ONN MEDİA

CAVİD İSMAYIL: “TURAN ARAŞDIRMA MƏRKƏZİNİN ƏSAS MƏQSƏDİ, ÜMUMTÜRK TARİXİNƏ XİDMƏTDİR!”

CAVİD İSMAYIL: “TURAN ARAŞDIRMA MƏRKƏZİNİN ƏSAS MƏQSƏDİ, ÜMUMTÜRK TARİXİNƏ XİDMƏTDİR!”
31 Yanvar 2019 - 19:38


“Turan Araşdırma Mərkəzi” İB-nin sədr müavini, iqtisadçı alim, hüquqşunas Cavid İsmayılla söhbətimiz qloballaşan dünyamızda türk xalqları arasında əlaqələrin inkişaf etdirilməsindən oldu. Başqa məqamlardan da danışdıq.

       

– Sualımıza Turan Araşdırma Mərkəzinin fəaliyyətə başlaması tarixindən başlayardıq. Və fəaliyyətə ilk olaraq hansı tədbirlə başladınız?

– Öncə qeyd edim ki, Turan Araşdırma Mərkəzi (TAM) 2017-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək öz fəaliyyətinə 2018-ci ildən başlayan ictimai təşkilatdır. TAM-ın əsas məqsədi qloballaşan dünyamızda türk dövlətlərinin folklorunu və adət-ənənələrini, türk xalqlarının zəngin mədəniyyətini, qədim tarixi irsini, etnoqrafiyasını, ədəbiyyatını və ümumillikdə, bu sahələri dərindən öyrənmək, onu təbliğ etmək və türk xalqları arasında mədəni əlaqələrin inkişaf etdirilməsinə kömək etməkdən ibarətdir. Bunlarla yanaşı ümumtürk dünyasının tərkib hissəsi olan Azərbaycanın mədəniyyətinin, tarixinin və ədəbiyyatının təbliği də qarşıda duran əsas məqsəd kimi qoyulub.

Bu baxımdan elmi araşdırmalar aparmaq, müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil etmək, habelə ölkədə və xarici dövlətlərdə fəaliyyət göstərən müxtəlif qeyri-hökümət təşkilatlarla, regional və beynəlxalq qurumlarla əlaqə qurmaq və onlarla birlikdə layihələr həyata keçirmək vəzifələrini qarşıya qoymuşuq.

TAM ictimai-siyasi xadim, türkçü alim, professor Əjdər İsmayılovun təşəbbüsü ilə yaradılıb. Professorun bu istiqamətdə ciddi elmi araşdırmaları, əsərləri mövcuddur. Belə ki, türk dünyasının tanınmış ədəbiyyat simalarından biri olan Hüseyn Cavid irsinin hələ Sovetlər dönəmində öyrənilməsi, tədqiqi istiqamətində professor Əjdər İsmayılovun təqdirəlayiq araşdırmaları var. Eyni zamanda Əjdər müəllim “Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları”, “Moisey Xorenatsi anonim keşiş müəllifdir”, “Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir” və digər əsərlərin müəllifidir. Professor Əjdər İsmayılovun ABŞ Konqres Kitabxanasının elektron kataloquna daxil edilən əsərlərindən 2006-cı ildə nəşr edilmiş “Qədim Ön Asiya və Ön Qafqaz Türk tayfaları” (səh.800) və “Dünya romantizm ənənələri və Hüseyn Cavid” (ilk nəşr 1982-ci ildə “Yazıçı”, təkrar nəşr 2017-ci “Elm və təhsil” nəşriyyatı, səh.220) əsərləridə yer almışdır.

