Bakirəliyi pozulan şəhər – Züleyxa NADİR yazır

Züleyxa NADİR,
xüsusi olaraq ONN üçün.

 Birinci
kursda oxuyurdum. Bir gün İçərişəhərdə kirayə qalan xalam qızını görməyə
getdim. Amma evi tapa bilmədim. Birinci dəfə bacımla getdiyim evə indi təkbaşına
yollanmışdım. Bütün İçərişəhəri axtardım, bu küçədən vurub o biri küçədən
çıxdım. Hara getdimsə qarşıma  oxşar qapılar
çıxdı.  Evlər hamısı bir-birinə bənzəyirdi,
daş  döşənmiş küçələri ayıra bilmirdim. Küçənin
sonunda  hündür qala divarı ilə
rastlaşırdım. Sanki labirintin içindəydim. Saatlarla dolaşdım. Ağlamağa
başladım. Əvvəlcə sakit, səssiz göz yaşı axıtdım, sonra hönkürdüm. Bir baxdım
ki, Qız Qalasının yanındayam. Dənizi görüb çox sevindim. Metronun Bakı soveti (
indiki İşərişəhər) stansiyasının yanından içəri girdiyim yol məni Xəzərin
sahilinə aparmışdı. Onda 1977-ci il idi…

                                                 
             ***

İçərişəhər… nağıl şəhər, gözəl şəhər, sevimli şəhər.  Azəbaycan tarixini, milli mədəniyyəti bu günə
daşıyıb gətirən şəhər. Əsrlərin ənənəsini  daş yaddaşına hopduran şəhər. Dəmir dövrünün
yadigarı, tunc dövrünün abidə şəhəri, müasir dövrün tarixi-memarlıq qoruğu olan
şəhər. Nəhayətdə bu sadaladıqlarım və hələ sadalamadığım çoxlu sayda məziyyətləri
ilə UNESCO-nun ümumdünya irsi siyahısına daxil edilmiş şəhər. Bir azərbaycanlı
olaraq səni çox sevirik, səninlə fəxr edirik, qürur yerimizsən. Amma nə
yazıqlar ki, bəzən sənə uzanan əlləri  geri
çəkə  bilmirik, gücsüz oluruq, acız
qalırıq.   

Dünyanın başqa xalqları belə bir abidəni canı-qanı
bahasına qoruyur, üstündə əsirlər. Keçmişini yaşadan,  qədim tarixini gələcəyə daşıyan obyekt kimi
baş tacı edirlər. Biz nə edirik? İçərişəhəri olduğu kimi qoruya bilirikmi? Onun
hər daşına, hər  küçəsinə xarici turistlər
kimi heyran ola bilirikmi? Yox. Biz ancaq nəfsimizi qoruyuruq, tamahımıza
heyran oluruq. İçərişəhəri pul ehtirasımıza, qazanc sevgimizə qurban veririk.
İçərişəhəri hər gün ev-ev, küçə-küçə, məhəllə-məhəllə, daş-daş “əridirik”. Bu
nağıl şəhəri satırıq. Bu gözəl şəhəri söküb eybəcərləşdiririk. Sevimli şəhərdən
üz döndəririk. Çünki biz qarnımız üçün yaşayırıq, qarnımızın yolunda da ölürük.

                                                   
         ***

Son günlərin 
İçərişəhər mövzusu ürəkdağlayan bir gündəmə çevrilib. İçərişəhərdə Qala
divarının yanında restoran tikilməsi insanların heysiyyatına toxunub. Sosial şəbəkələrdə
yayılan foto hər kəsdə qıcıq yaradıb. Pulu çox olan insanların qala divarlarına
əhəmiyyət  verməməsi, İçərişəhərin
tarixiliyini bərbad edəcək qədər vecsiz olması sadə vətəndaşların, ziyalıların
etirazına səbəb olub.

Kimsənin “gözün üstə qaşın var” deyə bilməyəcəyi adamların
harınlığına qəzəblənməmək olmur. Belələri insanlarla davranışını da pul kisəsindəki
pulların miqdarı ilə tənzimləyirlər. Onlardan ötrü İçərişəhər kimi tarixi abidə,
milli-mənəvi heysiyyat, ali dəyərlər xarici banklarda saxladıqları pullardan
aşağıda dayanır. Ona görə də qala divarını söküb yerində obyekt tikən adam etiraz
edənlərə əhəmiyyət vermir. Türk demiş, 
bu təpki ona vız gəlib, tırız gedir. Puluna güvənən adam İçərişəhərin əsrlərin
izini özündə yaşadan daşını, divarını, məhəlləsini ayağının altında əzir.

