniyyət” nümayiş etdirib,  “əxlaq” sərgiləsin?

Bu şəraiti ona yaradan Azərbaycan polisidi. Asayişə nəzarət edən polis bu mənzərəyə biganə yanaşır. Başqa vaxt iki gənc bir qədər səmimi oturub söhbət edərkən başının üstünü kəsdirir, cərimə tətbiq edəcəyini bildirir, rüşvət tələb edir. Bundan bir şey çıxmadığını görüb “ictimai asayişi pozursunuz” deyərək ərazidəki polis bölməsinə aparır. Bəs, bu biabırçılığı görmürmü? Kim deyir ki, əcnəbinin qolundan tutub polis bölməsinə aparsın? Amma səlahiyyətindən istifadə edib iradını bildirə bilər, iyrənc mənzərənin aradan qaldırılmasına nail olar. Əcnəbi qadın görsə ki, dövlətin səlahiyyət sahibi ona irad tutur, anlayar ki, bu cür hərəkət yolverilməzdi. Başa düşəcək ki, gəldiyi ölkənin daxili qaydalarına əməl etməlidi, qanunları poza bilməz. Amma bizim polislər əcnəbi ilə elə rəftar edirlər ki, sanki onlara “gözün üstə qaşın var” deməmək üçün cavabdehlik götürüblər. İctimai yerdə asayişi qoruyan polis öz millətinə yan baxır, əcnəbinin qarşısında isə lal olur. Halbuki əxlaq pozuntusu ictimai qaydanı poza biləcək mahiyyətdədirsə polis tədbir görməlidi. Avropalı turistlərin çılpaq bədənlərini bulvarda nümayiş etdirməsi ictimai qaydanı pozan əxlaq pozuntusudu və polisin vəzifə borcudu onların bu davranışını məhdudlaşdırsın. Bunu etmirsə, əcnəbidən çox, mənim polisim mədəniyyətsizlik sərgiləyir.

Buna göz yüman əsayış keşişçilərimiz unutmasınlar ki, belə olan halda dövlətin və xalqın yanında yox, hörmətsizlik edənlərin yanında dururlar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png