TAM yarandığı bir gündən qarşısına qoyduğu tədbirlərin həyata keçirilməsinə başlamışdır. 2018-ci ildə ilk olaraq Türkiyədə yaşayan həmyerlimiz, ictimai-siyasi xadim, tanınmış tarixçi, Türkiyədə ilk dəfə “Xocalı Soyqırımı” adlı dissertasiyaya elmi rəhbərlik etmiş türk dünyasının dəyərli ziyalısı professor Aygün Attarın “Erməniçilik müasir dövrün böyük problemi kimi” yeni əsərinin Azərbaycan oxucularına çatdırılması, onun müzakirəsinin təşkil etdirilməsi istiqamətində işlər görüldü. Aygün Attarın müəllifi olduğu bu kitabda 1830-cu ildən bu tərəfə cərəyan edən proseslər ayrı-ayrılıqda təhlil edilir və Zəngəzur, Göyçə və digər ərazilərimizdə törədilən qırğınlar barədə geniş məlumat verilir. Kitabda sovet dövründə baş verənlər ermənilərin azərbaycanlılara qarşı törətdikləri amansızlıqlar, insanlığa sığmayan hərəkətlər geniş təhlil edilib. Ermənilərin Azərbaycan ərazilərinə yerləşdirilməsi, onların müxtəlif illərdə azərbaycanlılara qarşı həyata keçirdikləri deportasiya və soyqırımlar geniş şəkildə oxuculara çatdırılır. Bundan başqa müasir dövrümüzdə törədilən 20 Yanvar faciəsi, Xocalı soyqırımı barədə məlumatlar verilir. Kitabda yaş yarımlıq şəhid balamız Zəhra ilə bağlı fikirlərin əks olunması bir ana harayıdır. Biz TAM olaraq düşündük ki, alimlərimiz, tədqiqatçılarımız, müəllimlərimiz, tələbələrimiz və bir sözlə Azərbaycan oxucuları bu mənbədən istifadə eləsin. Aygün Attarın əsəri kifayət qədər tarixi mənbəələrə istinad edilərək yazılmışdır və biz kitabın təqdimatını millət vəkilləri, ictimai-siyasi, elm, təhsil xadimlərinin, müəllim-tələbə və s. iştirakı ilə Beynəlxalq Mətbuat Mərkəzində keçirdik.

– Ötən il Azərbaycanda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illi ilə əlaqədar “Cümhuriyyət” ili elan edilmişdi. Mediadan da bizə məlumdur ki, Turan Araşdırma Mərkəzi də bununla bağlı silsilə tədbirlər keçirdi…

-Bəli, TAM olaraq biz də cümhuriyyətimizin 100 illiyi ilə bağlı bir sıra tədbirlərin həyata keçirilməsinə nail olduq. Əsas tədbirlərdən biri İstanbul Kültür Dərnəyi ilə birgə Bakıda Atatürk Mərkəzində Türkiyədən gələn 30 nəfərə yaxın əksəriyyəti alimlər, araşdırmaçılar, bir sözlə tanınmış ziyalıların iştirakı ilə elmi-praktik konfrans keçirildi.

Konfransdan öncə ilk olaraq iştirakçılarla birgə Fəxri Xiyabanda müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin, daha sonra Xiyabanda uyuyan bir sıra digər görkəmli insanlarımızın məzarlarını ziyarət etdik. Ziyarət çərçivəsində Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün abidəsini, qürur yerimiz olan Şəhidlər Xiyabanı və oradaca XX əsrdə Türkiyədən Azərbaycana qardaş harayına gələrək şəhid olan qardaşlarımızı birgə ziyarət etdik. Daha sonra beynəlxalq elmi-praktik konfransımız Atatürk Mərkəzində başladı. TAM tərəfindən tədbirdə mən daha sonra tarixi romanlar müəllifi, tanınmış yazıçı, publisist Yunus Oğuz, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova, professor Əhməd Qəşəmoğlu, “İstanbul – Azərbaycan Kültür Evi” dərnəyinin rəhbəri Hikmət Elp və bir sıra digər görkəmli alimlərin geniş məruzə və çıxışları oldu.

Tədbirdə Cümhuriyyətin yaradılması nəticəsində Azərbaycanın dünya xəritəsində bir reallığa çevrildiyini, Cümhuriyyətin XX əsrin əvvəllərində olduqca mürəkkəb beynəlxalq şəraitdə yarandığını, müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycanda yaradılmasının əhəmiyyəti vurğulandı. Tarixin ən çətin və mürəkkəb dövründə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin demokratik ənənələrə malik olması, ümumiyyətlə, Cümhuriyyətin yaranması tarixinin bir hadisə olduğu haqda geniş tarixi məlumatlar verildi. Eyni zamanda, konfrans iştirakçılarına Azərbaycanın tarixi keçmişini, milli-mədəni dəyərlərimizi tanıtmaq baxımından Milli Azərbaycan Tarix Muzeyinə, Qobustan dövlət tarixi-bədii qoruğuna, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna, dahi şair-dramaturq Hüseyn Cavidin ev müzeyinə ekskursiyalar təşkil edildi. Bununla yanaşı Azərbaycanda gedən iqtisadi inkişafı ilə yaxından tanış etmək məqsədilə bəzi bölgələrə  səfərlər edildi.

