Ovuc içindəki şəbəkə

Züleyxa NADİR – xüsusi olaraq ONN media üçün.

Təxminən il yarım əvvəl olardı. Avtobusda məndən qabaqda oturan iki xanımdan biri düşməyə hazırlaşarkən o birindən soruşdu ki, facebook səhifəsi varmı? “Yoxdu” cavabını alan qadın “çüşkasan ki…” dedi. Ardınca da “bəyəm evdə internet yoxdu?” deyə soruşsa da gülməkdən özünü saxlaya bilmədi. Bu biri qadın da güldü. Təbii ki, rəfiqəsinin zarafat etdiyini anlamışdı. Sərnişinlər də güldülər, hətta əsəbiləşən də tapıldı. Sonra da başladılar mövzunun müzakirəsinə. Bilən bir söz, bilməyən iki söz dedi. İnterneti icad edəni söydülər, instagramda şəkil paylaşan insanları başa düşmədiklərini dilə gətirdilər, whatsApp-da yazışan gəncləri yıxıb-sürüdülər, youtube baxmağın əxlaqsızlıq olduğunu vurğuladılar, sosial şəbəkələrdən istifadə edən yaşlı-başlı adamları top atəşinə tutdular. Bir sözlə, virtual dünyanı ağ yuyub, qara sərdilər. Və bu qədər dedi – qodunun içində mənə bir şey aydın oldu ki, insanların çoxu hələ də kompüter texnologoyalarının üstünlüklərini, internet dünyasının faydalı tərəflərini görmürlər, ya da görmək istəmirlər.

Doğrudu qadın özünün rəfiqəsi haqqında kobud, təhqiramiz söz işlətdi, amma sözündə bir həqiqət də var idi. Bu gün virtual dünya ilə real həyat arasında elə bir körpü var ki, çoxluq burdan keçir. Kimi rahat keçir, kimi də yıxılır, büdrəyir. Hər kəs öz xarakterinə uyğun, fərdi dünyası, fərqli baxış bucağı ilə o körpüdən istifadə edir. Baxır kim o körpüdən keçəndən sonra özünü qarşıdakı yolun toz-torpağına batırır, kim də yolun təmiz hissəsində, rahat, abad yerində irəliləyir. Bu gün virtual dünya həyatımızın bir parçasıdır, internetsiz həyatımızı təsəvvür etmək mümkün deyil. İnternet insanların yaşayışını rahat edib. Bütün yazışmalar, hesablaşmalar internet üzərindən aparılır. Bunun nəyi pisdi ki?!

Sosial şəbəkələr hər ailəyə daxil olub. Sadəcə internetin insanları düşünməyə vadar edən bir sual var ki, sosial şəbəkələr ailə üzvlərini, yaxın qohumları, dost-tanışları bir-birindən ayrı salır, yoxsa daha da yaxınlaşdırır? Sosial şəbəkələrdən istifadə edən insanlar bunun faydalı tərəflərindən yararlanır, yoxsa zərərli yönlərinə istiqamətlənirlər? Facebook, twitter, instagram, whatsApp və youtobe kimi şəbəkələr bu gün insanların ovcunun içindədi. Əlindəki telefona toxunmaqla dünyanın bir günlük, bir saatlıq, bir anlıq vəziyyətini öyrənə bilirlər.

Azərbaycanda sosial şəbəkələrin facebook hesabından daha çox istifadə olunur. Bu şəbəkə 2004-cü ildə yaradılıb, on beş yaşı var. Deməli o, on beş ildi insanların beynində, ürəyində olanları, eləcə də hiss və duyğularını idarə edir, yönləndirir. Bu şəbəkə cəmiyyətdə baş verən proseslərə xeyli təsir edir – bu danılmazdı. İctimai-siyasi proseslərdən tutmuş, ədəbi cərəyanların yaratdığı ab-hava facebook hesabından öyrənilir, müəyyən məlumatlar əldə edilir. Ona görə də balaca uşaqdan tutmuş böyük adamlara qədər burada hər kəs vəzifəsindən və tutduğu ictimai-siyasi mövqeyindən asılı olmayaraq bir-biri ilə dostlaşmağa çalışır. Facebookdakı dostluq real dostluqdan virtuallığı ilə fərqlənir. Burada illərlə bir-birini görməyən insanlar bir araya gələ bilirlər. Onlar hansısa bir mövzunun ətrafında birləşərək eyni fikir yürüdürlər. Facebook insanların iç üzünü göstərə bilir. Burada kimin kim olduğu yazılardan, status və şərhlərdən bəlli olur. Çünki hər kəs ortaya öz xarakterinə uyğun, həyatda tutduğu mövqeyi ilə üst-üstə düşən fkir qoyur. Facebook azərbaycanlıların dostu, hətta deyərdim ki, doğmaları, əzizləri qədər yaxınına çevrilib. Ölkə prezidentindən tutmuş sıravi pensionerlərə qədər hər kəsin facebook hesabı var. Nə gözəl!

Sosial şəbəkələr insanların əyləncə yeri yox, məlumat mənbəyi olmalıdı. Qardaş türklər sosial şəbəkələrə “sosial mediya” deyirlər. Məncə, bu, daha doğrudu. Bu baxımdan facebook şəxsən mənim üçün informasiya mənbəyi rolunu oynayır. Bəzən tanınmış insanlar, elm, sənət adamları, yaxud da müğənnilər instagram, ya da facebook səhifələrində bir məlumat yazırlar. Bunu görən çoxlu sayda sayt həmin məlumatı xəbərə çevirib tirajlayır.

