CAVİD İSMAYIL: “TURAN ARAŞDIRMA MƏRKƏZİNİN ƏSAS MƏQSƏDİ, ÜMUMTÜRK TARİXİNƏ XİDMƏTDİR!”

“Turan Araşdırma Mərkəzi” İB-nin sədr müavini, iqtisadçı alim, hüquqşunas Cavid İsmayılla söhbətimiz qloballaşan dünyamızda türk xalqları arasında əlaqələrin inkişaf etdirilməsindən oldu. Başqa məqamlardan da danışdıq.

       


Sualımıza Turan Araşdırma Mərkəzinin fəaliyyətə başlaması tarixindən
başlayardıq. Və fəaliyyətə ilk olaraq hansı tədbirlə başladınız?

– Öncə qeyd edim ki, Turan Araşdırma Mərkəzi (TAM) 2017-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək öz fəaliyyətinə 2018-ci ildən başlayan ictimai təşkilatdır. TAM-ın əsas məqsədi qloballaşan dünyamızda türk dövlətlərinin folklorunu və adət-ənənələrini, türk xalqlarının zəngin mədəniyyətini, qədim tarixi irsini, etnoqrafiyasını, ədəbiyyatını və ümumillikdə, bu sahələri dərindən öyrənmək, onu təbliğ etmək və türk xalqları arasında mədəni əlaqələrin inkişaf etdirilməsinə kömək etməkdən ibarətdir. Bunlarla yanaşı ümumtürk dünyasının tərkib hissəsi olan Azərbaycanın mədəniyyətinin, tarixinin və ədəbiyyatının təbliği də qarşıda duran əsas məqsəd kimi qoyulub.

Bu baxımdan elmi araşdırmalar aparmaq, müxtəlif
kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil etmək, habelə
ölkədə və xarici dövlətlərdə fəaliyyət göstərən müxtəlif qeyri-hökümət
təşkilatlarla, regional və beynəlxalq qurumlarla əlaqə qurmaq və onlarla
birlikdə layihələr həyata keçirmək vəzifələrini qarşıya qoymuşuq.

TAM
ictimai-siyasi xadim, türkçü alim, professor Əjdər İsmayılovun təşəbbüsü ilə
yaradılıb. Professorun bu istiqamətdə ciddi elmi araşdırmaları, əsərləri
mövcuddur. Belə ki, türk dünyasının tanınmış ədəbiyyat simalarından biri olan
Hüseyn Cavid irsinin hələ Sovetlər dönəmində öyrənilməsi, tədqiqi istiqamətində
professor Əjdər İsmayılovun təqdirəlayiq araşdırmaları var. Eyni zamanda Əjdər
müəllim “Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları”, “Moisey
Xorenatsi anonim keşiş müəllifdir”, “Mesrop Maştos əlifba ixtiraçısı
deyil, fırıldaqçı anonim keşişdir” və digər əsərlərin müəllifidir.
Professor Əjdər İsmayılovun ABŞ Konqres Kitabxanasının elektron kataloquna
daxil edilən əsərlərindən 2006-cı ildə nəşr edilmiş “Qədim Ön Asiya və Ön
Qafqaz Türk tayfaları” (səh.800) və “Dünya romantizm ənənələri və Hüseyn
Cavid” (ilk nəşr 1982-ci ildə “Yazıçı”, təkrar nəşr 2017-ci “Elm və təhsil”
nəşriyyatı, səh.220) əsərləridə yer almışdır.