– Cavid müəllim, regionlardan söz düşmüşkən, 2018-ci ildə regionlarda tədbirləriniz oldumu, oldusa bu barədə nə deyə bilərsiniz?

– Bəli, regionlarda bir sıra geniş tədbirlərimiz oldu. Qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ildə elan etdiyi qrant müsabiqəsində TAM-ın qalib gəlmiş “Tarixini unutma!” adlı tədbirlərin keçirilməsi layihəsi çərçivəsində, 200 ildən artıq bir zaman kəsiyində ermənilərin əli ilə müxtəlif xalqlar tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırım hadisələri o, cümlədən XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindən birinin azərbaycanlıların düşünülmüş, məqsədli olaraq kütləvi surətdə soyqırıma, terrora, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınmasının vətəndaşlarımızın nəzərinə bir daha çatdırmaq idi.

Layihə çərçivəsində ilk tədbirimiz, Gəncə şəhərində “Qafqaz İslam Ordusu və Gəncə” mövzusunda Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) TAM-ın sədri professor Əjdər İsmayılov, ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Türkiyə Respublikasının Gəncədəki Baş konsulu Zəki Öztürk, Mərkəzin idarə heyətinin üzvü, AMEA-nın Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri Qasım Hacıyev və Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü, memarlıq üzrə fəlsəfə doktoru, dosent Rizvan Qarabağlı və Gəncə ictimaiyyətinin nümayəndələri, professor, müəllim və tələbələrin iştirakı ilə geniş tədbir baş tutdu.

İkinci tədbirimiz, Şamaxı rayonunda iki hissədən ibarət olaraq baş tutdu. İlk tədbirimiz, görkəmli türk sərkərdəsi Nuru Paşanın komandanlığı ilə Bakının erməni-bolşevik işğalından azad edilməsindən 100 il ötdüyü bir dönəmdə, Qafqaz İslam Ordusunun Azərbaycan Xalq Cümhuriyyətinin yeni yaranmaqda olan milli ordusu ilə birlikdə Qarabağda, eləcə də digər bölgələrdə apardığı xilaskarlıq missiyasında verdiyi şəhidləri və Azərbaycana qardaş harayına gələn şanlı Osmanlı əsgərlərinin döyüşlərdə qəhrəmancasına həlak olan əsgər və zabitlərin xatirəsini heç vaxt unutmadığı və daim əziz tutulduğunun davamı olaraq Şamaxı-Bakı magistral yolunun kənarında, Qobustan rayonunun Acıdərə adlanan ərazisində uyuyan şəhid türk əsgərinin məzarını ziyarət edərək elə o abidə önündə oldu. Saha sonrakı tədbir Şamaxı Təhsil Şöbəsinin akt zalında keçirildi. Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Tünzalə Yusifova, təhsil ocağının professor, müəllim, tələbə və eyni zamanda orta məktəb müəllimləri, Şamaxı ictimaiyyətinin nümayəndələri iştirak edirdi. TAM tərəfindən isə, mən, “Olaylar” İnformasiya Agentliyinin təsisçisi və baş direktoru, tarixi romanların müəllifi, tanınmış yazıçı-publisist, TAM idarə heyətinin üzvü Yunus Oğuz, AMEA-nın şöbə müdiri, filologiya elmləri doktoru, yazıçı, şair-dramaturq Nizami Muradoğlu, TAM-ın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bilman Allahverdiyev və b. iştirak edirdi.

Layihə daxili regionda son tədbirimiz Quba rayonunda baş tutdu. Qubada da tədbirimiz iki hissədən ibarət baş tutdu. İlk tədbir 100 il bundan əvvəl erməni quldurlarının insanlarımızı kütləvi qətl etdiyi məkanda – Quba Soyqırım Memorial Kompleksində, ikinci tədbir isə Quba rayon Tarix Diyarşunaslıq muzeyində oldu. Tədbirdə mənimlə bərabər TAM tərəfindən sosioloq, professor Əhməd Qəşəmoğlu, tanınmış jurnalist Kamil Məhərrəmoğlunun iştirakı ilə yanaşı Quba rayonu icra hakimiyyətinin nümayəndəsi Aynur Yəhyayeva və əsasən gənclərdən ibarət olaraq müxtəlif peşə sahibləri, müəllim, tələbə və s. iştirak edirdi.