Bir yandan da xəbərin yanlış olduğu deyilir Həmin
fotonun illər öncə Qala divarı bərpa olunarkən çəkilən şəkil olduğu bildirilir.
Nə gözəl! Keşkə bu xəbər doğru olsun. Keşkə ortaya çıxan bu cür fotolar əsassız
olsun,  IP  yığan saytların “xəbəri” kimi gündəmə gəlsin.
Buna dözmək olar. Bəlkə bu piarda da bir hikmət var. Bəlkə belə əsassız
informasiyada bir mistika var. Bəlkə Tanrı bununla işarə verir ki, İçərişəhərin
dağıdılmasına son qoyulsun. Ki… oranı dəyişməyə çalışanlar Allahın qəzəbinə
tuş gəlməsinlər.

Amma gerçək olan, mistikadan-filandan uzaqda
dayanan son 20-25 ildə tarixiliyini restoranlara, kafelərə qurban verən İçərişəhərin
halına acımamaq olmur. Nə fərqi var bu gün sökmədilər, amma dünən, srağagün ki,
dağıdıblar.  İçərişəhəri ilmə-ilmə sökməyə
çalışanlar bu millətin düşmənləridi, xalqın qanına susayanlardı – istər azərbaycanlı
olsun, istərsə də xarici vətəndaş, istər bu gün olsun, istərsə də dünən. Bütün
hallarda İçərişəhəri məhv etmək vicdansızlıqdı, allahsızlıqdı. İçərişəhər
tarixin dolanbaclarından keçib gəlib. Özünün əzəmətini,  vüqarlı görünüşünü XX əsrə daşıyıb.

                                                             
***

Bu günlərdə Fransada Paris Notr-Dam kilsəsi yanıb
kül oldu. Fransızlarla yanaşı dünyanın başqa millətləri də fəlakətdən dolayı məyus
oldular. Belə bir tarixi abidə dünyanın harasında olmasından asılı olmayaraq mədəni
insanların diqqətini cəlb edir, onlarda maraq oyadır. Yanğının səhəri günü, hələ
külünün altında sönməmiş qor olacağı ehtimalını bildikləri halda,  kilsənin bərpası üçün fransız milyarderləri və
milyonçuları ianə toplamağa başladılar. Düşünürəm, təəccüb edirəm,  beynimdə səslənən sualdan can qurtara bilmirəm:
bizim milyarderlərin nəyi fransızlardan əskikdi, yaxud artıqdı? Hamımızın
bildiyi bir cavab var: bizimkilərin pul ehtirası, davranışlarındakı “millət necə
tarac olur-olsun nə işim var” elementi fransız həmkarlarının mərhəmətini, vətəndaşlıq
borcunu,  xalq, dövlət sevgisini üstələyir.
Bu, çox pisdi, həm də sonu olmayan bir istəkdi. Başa düşürük, kömək etmək üçün
mərhəmətin yoxdu, humanist hisslərdən məhrumsan, qanında xeyirxahlığın əlamətləri
görünmür. Heç olmasa olana toxunma, onu dəyişmə, zədələyib tarixiliyinə xələl gətirmə.
İçərişəhər  sənin qan yaddaşındı.
Yaddaşını korlama.

                                                   
***

İçərişəhər özündə nağıl gözəlliyini büruzə verirdi.
Amma bu gün  real eybəcərlik şəhərin
görüntüsünə təsir edir. Pul, çoxlu qazanc istəyinə qurban gedən İçərişəhər
ağlamalı günə qaldı. 40 il əvvəl mən İçərişəhərin küçələrində yolumu azanda fərasətsizliyimə
ağlamışdım, amma indi buradakı restoranlara, kafelərə, ən müasir otellərə baxıb
ağlayıram.

40 il əvvəl İçərişəhər oxşar doğulan ekizlər kimi
idi. Küçələr, evlər, darvazalar bir-birindən 
seçilmirdi. Bu bənzərlik göz oxşayırdı, adamın ürəyi açılırdı. Amma indi
hərəsi bir kişidən olan bic uşaqlar kimi cürbəcür,  fərqli görünüşü olan iaişə obyektləri adamın
ürəyini ağrıdır. 

İçərişəhər bakirə qız kimi idi. Amma illər öncə
onun bakirəliyini pozdular. Bakirəlik azərbaycanlılar üçün qeyrət, namus məsələsidi.

Namusumuzu itirməyək…