TAM yarandığı
bir gündən qarşısına qoyduğu tədbirlərin həyata keçirilməsinə başlamışdır.
2018-ci ildə ilk olaraq Türkiyədə yaşayan həmyerlimiz, ictimai-siyasi xadim,
tanınmış tarixçi, Türkiyədə ilk dəfə “Xocalı Soyqırımı” adlı
dissertasiyaya elmi rəhbərlik etmiş türk dünyasının dəyərli ziyalısı professor
Aygün Attarın “Erməniçilik müasir dövrün böyük problemi kimi” yeni
əsərinin Azərbaycan oxucularına çatdırılması, onun müzakirəsinin təşkil etdirilməsi
istiqamətində işlər görüldü. Aygün Attarın
müəllifi olduğu bu kitabda 1830-cu ildən bu tərəfə cərəyan edən proseslər
ayrı-ayrılıqda təhlil edilir və Zəngəzur, Göyçə və digər ərazilərimizdə
törədilən qırğınlar barədə geniş məlumat verilir. Kitabda sovet dövründə baş
verənlər ermənilərin azərbaycanlılara qarşı törətdikləri amansızlıqlar,
insanlığa sığmayan hərəkətlər geniş təhlil edilib. Ermənilərin Azərbaycan
ərazilərinə yerləşdirilməsi, onların müxtəlif illərdə azərbaycanlılara qarşı
həyata keçirdikləri deportasiya və soyqırımlar geniş şəkildə oxuculara
çatdırılır. Bundan başqa müasir dövrümüzdə törədilən 20 Yanvar faciəsi, Xocalı
soyqırımı barədə məlumatlar verilir. Kitabda
yaş yarımlıq şəhid balamız Zəhra ilə bağlı fikirlərin əks olunması bir ana
harayıdır. Biz TAM olaraq düşündük ki, alimlərimiz,
tədqiqatçılarımız, müəllimlərimiz, tələbələrimiz və bir sözlə Azərbaycan
oxucuları bu mənbədən istifadə eləsin. Aygün Attarın əsəri kifayət qədər tarixi
mənbəələrə istinad edilərək yazılmışdır və biz kitabın təqdimatını millət
vəkilləri, ictimai-siyasi, elm, təhsil xadimlərinin, müəllim-tələbə və s.
iştirakı ilə Beynəlxalq Mətbuat Mərkəzində keçirdik.


Ötən il Azərbaycanda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illi ilə
əlaqədar “Cümhuriyyət” ili elan edilmişdi. Mediadan da bizə məlumdur ki, Turan
Araşdırma Mərkəzi də bununla bağlı silsilə tədbirlər keçirdi…

-Bəli, TAM
olaraq biz də cümhuriyyətimizin 100 illiyi ilə bağlı bir sıra tədbirlərin
həyata keçirilməsinə nail olduq. Əsas tədbirlərdən biri İstanbul Kültür Dərnəyi
ilə birgə Bakıda Atatürk Mərkəzində Türkiyədən gələn 30 nəfərə yaxın
əksəriyyəti alimlər, araşdırmaçılar, bir sözlə tanınmış ziyalıların iştirakı
ilə elmi-praktik konfrans keçirildi.

Konfransdan öncə ilk olaraq
iştirakçılarla birgə Fəxri Xiyabanda müasir Azərbaycanın qurucusu, ümummilli
lider Heydər Əliyevin, daha sonra Xiyabanda uyuyan bir sıra digər görkəmli
insanlarımızın məzarlarını ziyarət etdik. Ziyarət çərçivəsində Türkiyə
Respublikasının qurucusu Mustafa Kamal Atatürkün abidəsini, qürur yerimiz olan
Şəhidlər Xiyabanı və oradaca XX əsrdə Türkiyədən Azərbaycana qardaş harayına
gələrək şəhid olan qardaşlarımızı birgə ziyarət etdik. Daha sonra beynəlxalq
elmi-praktik konfransımız Atatürk Mərkəzində başladı. TAM tərəfindən tədbirdə
mən daha sonra tarixi romanlar müəllifi, tanınmış yazıçı, publisist Yunus Oğuz,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
kafedra müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova,
professor Əhməd Qəşəmoğlu, “İstanbul – Azərbaycan Kültür Evi”
dərnəyinin rəhbəri Hikmət Elp və bir sıra digər görkəmli alimlərin geniş məruzə
və çıxışları oldu.

Tədbirdə Cümhuriyyətin
yaradılması nəticəsində Azərbaycanın dünya xəritəsində bir reallığa
çevrildiyini, Cümhuriyyətin XX əsrin əvvəllərində olduqca mürəkkəb beynəlxalq
şəraitdə yarandığını, müsəlman Şərqində ilk demokratik respublikanın məhz
Azərbaycanda yaradılmasının əhəmiyyəti vurğulandı. Tarixin ən çətin və mürəkkəb
dövründə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin demokratik ənənələrə malik
olması, ümumiyyətlə, Cümhuriyyətin yaranması tarixinin bir hadisə olduğu haqda
geniş tarixi məlumatlar verildi. Eyni zamanda, konfrans iştirakçılarına
Azərbaycanın tarixi keçmişini, milli-mədəni dəyərlərimizi tanıtmaq baxımından
Milli Azərbaycan Tarix Muzeyinə, Qobustan dövlət tarixi-bədii qoruğuna,
“Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna, dahi şair-dramaturq
Hüseyn Cavidin ev müzeyinə ekskursiyalar təşkil edildi. Bununla yanaşı
Azərbaycanda gedən iqtisadi inkişafı ilə yaxından tanış etmək məqsədilə bəzi
bölgələrə  səfərlər edildi.


