ONN MEDİA

30 may aktyor, rejissor İsmayıl Əfəndiyevin vəfat etdiyi gündür

30 may aktyor, rejissor İsmayıl Əfəndiyevin vəfat etdiyi gündür
30 May 2019 - 10:15

30 may (d.1910 – ö.1967) görkəmli Azərbaycan aktyor və rejissoru, Azәrbaycanın әmәkdar incəsənət xadimi (1943). Azәrbaycanın ilk peşәkar kino aktyorlarından olan, yaratdığı obrazlarda bu gün də xatirələrdə yaşayan İsmayıl Mahmud oğlu Əfəndiyevin vəfat etdiyi gündür.

İsmayıl Mahmud oğlu Əfəndiyev 10 avqust 1910-cu ildə Göyçayda dünyaya göz açıb, sənətlə ilk tanışlığı da oradakı özfəaliyyət teatrında olur. Bir müddət sonra Bakıda Pedaqoji Texnikumda təhsil alsa da, teatr fikrindən çıxmır. Tələbə ikən rejissor İsmayıl Hidayətzadə ilə tanış olur. Onun rəhbərlik etdiyi dram dərnəyinə yazılır. 1929-cu ildə təhsilini başa vurur. Bir neçə il pedaqoji fəaliyyətlə məşğul olur. 1932-ci ildə Bakı Türk İşçi Teatrına dəvət olunur.

Bir ildən sonra teatr Gəncə şəhərinə köçür. Təzə-təzə öyrəşdiyi kollektivdən ayrılmamaq üçün o da teatrla birgə Gəncəyə gedir. 1939-cu ilə kimi bu şəhərdə aktyorluq fəaliyyəti ilə məşğul olur. Teatrın səhnəsində S.Vurğunun “Vaqif ”, H.Cavidin “Şeyx Sənan”, M.F.Axundzadənin “Hacı Qara”, C.Cabbarlının “Sevil” və s. pyeslərdə müxtəlif səpkili obrazlarda çıxış edir.
Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə sənətkarın kino fəaliyyətini geniş tədqiq edib. O yazır ki, A.M.Şərifzadə 1935-ci ildə “Məhəbbət oyunu” kinokomediyasına quruluş verir və gənc aktyorun ifalarını bəyəndiyi üçün Səttar roluna İsmayıl Əfəndiyevi dəvət edir. Film o qədər də uğurlu alınmasa da, İ.Əfəndiyevin maraqlı oyunu diqqət çəkir. Ona görə də 1940-cı ildə gənc rejissorlar Hüseyn Seyidzadə və Niyazi Bədəlov yazıçı Ənvər Məmmədxanlının ssenarisi əsasında “Ayna” adlı bədii filmi çəkərkən onu unutmurlar. Filmdə sadə bir xalçaçı qızın həyat yolundan bəhs olunur. Xalçaçı Ayna roluna Leyla Bədirbəyli, rəssam roluna isə İsmayıl Əfəndiyev çəkilir. Ancaq müəyyən səbəblər üzündən “Ayna” filminin çəkilişləri yarımçıq qalır. II Dünya müharibəsi zamanı həmin materiallar əsasında “Sovqat” adlı qısametrajlı bədii film çəkilir. Film 1942-ci ildə ekranlarda, hətta ön cəbhədə də göstərilir.

İsmayıl Əfəndiyevin müxtəlif səpkili “Bəxtiyar”, “Qara daşlar”, “Qızmar günəş altında”, “Əmək və qızılgül” kimi kinoəsərlərində oynadığı rollar ona böyük uğur qazandırır. Aktyor ustalığı “Arşın mal alan”, “Fətəli xan” və “O olmasın, bu olsun” kimi filmlərdə yaratdığı maraqlı və yaddaqalan obrazlarda diqqətlə izlənir.

  “Arşın mal alan” musiqili kinokomediyasında İ.Əfəndiyevin yaratdığı Süleyman obrazı kinosevərlər tərəfindən sevilir, aktyora böyük şöhrəti məhz bu obraz qazandırır.
   “Fətəli xan” tarixi-bioqrafik filmində İsmayıl Əfəndiyev Əmir Həmzəni oynayır. O, Fətəli xanın bacısı Xədicəni istəyir. Bu sevgi qarşılıqlı olur. Fətəli xan isə Bakı xanını öz tərəfinə çəkmək məqsədilə bacısı Xədicəni ona ərə verir. Bunu eşidən Əmir Həmzə Fətəli xandan intiqam alacağına and içir…
   “O olmasın, bu olsun” musiqili kinokomediyasında İ.Əfəndiyev Həsənqulu bəy obrazını yaradır. O, ötən əsrin əvvəlindəki “quru bəylər”in nümayəndəsidir. Tamaşaçı bu personajlara baxarkən ürəkdən gülür, amma heç də mənfi münasibət bəsləmir.

İsmayıl Əfəndiyevin teatr və kino sahəsində fəaliyyəti yüksək qiymətləndirilir. Ona 1943-cü ildə Əməkdar incəsənət xadimi adı verilir. O, aktyorluqla yanaşı, həm də teatr və kino rejissoru olub. II Dünya müharibəsi illərində mədəniyyət işçiləri tərkibində Cənubi Azərbaycana gedib. Təbrizdə “Arşın mal alan ”, “O olmasın, bu olsun”, “Eşq və intiqam”, “Anamın kitabı” və s. əsərləri tamaşaya qoyub. “Arazın o tayında” tammetrajlı sənədli filmi üçün xeyli çəkilişlər edilir. Filmdə 1945-1946-cı illərdə Güney Azərbaycanda baş verən hadisələr əksini tapıb. Tanınmış sənətkar daha sonra “Bir ailə” kinoalmanaxında rejissor assistenti, “Bəxtiyar” filmində 2-ci rejissor olub. Eləcə də sənədli və elmi-kütləvi filmlərdə rejissor kimi çalışıb. İ.Əfəndiyev 1958-ci ildə həmkarı Şüa Şeyxovla birgə yazıçı Qılman Musayevin ssenarisi üzrə “Kölgələr sürünür” macəra filminə quruluş verib. Arxeoloqların həyatından bəhs edən filmdə geoloq Kərimin obrazını yaradıb.

O həmçinin 200-ə qədər xarici filmin Azərbaycan dilinə dublyajında iştirak edib. Çoxşaxəli yaradıcılığa malik İ.Əfəndiyevdən bizə filmlərindən, yaratdığı obrazlardan başqa, “Su haqqında nağıl”, “Arzu”, “Axtaran tapar” pyesləri və bir neçə ədəbi ssenarisi də yadigar qalıb

Allah rəhmət eləsin.


ONN informasiya agentliyi

image_print Çap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP