ONN İnformasiya Agentliyi

Güney Azərbaycanda milli oyanışın ustadı (VİDEO)

Güney Azərbaycanda milli oyanışın ustadı (VİDEO)
23 Dekabr 2018 - 13:38

YAZIÇI: ARAZ ƏHMƏOĞLU, XOY – xüsusi olaraq  ONN media üçün. 

Böyük Azərbaycan millətinin böyük oğulları çox olub. Elə tarixi dönəmlər olub ki, bir kişi təkbaşına bir Vətəni təmsil edə bilib. 1946-da Azərbaycan Demokrat Firqəsinin qurduğu elərki (demokratiya) xarici düşmənlərin qurğusu və daxili xainlərin çirkin satqınlığıyla dağıldıqdan sonra SSR-iə qaçmaq zorunda qalan Məhəmmədtağı Zehtabi orada neçə il Stalinizm tiranlığının quruduğu Sibirdə sosializmin internasionalçılıq vədələrinin həqiqi üzünü görüb böyük təcrübələr əldə edir. O, bu təcrübəsini sonralar bizcə ədəbiyyatımızın şah əsərlərindən biri olan, “ŞAHİN ZƏNCİRDƏ” poemasında Prometenin timsalında mükəmməlliyin zirvəsində olan epik bir poemada sərgiləyir. Bu şeirə yazdığımız “ZƏNCİRLƏRİ QIRAN ŞAHİNİMİZ” adlı ədəbi-tənqidi məqalədə bu poemaya görə olan düşüncələrimizi açıqlamışıq. 

Hörmətli ustad Bakıda ali məktəbə qəbul olma sınağında əlaçı olur. Professorları onu həkimlik, mühəndislik və belə ixtisaslarda təhsil almasını təklif edir. Amma o, Azərbaycan dili və ədəbiyyatını seçir. Onun böyük hədəfi vardı: “Vətənimin o tayında bu ixtisaslarda oxuyan çoxdur. Mənə lazım olan öz dilimiz və öz ədəbiyyatımızdır.”

O, gənclik yaşlarından Pəhləvi rejimi və bu faşist rejimi iş üstünə gətirənlərin ayaqları altında tapdalanmış bir millətin gələcəyini düşünürdü. 

Universiteti bitirdikdən sonralar İraqa gedib oradakı Türkman (Azərbaycanlılar) qardaşlarına kömək etmək üçün neçə il professorluq edir. 1978-də Pəhləvi rejiminin süqutundan sonra, professor Zehtabi fürsətdən istifadə edərək Vətəninə dönüb böyük hədəfinə doğru iradəli addımlarla yürüməyə başlayır.

Onun “İran Türklərinin Əski Tarixi” adlı iki cildli əsərləri rəhmətlik Pişəvəri vaxtında başlamış milli hərəkətın yenidən canlanmasına düşüncə və inam meydanı yaradır. Eyni halda ictimai-siyasi çalışmaları sayəsində bilikli yeni milli şüurlu nəsl yaradır. 

Ustadın ədəbi yaradıcılığı da böyük inam və ilham qaynağı olur. “Pərvanənin sərgüzəşti”, “Hüseyn xan Bağban poeması”, “Şahin Zəncirdə” və başqa məqalələri və Güney Azərbaycanın şəhərlərində milli çalışqanlarla ardıcıl görüşüb məsləhət vermələri bu günki milli hərəkətın qaynar bulağı olur.

Ustadın “SU DEYİBDİR MƏNƏ ƏVVƏLDƏ ANAM,”AB” Kİ YOX” ən populyar şeirlərdən biri, dillər əzbəri olur. Ədəbi baxımdan Pr. Zehtabının Şahin Zəncirdə kitabındakı poemaları ədəbiyyatımızın zirvələrini fəth edən yaradıcılıqdır. Amma yetərlicə populyar olmamasının neçə amili var. 1. Şair bu poemaları ağır repressiya şəraitində ört-basdır bir ortamda qələmə almışdı. 2. Ustadın yaşadığı sürgünlük və qaçaqaç yaşam yolu bu gözəl ədəbiyyatı tanıtdırmağa macal verməmişdi. 3. Ustadın özü populyarlıqdan çəkinmişdi. 4. Ən əsası, ustadın yaradıcılığı klassik miflər, tarixi təcrübələr, qələmi, üslubu, üstəgəl ensiklopedik savadı onun yaradıcılığını ana dilini yazıb oxuya bilməyən Azərbaycan xalqının çoxluğunu oluşduran adi kütlənin düşünə biləcəyi səviyyəsindən qat-qat yuxarı olması daha böyük bir amil sayılır. Bu son amil özü böyük bir məqalənin bəhsidir. 

Dekabrın 22-si, (Deyin 1-i) tariximizin heç unudulmayan günlərindən biri kimi yazıldı. Mövlana Hz. Nəsiminin dərisini soymağa hökm verən cəllad hakimin adını bu gün beş-on nəfər tarixçidən başqa kimsə xatırlamır. Xatırlayan da lənət yağdıracaq. Eləcə də rəhmətlik Pr. Zehtabını əbədi olaraq bəşəriyyət ürəkdən gələn sayğıyla anacaq. Ulu ustadımızın uca ruhu qarşısında baş əyirik.

Yeri uçmağdır. Uca Allah qəni-qəni rəhmət eləsin! 

 

 

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png