Cavid müəllim, regionlardan söz düşmüşkən, 2018-ci ildə regionlarda
tədbirləriniz oldumu, oldusa bu barədə nə deyə bilərsiniz?

– Bəli, regionlarda bir sıra geniş tədbirlərimiz
oldu. Qeyd edim ki, Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının 2018-ci ildə elan etdiyi qrant müsabiqəsində TAM-ın qalib gəlmiş
“Tarixini unutma!” adlı tədbirlərin keçirilməsi layihəsi
çərçivəsində, 200 ildən artıq bir zaman kəsiyində ermənilərin əli
ilə müxtəlif xalqlar tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən
soyqırım hadisələri o, cümlədən XX əsr tarixinin ən faciəli və dəhşətli
səhifələrindən birinin azərbaycanlıların düşünülmüş, məqsədli olaraq kütləvi
surətdə soyqırıma, terrora, repressiyalara məruz qalması, doğma yurdlarından
sürgün edilməsi və didərgin salınmasının vətəndaşlarımızın nəzərinə bir daha
çatdırmaq idi.

Layihə çərçivəsində ilk tədbirimiz, Gəncə
şəhərində “Qafqaz İslam Ordusu və Gəncə” mövzusunda Azərbaycan
Dövlət Aqrar Universitetində (ADAU) TAM-ın sədri professor Əjdər İsmayılov,
ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Türkiyə
Respublikasının Gəncədəki Baş konsulu Zəki Öztürk, Mərkəzin idarə heyətinin
üzvü, AMEA-nın Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri
Qasım Hacıyev və Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü,
memarlıq üzrə fəlsəfə doktoru, dosent Rizvan Qarabağlı və Gəncə ictimaiyyətinin
nümayəndələri, professor, müəllim və tələbələrin iştirakı ilə geniş tədbir baş
tutdu.

İkinci tədbirimiz, Şamaxı rayonunda iki hissədən
ibarət olaraq baş tutdu. İlk tədbirimiz, görkəmli türk sərkərdəsi Nuru Paşanın
komandanlığı ilə Bakının erməni-bolşevik işğalından azad edilməsindən 100 il
ötdüyü bir dönəmdə, Qafqaz İslam Ordusunun Azərbaycan Xalq Cümhuriyyətinin yeni
yaranmaqda olan milli ordusu ilə birlikdə Qarabağda, eləcə də digər bölgələrdə
apardığı xilaskarlıq missiyasında verdiyi şəhidləri və Azərbaycana qardaş
harayına gələn şanlı Osmanlı əsgərlərinin döyüşlərdə qəhrəmancasına həlak olan
əsgər və zabitlərin xatirəsini heç vaxt unutmadığı və daim əziz tutulduğunun davamı
olaraq Şamaxı-Bakı magistral yolunun kənarında, Qobustan rayonunun Acıdərə
adlanan ərazisində uyuyan şəhid türk əsgərinin məzarını ziyarət edərək elə o
abidə önündə oldu. Saha sonrakı tədbir Şamaxı Təhsil Şöbəsinin akt zalında
keçirildi. Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı
filialının direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Tünzalə Yusifova,
təhsil ocağının professor, müəllim, tələbə və eyni zamanda orta məktəb
müəllimləri, Şamaxı ictimaiyyətinin nümayəndələri iştirak edirdi. TAM
tərəfindən isə, mən, “Olaylar” İnformasiya Agentliyinin təsisçisi və
baş direktoru, tarixi romanların müəllifi, tanınmış yazıçı-publisist, TAM idarə
heyətinin üzvü Yunus Oğuz, AMEA-nın şöbə
müdiri, filologiya elmləri doktoru, yazıçı, şair-dramaturq Nizami Muradoğlu,
TAM-ın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bilman Allahverdiyev
və b. iştirak edirdi.

Layihə daxili regionda son
tədbirimiz Quba rayonunda baş tutdu. Qubada da tədbirimiz iki hissədən ibarət
baş tutdu. İlk tədbir 100 il bundan əvvəl erməni
quldurlarının insanlarımızı kütləvi qətl etdiyi məkanda – Quba Soyqırım
Memorial Kompleksində, ikinci tədbir isə Quba
rayon Tarix Diyarşunaslıq muzeyində oldu. Tədbirdə mənimlə bərabər TAM
tərəfindən sosioloq, professor Əhməd Qəşəmoğlu, tanınmış jurnalist
Kamil Məhərrəmoğlunun iştirakı ilə yanaşı Quba
rayonu icra hakimiyyətinin nümayəndəsi Aynur Yəhyayeva və əsasən gənclərdən
ibarət olaraq müxtəlif peşə sahibləri, müəllim, tələbə və s. iştirak edirdi.

Layihənin sonu olaraq isə Bakı şəhərində Azərbaycan Dövlət Pedoqoji Universitetində yekun tədbirkeçirildi. Bu tədbirdə də mənimlə birgə idarə heyətimizin üzvləri tanınmış yazıçı-publisist Yunus Oğuz, professor Qasım Hacıyev, professor Əhməd Qəşəmoğlu və Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyindən ikinci katib Tuba Uzərdə iştirak edirdi.   

– Cavid müəllim niyə məhs “Tarixini
unutma!”? Və mövzu ilə bağlı əyani vəsaitlər hazırlanmışdımı?

– Ümummilli lider Heydər Əliyevin elə yerinə düşən
bir sözünü xatırladım – “Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha
başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır
cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrə və onların məkrli
niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir”. Bu
sözlər müasir Azərbaycanımızın qurucusu olan ulu öndərin bizlərə bir
nəsihətidir. Əfsuslar olsun ki, bizlər unutqanıq. Elə bizlər unutduqca tarixən
davamlı olaraq zaman fərqliliyi ilə eyni müsibətlərə düçar qalmışıq. Bu baxımda
layihəmizə “Tarixini unutma!” adı verdik və tədbirin regional marşrutunu həmin
qanlı-qadalı “yolun” izi ilə apardıq.

Bütün tədbir iştirakçılarına Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının maliyyə dəstəyilə hazırlanmış xüsusi film və nəfs şəkildə buklet
hazırlanmışdı. Filmdə elmi
araşdırmalar beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorunun
tarixinin 100 ildən çox olduğunu, Ermənistan dövlətinin və erməni diasporunun
maliyyə və təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət
göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı apardığı terror
müharibəsi barədə geniş məlumat verilir. Bütün tədbir iştirakçılarına xüsusi hazırlanmış
bukletlər və təqdim edilmiş film elektron daşıyıcılar da paylanıldı.

– Tədbirlərinizi mütamadi olaraq
mediadan, sosial şəbəkələrdən izləmək mümkün idi. Bu istiqmətdə nə deyə
bilərsiniz?

– TAM-ın
profesionallardan ibarət KİV və ictimaiyyətlə əlaqələr şöbəsi fəaliyyət
göstərir. Ümumiyyətlə, TAM-da aparılan bütün işlər əvvəlcədən planlaşdırılır və
hər bir şöbə üzərinə düşən işi tam keyfiyyətlə həyata keçirirlər. Bu baxımdan
2018-ci ildə də bütün proseslərin daha geniş radiusda insanlarımıza
çatdırılması üçün KİV-lərlə düzgün, məqsədyönlü iş aparılmışdı. Elə bu işin
nəticəsi olaraq bildirmək istəyirəm ki, bütün tədbirlərimiz, fəliyyət planına
uyğun olaraq Respublikanın aparıcı televiziyalarında, informasiya vasitələri –
KİV-də, sosial şəbəkələrdə, “Facebook” səhifəsində, “Youtube” kanalında öz
fəaliyyəti barədə mütəmadi geniş məlumat verildi. Baxış sayı və rəylər əldə
olunan nailliyyətləri göstərdi.

Yeri gəlmişgən
əziyyəti, zəhməti olan bütün KİV nümayəndələrinə, dəyərli dostlarımıza
tədbirlərimizi işıqlandırdıqları üçün təşəkkürümü bildirirəm.


Söhbət KİVlərdən düşmüşgən, Respublikadan kənarda olan KİV-lərlə əlaqə yarada
bilmisinizmi?

– Bizim əsas
məqsədlərimizdən biridə dünya KİVləri ilə mümkün əlaqələrin yaradılmasıdır.
Dünya mediasına çıxmaq bildiyiniz kimi, o qədər də asan deyil. Hələ məsələ
Türkçülükdən gedirsə bu məsələ daha da çətinləşir. Eyni zamanda bu istiqamətdə
də müəyyən işlərə başlanılıb. Bizim qardaş Türkiyə və Pakistan dövlətlərində
fəaliyyət göstərən bəzi informasiya vasitələri ilə əlaqə yarada bilmişik. Və
bir sıra mühüm elmi məqalələrimiz yuxarıda göstərilən qardaş ölkələrin
oxucularına çatdırılmışdı.

Ümumiyyətlə
nəinki KİVlər eyni zamanda əsas qarşıya qoyduğumuz məqsədlərdən biri də,
Respublikadan kənarda müəyyən tədbirlərdə iştirak etmək, Türk tarixi,
mədəniyyəti və s., eyni zamanda erməni saxtakarlığını mümkün vasitələrlə dünya
oxucularına çatdırmaqdı.

Elə buna misal
kimi, 2018-ci il may ayında Rusya Federasiyasında, Qaraçay-Cərkəz Respublikasında Qaraçayların
dirçəliş günü olan 3 mayda onlarla biryerdə keçirdik.

Eyni
zamanda 2018-ci ildə  TAM–ın sədri professor Əjdər İsmayılovun erməni
yalanların ifşası məqsədilə Türkiyədə “Doğu Kütüphanesi”nin nəşriyyatında
“Erməni xalqının saxta “tarixi” üç türk dövlətinin (Biaini, Arme, Part/Parfya)
mifoloji və filoloji tarixidir” seriyasından erməni “tarixşünaslığı”nın şah
damarını kəsən əsəri, “Moisey Xorenatsi anonim keşiş müəllifdir” adlı kitabı
anadolu türkçəsində “Sahte ermeni tarihi ve sahte keşiş yazar Movses Horenatsi”
adı ilə çap edildi.

 2018
ci ildə TAM-ın saytınıda qurmusunuz. Bu barədə nə demək istərdiniz?

– Türk dünyasının mədəniyyətinin, tarixinin, ədəbiyyatının, etnoqrafiyasının və digər sahələrinin öyrənilməsi, təbliğ edilməsi məqsədi ilə Turan Araşdırma Mərkəzinin saytı  fəaliyyətə başlayıb. Saytımızda bütün türk coğrafiyasını əhatə edən məlumatları təqdim edirik. Saytımızda tarixi türk dövlətləri və bu gün faktiki olan müstəqil türk dövlətləri, muxtar respublika, vilayət və ümumiyyətlə, bütün türk xalqlarını əhatə edəcək məlumatların yerləşdirilməsini nəzərdə tutmuşuq. Bir növü insanlara ensiklopedik məlumatların da təqdim edilməsini nəzərdə tutmuşuq. Hətta gələcəkdə palanlaşdırmışıq ki, hər bir türk etnosu məqalələrini öz dillərində təqdim edə biləcəklər.


Çağdaş dövrümüzdə Turan Araşdırma Mərkəzi kimi bir beyin mərkəzinin yaranması
zamanın zəruri tələblərindən biridir. Bu baxımdan türk dövlətləri, bir sözlə
türk dünyası ilə Turan Araşdırma Mərkəzinin əlaqələrindən danışardınız.

– Bu sualı çox
yaxşı vurğuladınız. Turan Araşdırma Mərkəzinin başlıca məqsədlərindən biri türk
dövlətlərində düşünən beyinlər arasında əlaqələrin yaradılmasıdır. Təbii ki,
biz ictimai təşkilatıq deyə bu işləri görməyə vəsait tələb edilir, amma daxili
imkanlarımız çərçivəsində bu əlaqələrin yaradılmasına çalışırıq. Qeyd edim ki,
türk dünyası ilə əlaqələrin qurulmasında müəyyən addımlar atılır, amma bu bizi
hələ tam qane etmir. Əsasən əlaqələrimiz Türkiyə və Orta Asiya dövlətləri
arasındadır. Gələcəkdə bu əlaqələrin vahid istiqamətdən geniş bir şəkildə
yaradılmasına nail olunacağına əminik. Lakin tam şəkildə buna nail olmaq üçün
maliyyə lazımdır.

– 2018-ci ili
necə qiymətləndirirsiniz və 2019-da nələri planlaşdırırsınız?

– 2018-ci ildə
qarşımıza qoyduğumuz məqsədləri həyata keçirmişik. Lakin 2019-cu ilin ilk 6
ayında hansı tədbirlərin həyata keçirilməsi qarşımıza bir məqsəd kimi qoyulub
və artıq bununla bağlı müvafiq işlərin görülməsinə başlanılıb.

 

Söhbəti qələmə aldı: Mahmud Əyyublu