Fuad ABBASOV tək deyil – Cavid İSMAYIL yazır

Cavid İSMAYIL, xüsusi olaraq ONN media üçün.

Mənim Fuad Abbasovla şəxsi tanışlığım yoxdur. Amma qısa zaman kəsiyində Fuadın Azərbaycan və Türkiyənin haqq naminə maraqlarının ermənilərin qaynaşdığı bir ortamda, Rusiyada dəfələrlə müdafiəsinin apardığının media və sosial şəbəkə üzərindən şahidi oldum. Eyni zamanda arvadı erməni, qızını erməniyə verən bir diaspora rəhbəri ilə haqlı insidentini də yaxşı xatırlayıram.

Gələk mətləbə.

Vətəndaşımız olan azərbaycanlı jurnalist Fuad
Abbasovun Moskvada Rusiya hüquq-mühafizə orqanları tərəfindən qəflətən həbs edilməsi
Azərbaycanda, elə ölkəmizin hüdudlarından kənarda da çoxlarını ciddi narahat
etdi.

Fuad Abbasovun belə qəddarcasına döyülməsi, qollarının
qandallanaraq cani kimi həbs edilməsi bunun məhz maraqlı qüvvələr tərəfindən
sifariş verildiyini açıq-aşkar göstərdi.

Vəkili Elman Paşayevin də verdiyi məlumatdan bəlli oldu ki, Fuadı mayın 16-da  hüquq-mühafizə orqanı əməkdaşları öncə həbs edərkən, daha sonra isə polis idarəsində qəddarcasına döyüblər. Eyni zamanda bu qanunsuzluqların video və fotosunu çəkərək sanki Fuadın timsalında bizlərə “səsinizi çıxararsınız sonunuz belə olacaq” mesajı verdilər. Bir də sahiblərinə-sifarişçilərinə “tapşırığınız yerinə yetrildi” ismarıcını verdilər.

Rusiyada hüquq-mühafizə orqanlarının bir çox
hallarda qanun çərçivəsində hərəkət etmədiyi bizlərə çox yaxşı bəllidir.
Onların miqrantlara qarşı bazarlarda, digər yerlərdə törətdikləri qanunsuz
əməllər çox zaman cəzasız qalır. Bəs, axı Fuad Abbasov  jurnalistdir, cinayətkar deyil, terrorçu
deyil, ona qarşı belə vəhşicəsinə davranışa nə ehtiyac vardı?

Heç bir zərurət olmadığı halda jurnalistin
qollarının qandallanması və şəklinin çəkilərək sosial şəbəkələrə ötürülməsi
bizi hiddətləndirməyə bilməz.

Düşünürəm ki,  onun Rusiyada bu vəziyyətə salınması erməni, ermənipərəst qüvvələrin və ən qorxulusu olan sapı “bizimki”lərdən olan baltaların “xidməti”dir. Məkrli düşmən bu hərəkəti ilə, digər Fuadlara göz dağı vermək və əslində susdurmaq istəyir.

Əfəndilər!

Düşmən Fuadı o cür tək görməməli və sevinməməlidir. Bu gün bütün dünyaya göstərməliyik ki, “Azərbaycan” deyib dünyaya hayqıran hər bir Vətəndaşımızın arxasında bizlər hamılıqla-AZƏRBAYCAN olaraq varıq. Bu gün də bizlər Fuadla birik! Fuad tək deyil! O, Azərbaycanın Vətəndaşıdır! Eyni zamanda bütün dünyaya bildirməliyik ki, Azərbaycan vətəndaşı ilə, fərqi yoxdur bu Fuaddır və ya başqası, belə rəftar edə bilməzlər! Hər bir vətəndaşımızın arxasında güclü Azərbaycan və güclü lider var!.

Əfəndilər!

Acınacaqlı haldan biridə odur ki, ermənilər küçədə qalmışını belə müdafiə etdiyi halda, aramızda Rusiya TV-lərindən Azərbaycan və Türkiyəyə dil uzadan erməni və ermənikimilərə qarşı səsini ucaldan, daima qarşılarında duran bir Vətən oğluna haqlı-haqsız ağzına gələni deyənlər də var. Üzümü tuturam həmin “bizimkilərə”. Pulunuz var, məqamlarınız Rusiyada Fuaddan qat-qat güclü, danışanda ağzınızdan od püskürür. Çıxın Rusiyada televiziya-media məkanına, qarşınızı alan var? Nədən çıxıb erməni və şovinist rus fikir adamlarının cavabını mediada vermirsiniz? Nədən bəyənmədiyiniz Fuad kimi, birbaşa – canlı yayımlar təşkil edib Vətənin haqq səsini ucaltmırsız? Niyə Azərbaycanın dövlətçiliyi və suverenliyinə təhdid edən həmin xain qüvvələrə tv vasitəsilə, media tribunalarından cavab vermirsiniz?! Hanı sizin Vətənpərvərliyiniz?! Harada qaldı vicdanınız?!

Azərbaycanın müstəqillik tarixi
qədər olan bir zaman axınında, Rusiya

kütləvi informasiya vasitələrində erməni və
ermənipərəstlərlə sinə-sinəyə duran bir Orxan Camalı və bir də Fuad Abbasovu
gördüm.

Təəssüflər olsun ki, Orxan müəmmalı şəkildə Mərkəzi
Afrika Respublikasında öldürüldü. Allah rəhmət eləsin. Qalmışdı Fuad, ona
da baltanı həmin məkrli düşmən, sapı özümüzdən olan baltalar, sizlərin əli ilə
vurdu.

Tarix daima təkrarlanır. Elə burada yadıma lap yaxın
tariximizdən bir epizod düşür. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini
olarkən ümummilli lider Heydər Əliyevin əleyhinə ermənilərin bilavasitə
təşkilatçılığı ilə qalaq-qalaq donoslar, şikayət ərizələri, adsız,
imzasız “ifşa” məktubları-anonimlər göndərənlərin içində sapı özümüzdən olan
baltaların olduğu sonralar müəyyən edildi. Yenə məkrli düşmən və sapı özümüzdən
olan baltalar iş başında. Və maraqlıdır, Fuad
Abbasov əleyhinə imza ataraq Rusiya Federasiyasının müvafiq strukturlarına
şikayət edən “azərbaycanlılar”, yəni sapı özümüzdən olan baltalar,
erməni xislətinə xidmət edənlər kimlərdi?!

Əfəndilər! Sonda isə bildirmək istəyirəm ki, ayıq
olmalıyıq. Tariximizi daima xatırlamalı və tariximizdən ibrət götürməliyik.

Tarixdən 
bəllidir ki, məkirli düşmən daima bizi birbirimizə vurub və əfsuslar olsun
ki, əksər hallarda öz niyyətinə çatıb. Şah babamız İsmayılla Yavuz Səlimin
arasını vuran, Əmir Teymurla İldırım Bəyazidin arasını qarışdıran, yenə də
meydandadır, güclüdür və təhlükəlidir. Bizlərin vahid yolu birlikdən və
həmrəylikdən keçir. Bu yolu milli satqınlardan təmizləməli və bütün dünyaya
göstərməliyik ki, bizlər bir olanda yenilməz və güclü oluruq!