Layihənin sonu olaraq isə Bakı şəhərində Azərbaycan Dövlət Pedoqoji Universitetində yekun tədbirkeçirildi. Bu tədbirdə də mənimlə birgə idarə heyətimizin üzvləri tanınmış yazıçı-publisist Yunus Oğuz, professor Qasım Hacıyev, professor Əhməd Qəşəmoğlu və Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyindən ikinci katib Tuba Uzərdə iştirak edirdi.   

– Cavid müəllim niyə məhs “Tarixini unutma!”? Və mövzu ilə bağlı əyani vəsaitlər hazırlanmışdımı?

– Ümummilli lider Heydər Əliyevin elə yerinə düşən bir sözünü xatırladım – “Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrə və onların məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir”. Bu sözlər müasir Azərbaycanımızın qurucusu olan ulu öndərin bizlərə bir nəsihətidir. Əfsuslar olsun ki, bizlər unutqanıq. Elə bizlər unutduqca tarixən davamlı olaraq zaman fərqliliyi ilə eyni müsibətlərə düçar qalmışıq. Bu baxımda layihəmizə “Tarixini unutma!” adı verdik və tədbirin regional marşrutunu həmin qanlı-qadalı “yolun” izi ilə apardıq.

Bütün tədbir iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə hazırlanmış xüsusi film və nəfs şəkildə buklet hazırlanmışdı. Filmdə elmi araşdırmalar beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorunun tarixinin 100 ildən çox olduğunu, Ermənistan dövlətinin və erməni diasporunun maliyyə və təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı apardığı terror müharibəsi barədə geniş məlumat verilir. Bütün tədbir iştirakçılarına xüsusi hazırlanmış bukletlər və təqdim edilmiş film elektron daşıyıcılar da paylanıldı.

– Tədbirlərinizi mütamadi olaraq mediadan, sosial şəbəkələrdən izləmək mümkün idi. Bu istiqmətdə nə deyə bilərsiniz?

– TAM-ın profesionallardan ibarət KİV və ictimaiyyətlə əlaqələr şöbəsi fəaliyyət göstərir. Ümumiyyətlə, TAM-da aparılan bütün işlər əvvəlcədən planlaşdırılır və hər bir şöbə üzərinə düşən işi tam keyfiyyətlə həyata keçirirlər. Bu baxımdan 2018-ci ildə də bütün proseslərin daha geniş radiusda insanlarımıza çatdırılması üçün KİV-lərlə düzgün, məqsədyönlü iş aparılmışdı. Elə bu işin nəticəsi olaraq bildirmək istəyirəm ki, bütün tədbirlərimiz, fəliyyət planına uyğun olaraq Respublikanın aparıcı televiziyalarında, informasiya vasitələri – KİV-də, sosial şəbəkələrdə, “Facebook” səhifəsində, “Youtube” kanalında öz fəaliyyəti barədə mütəmadi geniş məlumat verildi. Baxış sayı və rəylər əldə olunan nailliyyətləri göstərdi.

Yeri gəlmişgən əziyyəti, zəhməti olan bütün KİV nümayəndələrinə, dəyərli dostlarımıza tədbirlərimizi işıqlandırdıqları üçün təşəkkürümü bildirirəm.

– Söhbət KİVlərdən düşmüşgən, Respublikadan kənarda olan KİV-lərlə əlaqə yarada bilmisinizmi?

– Bizim əsas məqsədlərimizdən biridə dünya KİVləri ilə mümkün əlaqələrin yaradılmasıdır. Dünya mediasına çıxmaq bildiyiniz kimi, o qədər də asan deyil. Hələ məsələ Türkçülükdən gedirsə bu məsələ daha da çətinləşir. Eyni zamanda bu istiqamətdə də müəyyən işlərə başlanılıb. Bizim qardaş Türkiyə və Pakistan dövlətlərində fəaliyyət göstərən bəzi informasiya vasitələri ilə əlaqə yarada bilmişik. Və bir sıra mühüm elmi məqalələrimiz yuxarıda göstərilən qardaş ölkələrin oxucularına çatdırılmışdı.