2011-ci ildən facebook hesabım var. Bu virtual dünyada dostlarımla hər gün ünsiyyət qururam. Onların arasında müxtəlif peşə sahibləri, sənətkarlar, elm, mədəniyyət və din xadimləri, alimlər, tələbələr, yazıçılar, jurnalistlər, həkimlər, psixoloqlar, hüquqşünaslar, müəllimlər var. Həmin insanlar müntəzəm olaraq öz fikirlərini burada bölüşürlər. Bu insanlar ümumi dünyabaxşından əlavə peşəsi ilə bağlı yeniliklərdən yazırlar. Dostlar həkimlərdən məsləhət alır, hüquqşünaslar qanunları izah edir, alimlər ixtiralardan söz açır, inscəsənətlə məşğul olanlar müxtəlif sənət nümunələrini nümayiş etdirir, müəllimlər təhsilin problemlərini qabardır, çətinliklərin aradan qaldırılma yollarını izah edir, həkimlər tibb aləmində baş verən yeniliklərdən yazırlar, SÖZ adamları yaradıcılıqlarını bölüşürlər. Bir qrup adam var ki, facebookdan daha çox fayda götürür, gördüyü işləri, maraqlı məlumatları paylaşır. Bu paylaşımlar bir növ reklam xarakteri daşıyır. Ovucda olan sosial şəbəkə insanları sosiallaşdırır.

Burada müəyyən məsələlər müzakirə olunur, problemlər ortaya qoyulur. Mətbuatda olduğu kimi facebookda da hansısa bir məmurun özbaşınalığı tənqid olunur. Heç kimə sirr deyil ki, bir çox hallarda bəzi dövlət qurumlarının qapısını açmaq olmur, bürokratilk əngəllər insanların məmurlarla canlı görüşünə mane olur. Bu baxımdan facebookda yazılan statusa, çağırışa, müraciətə bir çox hallarda əlaqədar qurumlar tez reaksiya verirlər. Bəzən elə olur ki, kimsə probleminin həlli ilə əlaqədar hansısa bir məmura müraciət ünvanlayır, ərizə yazır, amma o qurumda onun məktubu sahibinə çatmır, yaxud da çatdırılmır. Amma həmin şəxs yazdıqlarını facebook vasitəsi ilə ictimailəşdirəndə qarşı tərəfin canına isti keçir və ona gərək olan cavab verilir.

Bəzən iri vəzifə sahibləri, ölkənin idarəçiliyində oturan şəxslər sosial şəbəkələr haqqında əks fikirlər səsləndirirlər. Guya ki, facebookdan istifadə edənlər işsiz, avara adamlardı. Əslində onlar qorxularından bu cür söz deyirlər. Çünki məmurların özbaşınalığı, süründürməçiliyi, yaratdıqları bürokratik əngəllər burada ictimailəşir, gizlində qalmır. Onlar bilirlər ki, ölkə prezidentinin də rəsmi facebook və twitter səhifəsi var. Cənab İlham Əliyev demək olar ki, müntəzəm şəkildə sosial şəbəkələrdə yazılanları izləyir, kimin nə yazdığından xəbərdar olur. Ona görə də ifşa olunacaqlarından çəkinirlər. Məsələn, bu günlərdə Nazirlər Kabinetinin “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları” haqqında qərara edilən dəyişikliyə facebookda təpki verildi. Burada hər üç statusdan biri qərarla bağlı əks fikirlər və hökumətin tənqidi idi. Nə yaxşı ki, prezident qərarın ləğv olunması haqqında göstəriş verdi. Əminəm ki, ölkə prezidenti İlham Əliyev facebookda yazılan tənqidi fikirləri oxuyub. Ona da əminəm ki, prezident bu göstərişi verərkən təkcə yerlərdən gələn müraciətləri nəzərə almayıb, o, həm də facebookda yazılan tənqidi fikirlərə münasibət bildirmiş olub.

İnsanların çox gözəl yardımçısı olan bu şəbəkə bəzən iş və ailə həyatına mənfi təsirini də göstərir. Həddən çox facebooka bağlananda, günün çox hissəsini burada keçirəndə problem yaranır. Dost-tanış, yaxın qohumlarla, hətta ailə üzvləri ilə belə canlı ünsiyyət pozulur, get-gəl azalır. Bəzən yaxın insanlar aylarla bir-birinin üzünü canlı deyil, whatsAppda danışarkən görməli olurlar. Bu, əlbəttə yaxşı hal deyil. Sosial şəbəkələrdən lazımsız yerə istifadə etmək, orada çoxlu vaxt itirmək, əylənmək psixoloji gərginlik yaradır, ailədə bəzi problemlər yaradır. Ən qorxulusu isə zaman itgisidir. Bu problemlər əsasən sosial şəbəkələr yeni yarananda olurdu.

Vaxt keçdikcə insanlar onun faydalı tərəflərindən istifadə etməyə üstünlük verdilər. İndi ziyalı insanlar, millətin öndə gedən təbəqəsi, eləcə də iş adamları sosial şəbəkələrdən məqsədli surətdə istifadə edirlər. Onlar işlərini yönləndirmək, çalışdıqları sahə üzrə əlavə məlumat almaq üçün facebooku, instagramı ən yaxşı mənbə hesab edirlər. Müğənnilər bütün mahnılarını instagramda paylaşır, youtube yükləyirlər.

Sosial mediya dünyanı ovucdakı şəbəkədən öyrənir və idarə edir. Bunu görməyənlər və bacarmayanlar zamanla ayaqlaşmaqdan qorxanlardı. Zaman isə ovucda tutulan sərçə kimi çırpınır, uçmağa can atır…