ONN İnformasiya Agentliyi

Fuad ABBASOV tək deyil – Cavid İSMAYIL yazır

Fuad ABBASOV tək deyil – Cavid İSMAYIL yazır
22 May 2019 - 18:03

Cavid İSMAYIL, xüsusi olaraq ONN media üçün.

Mənim Fuad Abbasovla şəxsi tanışlığım yoxdur. Amma qısa zaman kəsiyində Fuadın Azərbaycan və Türkiyənin haqq naminə maraqlarının ermənilərin qaynaşdığı bir ortamda, Rusiyada dəfələrlə müdafiəsinin apardığının media və sosial şəbəkə üzərindən şahidi oldum. Eyni zamanda arvadı erməni, qızını erməniyə verən bir diaspora rəhbəri ilə haqlı insidentini də yaxşı xatırlayıram.

Gələk mətləbə.

Vətəndaşımız olan azərbaycanlı jurnalist Fuad Abbasovun Moskvada Rusiya hüquq-mühafizə orqanları tərəfindən qəflətən həbs edilməsi Azərbaycanda, elə ölkəmizin hüdudlarından kənarda da çoxlarını ciddi narahat etdi.

Fuad Abbasovun belə qəddarcasına döyülməsi, qollarının qandallanaraq cani kimi həbs edilməsi bunun məhz maraqlı qüvvələr tərəfindən sifariş verildiyini açıq-aşkar göstərdi.

Vəkili Elman Paşayevin də verdiyi məlumatdan bəlli oldu ki, Fuadı mayın 16-da  hüquq-mühafizə orqanı əməkdaşları öncə həbs edərkən, daha sonra isə polis idarəsində qəddarcasına döyüblər. Eyni zamanda bu qanunsuzluqların video və fotosunu çəkərək sanki Fuadın timsalında bizlərə “səsinizi çıxararsınız sonunuz belə olacaq” mesajı verdilər. Bir də sahiblərinə-sifarişçilərinə “tapşırığınız yerinə yetrildi” ismarıcını verdilər.

Rusiyada hüquq-mühafizə orqanlarının bir çox hallarda qanun çərçivəsində hərəkət etmədiyi bizlərə çox yaxşı bəllidir. Onların miqrantlara qarşı bazarlarda, digər yerlərdə törətdikləri qanunsuz əməllər çox zaman cəzasız qalır. Bəs, axı Fuad Abbasov  jurnalistdir, cinayətkar deyil, terrorçu deyil, ona qarşı belə vəhşicəsinə davranışa nə ehtiyac vardı?

Heç bir zərurət olmadığı halda jurnalistin qollarının qandallanması və şəklinin çəkilərək sosial şəbəkələrə ötürülməsi bizi hiddətləndirməyə bilməz.

Düşünürəm ki,  onun Rusiyada bu vəziyyətə salınması erməni, ermənipərəst qüvvələrin və ən qorxulusu olan sapı “bizimki”lərdən olan baltaların “xidməti”dir. Məkrli düşmən bu hərəkəti ilə, digər Fuadlara göz dağı vermək və əslində susdurmaq istəyir.

Əfəndilər!

Düşmən Fuadı o cür tək görməməli və sevinməməlidir. Bu gün bütün dünyaya göstərməliyik ki, “Azərbaycan” deyib dünyaya hayqıran hər bir Vətəndaşımızın arxasında bizlər hamılıqla-AZƏRBAYCAN olaraq varıq. Bu gün də bizlər Fuadla birik! Fuad tək deyil! O, Azərbaycanın Vətəndaşıdır! Eyni zamanda bütün dünyaya bildirməliyik ki, Azərbaycan vətəndaşı ilə, fərqi yoxdur bu Fuaddır və ya başqası, belə rəftar edə bilməzlər! Hər bir vətəndaşımızın arxasında güclü Azərbaycan və güclü lider var!.

Əfəndilər!

Acınacaqlı haldan biridə odur ki, ermənilər küçədə qalmışını belə müdafiə etdiyi halda, aramızda Rusiya TV-lərindən Azərbaycan və Türkiyəyə dil uzadan erməni və ermənikimilərə qarşı səsini ucaldan, daima qarşılarında duran bir Vətən oğluna haqlı-haqsız ağzına gələni deyənlər də var. Üzümü tuturam həmin “bizimkilərə”. Pulunuz var, məqamlarınız Rusiyada Fuaddan qat-qat güclü, danışanda ağzınızdan od püskürür. Çıxın Rusiyada televiziya-media məkanına, qarşınızı alan var? Nədən çıxıb erməni və şovinist rus fikir adamlarının cavabını mediada vermirsiniz? Nədən bəyənmədiyiniz Fuad kimi, birbaşa – canlı yayımlar təşkil edib Vətənin haqq səsini ucaltmırsız? Niyə Azərbaycanın dövlətçiliyi və suverenliyinə təhdid edən həmin xain qüvvələrə tv vasitəsilə, media tribunalarından cavab vermirsiniz?! Hanı sizin Vətənpərvərliyiniz?! Harada qaldı vicdanınız?!

Azərbaycanın müstəqillik tarixi qədər olan bir zaman axınında, Rusiya

kütləvi informasiya vasitələrində erməni və ermənipərəstlərlə sinə-sinəyə duran bir Orxan Camalı və bir də Fuad Abbasovu gördüm.

Təəssüflər olsun ki, Orxan müəmmalı şəkildə Mərkəzi Afrika Respublikasında öldürüldü. Allah rəhmət eləsin. Qalmışdı Fuad, ona da baltanı həmin məkrli düşmən, sapı özümüzdən olan baltalar, sizlərin əli ilə vurdu.

Tarix daima təkrarlanır. Elə burada yadıma lap yaxın tariximizdən bir epizod düşür. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olarkən ümummilli lider Heydər Əliyevin əleyhinə ermənilərin bilavasitə təşkilatçılığı ilə qalaq-qalaq donoslar, şikayət ərizələri, adsız, imzasız “ifşa” məktubları-anonimlər göndərənlərin içində sapı özümüzdən olan baltaların olduğu sonralar müəyyən edildi. Yenə məkrli düşmən və sapı özümüzdən olan baltalar iş başında. Və maraqlıdır, Fuad Abbasov əleyhinə imza ataraq Rusiya Federasiyasının müvafiq strukturlarına şikayət edən “azərbaycanlılar”, yəni sapı özümüzdən olan baltalar, erməni xislətinə xidmət edənlər kimlərdi?!

Əfəndilər! Sonda isə bildirmək istəyirəm ki, ayıq olmalıyıq. Tariximizi daima xatırlamalı və tariximizdən ibrət götürməliyik.

Tarixdən  bəllidir ki, məkirli düşmən daima bizi birbirimizə vurub və əfsuslar olsun ki, əksər hallarda öz niyyətinə çatıb. Şah babamız İsmayılla Yavuz Səlimin arasını vuran, Əmir Teymurla İldırım Bəyazidin arasını qarışdıran, yenə də meydandadır, güclüdür və təhlükəlidir. Bizlərin vahid yolu birlikdən və həmrəylikdən keçir. Bu yolu milli satqınlardan təmizləməli və bütün dünyaya göstərməliyik ki, bizlər bir olanda yenilməz və güclü oluruq!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png