Ümumiyyətlə nəinki KİVlər eyni zamanda əsas qarşıya qoyduğumuz məqsədlərdən biri də, Respublikadan kənarda müəyyən tədbirlərdə iştirak etmək, Türk tarixi, mədəniyyəti və s., eyni zamanda erməni saxtakarlığını mümkün vasitələrlə dünya oxucularına çatdırmaqdı.

Elə buna misal kimi, 2018-ci il may ayında Rusya Federasiyasında, Qaraçay-Cərkəz Respublikasında Qaraçayların dirçəliş günü olan 3 mayda onlarla biryerdə keçirdik.

Eyni zamanda 2018-ci ildə  TAM–ın sədri professor Əjdər İsmayılovun erməni yalanların ifşası məqsədilə Türkiyədə “Doğu Kütüphanesi”nin nəşriyyatında “Erməni xalqının saxta “tarixi” üç türk dövlətinin (Biaini, Arme, Part/Parfya) mifoloji və filoloji tarixidir” seriyasından erməni “tarixşünaslığı”nın şah damarını kəsən əsəri, “Moisey Xorenatsi anonim keşiş müəllifdir” adlı kitabı anadolu türkçəsində “Sahte ermeni tarihi ve sahte keşiş yazar Movses Horenatsi” adı ilə çap edildi.

 2018 ci ildə TAM-ın saytınıda qurmusunuz. Bu barədə nə demək istərdiniz?

– Türk dünyasının mədəniyyətinin, tarixinin, ədəbiyyatının, etnoqrafiyasının və digər sahələrinin öyrənilməsi, təbliğ edilməsi məqsədi ilə Turan Araşdırma Mərkəzinin saytı  fəaliyyətə başlayıb. Saytımızda bütün türk coğrafiyasını əhatə edən məlumatları təqdim edirik. Saytımızda tarixi türk dövlətləri və bu gün faktiki olan müstəqil türk dövlətləri, muxtar respublika, vilayət və ümumiyyətlə, bütün türk xalqlarını əhatə edəcək məlumatların yerləşdirilməsini nəzərdə tutmuşuq. Bir növü insanlara ensiklopedik məlumatların da təqdim edilməsini nəzərdə tutmuşuq. Hətta gələcəkdə palanlaşdırmışıq ki, hər bir türk etnosu məqalələrini öz dillərində təqdim edə biləcəklər.

– Çağdaş dövrümüzdə Turan Araşdırma Mərkəzi kimi bir beyin mərkəzinin yaranması zamanın zəruri tələblərindən biridir. Bu baxımdan türk dövlətləri, bir sözlə türk dünyası ilə Turan Araşdırma Mərkəzinin əlaqələrindən danışardınız.

– Bu sualı çox yaxşı vurğuladınız. Turan Araşdırma Mərkəzinin başlıca məqsədlərindən biri türk dövlətlərində düşünən beyinlər arasında əlaqələrin yaradılmasıdır. Təbii ki, biz ictimai təşkilatıq deyə bu işləri görməyə vəsait tələb edilir, amma daxili imkanlarımız çərçivəsində bu əlaqələrin yaradılmasına çalışırıq. Qeyd edim ki, türk dünyası ilə əlaqələrin qurulmasında müəyyən addımlar atılır, amma bu bizi hələ tam qane etmir. Əsasən əlaqələrimiz Türkiyə və Orta Asiya dövlətləri arasındadır. Gələcəkdə bu əlaqələrin vahid istiqamətdən geniş bir şəkildə yaradılmasına nail olunacağına əminik. Lakin tam şəkildə buna nail olmaq üçün maliyyə lazımdır.

– 2018-ci ili necə qiymətləndirirsiniz və 2019-da nələri planlaşdırırsınız?

– 2018-ci ildə qarşımıza qoyduğumuz məqsədləri həyata keçirmişik. Lakin 2019-cu ilin ilk 6 ayında hansı tədbirlərin həyata keçirilməsi qarşımıza bir məqsəd kimi qoyulub və artıq bununla bağlı müvafiq işlərin görülməsinə başlanılıb.

 



Söhbəti qələmə aldı: Mahmud Əyyublu
ONN informasiya agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP