6 yanvar Mikayıl Müşfiqin güllələndiyi gündür!

Unutmayaq, unutdurmayaq!

Mikayıl Müşfiq (tam adı Mikayıl Əbdülqadir oğlu İsmayılzadə) 1908-ci il iyunun 5-də Bakıda ziyalı ailəsində dünyaya göz açıb. Atası “Səadət” məktəbində müəllimlik edib, şeirlər yazıb. Müslüm Maqomayevin “Şah İsmayıl” operasına librettonun da müəllifi odur.    

Erkən yaşlarından valideynlərini itirən Mikayıl qohumlarının himayəsində
böyüyüb. Bakıda müəllimlər seminariyasında və Ali Pedaqoji İnstitutda (indiki
Azərbaycan Dövlət Pedaqoji Universiteti) təhsil alıb, məktəbdə ədəbiyyat
fənnindən dərs deyib. Hələ məktəb yaşlarından Mikayıl ədəbiyyatla maraqlanıb,
“Bu gün” adlı ilk şeirini 1926-cı ildə yazıb və tezliklə tanınmış şairlərindən
birinə çevrilib.  1930-1935-ci illərdə M.Müşfiqin 10 şeir kitabı nəşr
edilib.

Mikayıl Müşfiqin uşaqlar üçün yazdığı “Coğrafiya”, “Məktəbli şərqisi”, “Zəhra
üçün”, “Qaya” şeirləri də maraqlıdır. Şairin zəngin ədəbi irsinə şeirdən tutmuş
poemayadək (“Çoban”, “Mənim dostum”, “Qaya”, “Sındırılan saz”, “Səhər”,
“Azadlıq dastanı”) lirik növün əksər janrları daxildir. Şair bu əsərlərdə
həyati lövhələrini, insanların mənəvi aləmini inandırıcı şəkildə açıb. 

Mikayıl Müşfiq tərcümə ilə də məşğul olub. A.Puşkinin “Qaraçılar” (Ş.Abbasov ilə
birlikdə), M.Lermontovun “Demon” poemalarını (R.Rza ilə birlikdə), S.Marşakın
“Huşsuza bax, huşsuza” şeirini, T.Şevçenkonun, Ömər Xəyyamın və başqa şairlərin
irsindən nümunələri, eləcə də M.F.Axundzadənin “Şərq poeması”nı dilimizə
çevirib.

1931-ci ilin mayında Müşfiq pedaqoji institutun buraxılış gecəsində Dilbər
adlı  qızla tanış olur. Ona olan sevgisi şairi yeni lirik şeirlər yazmağa
ruhlandırır. Gənclərin toyu 1933-cü ilin yayında olur. Müşfiqin çox sevdiyi
Rəsul Rza və Nigar Rəfibəyli bir neçə gün sonra onları təbrik etməyə gəlir. O
vaxt Rəsul Rzanın xəyalına belə gəlməzdi ki, illər ötdükdən sonra bu gənc
oğlanın xatirəsinə “Qızıl gül olmayaydı” poemasını yazacaq. Hüseyn Cavid, Mirzə
İbrahimov, Süleyman Rüstəm, Sabit Rəhman, İsrafil Nəzərov bu evin çox sevilən
qonaqlarından olublar… 

Boş vaxtlarında tar çalmağı sevən Müşfiq tarzən Qurban Pirimovla da dostluq
edib. Bir dəfə Qurban Pirimov onlarda olanda şair tara həsr etdiyi “Nə deməkdir”
adlı şeirini oxuyub. Bundan təsirlənən tarzən “Yetim segahı” səsləndirib.
Hamımızın sevdiyimiz “Oxu tar!” şeirini də Müşfiq həmin gün o melodiyanın
sədaları altında yazıb. Bu o günlər idi ki, Azərbaycanda tarın qadağan edilməsi
ilə bağlı fikirlər səsləndirilirdi… 

Mikayıl Müşfiqin heyrətamiz
hafizəsi var idi. Rus tərcüməçisi, məşhur şair Yaroslav Smelyakov onun haqqında
yazıb: “…Müşfiq – poetik temperamenti sönməyən insandır, o, yeni poetik və
təsvir vasitələri və formalarını yorulmadan axtarırdı. Yekunda “Sındırılan saz”
poeması kimi incini yaradıb… O tələsirdi, taleyin ona az ömür payı verdiyi
sanki ürəyinə dammışdı”.

Mikayıl Müşfiq Abşeron bağlarını, dənizi, qumsal çimərlikləri çox sevib. 1936-cı
ildə son yayını da Mərdəkan kəndində Mirmehdi Seyidzadənin ailəsi ilə birgə
keçirib. Bu uzun yay günlərində onlar yaxınlıqda, Buzovnada bağda istirahət
edən Rəsul Rza, Ənvər Məmmədxanlı ilə tez-tez görüşürdülər. 

Lakin qara buludlar yaxınlaşırdı. Mətbuatda Müşfiq haqqında təhqir, böhtan
dolu kəskin tənqidi məqalələr görünməyə başladı. Saf qəlbli şair bütün
bunlardan çox mütəəssir olurdu. Yazıçıların növbəti plenumunda isə Mikayıl Müşfiqə əksinqilabçı damğası vuruldu. Mikayıl Müşfiqi 1937-ci il iyunun 4-də evində həbs
etdilər. O, əksinqilabi milli təşkilatın üzvü, sovet hakimiyyətinə qarşı
silahlı üsyana hazırlıqdan xəbərdar olmaqda ittiham edildi. 

Həbsdən qabaqkı axşam oxucuları ilə görüşdən gec qayıdan şair evdə onu
gözləyən Dilbərin yanına tələsdiyindən yaxınlıqda dayanan qara maşına fikir
verməmişdi. Müşfiq mənzilinə daxil olduqdan sonra qapının zəngi çalındı…
Gələn adamlar Mikayıl Müşfiqi heç yaxınları ilə də vidalaşmağa qoymadılar. 

1938-ci il yanvarın 5-də SSRİ Ali Məhkəməsinin hərbi səhra kollegiyasının
20 dəqiqəlik məhkəmə iclası Mikayıl Müşfiqin barəsində güllələnmə qərarı verdi. Hökm bir neçə saatdan sonra –
yanvarın 6-na keçən gecə icra olundu.  Deyirlər ki, həyatının ən son
saatlarına qədər o, ölümünə inanmayıb. Həyat yoldaşı Dilbər xanım xatırlayır
ki, onların həbsxanada son görüşündə Müşfiq kədərli halda ölümqabağı hisslərini
gizlətməyə çalışaraq deyib: “Sən narahat olma. Əvvəl-axır, tez ya gec hər şey
aydınlaşacaq. Biləcəksiniz ki, bizim heç nədə təqsirimiz olmayıb…”. 

Təxminən 20 il keçəndən sonra ölkə şəxsiyyətə pərəstişin dəhşətindən özünə
gəldi və Azərbaycanın məşhur yazıçıları Mikayıl Müşfiqin işinə yenidən baxılması barədə müraciət etdilər. 1956-cı il mayın
23-də SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasının qərarına əsasən Mikayıl
Əbdülqədir oğlu İsmayılzadə bəraət qazanıb. 

Əlbəttə, repressiya tufanının apardığı yazıçı və şairlərdən heç kəs silahlı
üsyan hazırlamamışdı. Lakin böyük həqiqət ondadır ki, onlar Azərbaycan Xalq
Cümhuriyyətinin qısa dövründə azadlığın sevincini dadmışdılar və Vətənin
müstəqilliyini arzulayırdılar. Onların bu arzuları yarım əsrdən sonra həyata
keçdi. 

Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əllləşən   
Dostdan, aşinadan necə əl çəkim?                                                                      

Allah rəhmət eləsin.

Səidə SEYİD.