ONN İnformasiya Agentliyi

Sofiya Bəşir qızı Bəsirzadəni UNUTMADIQ!

Sofiya Bəşir qızı Bəsirzadəni UNUTMADIQ!
04 Yanvar 2019 - 17:08

Unutmayaq, unutdurmayaq!
4 yanvar (1918-2000) Azərbaycan Respublikasının xalq artisti, unudulmaz aktrisa Sofa Bəsirzadənin vəfat etdiyi tarixdir.

Sofiya Bəşir qızı Bəsirzadə 28 fevral 1918-ci ildə Kazan quberniyasının köhnə Çukan kəndində doğulub. Əsil soyadı Vəzirovadır. İki yaşında olanda ailəsi Bakıya köçüb və Sofiya xanım azərbaycan türkcəsini mükəmməl öyrənib. Bakıdakı 3 saylı beynəlmiləl məktəbdə ibtidai təhsil alıb. Sonra 134 saylı məktəbdə orta təhsilə yiyələnib. Yuxarı siniflərdə oxuyanda dram dərnəyinə üzv olub.

1936-cı ildə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbinə daxil olub. Həmin ilin noyabrından başlayaraq AMDT-nin tamaşalarında kütləvi səhnələrdə, epizod rollarda səhnəyə çıxıb. Üçüncü kursda, 1 sentyabr 1938-ci ildə tələbə-aktrisa AMDT-nin aktyor truppasına qəbul edilib.

Atasının nəsil şəcərəsinə görə səhnəyə ilk addımlarından tamaşaçılar arasında “Bəsirzadə” kimi tanınıb. Bəzi proqram və afişalarda adı “Sofa” kimi də yazılıb. Teatr kollektivində də ona “Sofa xanım” deyə müraciət ediblər. Səhnədə bir-iki cümləsi olan personajlar da ifa edib, xarakterik dramatik obrazlar da oynayıb, sevgili qəhrəmanlar obrazlarında da bacarığını sınayıb. Bu surətlərin dramatiki də olub, faciəvi ruhlusu da.

Ümumilikdə yüzdən çox obrazın ifasında səhnəyə çıxan Sofa Bəsirzadənin Nisə xanım (“Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə), Sevər, Gülgün, Tanya, Gülsabah, Gülnisə (“Oqtay Eloğlu”, “Od gəlini”, “Yaşar”, “Dönüş” və “Solğuri çiçəklər”, Cəfər Cabbarlı), Nina, Rübabə (“Şeyx Sənan” və “Səyavuş”, Hüseyn Cavid), Məryəm, Tamara, Tatyana (“Fərhad və Şirin”, “Vaqif” və “İnsan”, Səməd Vurğun), Səadət (“Müsibəti-Fəxrəddin”, Nəcəf bəy Vəzirov), Xanın qızı, Pəri cadu (“Köhnə dudman” və “Pəri cadu”, Əbdürrəhim bəy Haqverdiyev), Tərlan xanım (“Yalan”, Sabit Rəhman), Qlumova (“Müdriklər”, Aleksandr Ostrovski), Toni xala (“Füsunkar qız”, Mikolaş Dyarfaş), Anna Dmitriyevna (“Canlı meyit”, Lev Tolstoy), Fedra (“Dəlilər”, Lope de Veqa), Səadət xanım (“Unuda bilmirəm”, İlyas Əfəndiyev), Nihal (“Qəribə adam”, Nazim Hikmət), Aliyə (“Təhminə və Zaur”, Anar), Mariya Xosefa (“Dişi canavar”, Federiko Qarsiya Lorka), Dayə (“Medeya”, Jan Anuy), Aybəniz (“Cavanşir”, Mehdi Hüseyn), Peyanira (“Mehmanxana sahibəsi”, Karlo Haldoni), Esrelya (“Sevilya ulduzu”, Lope de Veqa), Nataliya (“Vassa Jeleznova”, Maksim Qorki), Mariya Antonovna (“Müfəttiş”, Nikolay Qoqol) rolları ifadə vasitələrinin zənginliyi baxımından seçilirlər.

Sofiya Bəsirzadə ondan artıq bədii filmə çəkilib. 30 aprel 1955-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti və 1 iyun 1974-cü ildə xalq artisti fəxri adı ilə təltiflənib.

O, teatr səhnəsində 62 ildən çox çalışıb. Səhnə görkəminin təravəti həmişə göz oxşayıb, çevik plastikası heyranlıq doğurub.

Ömrünün son illərini o Bakı Bələdiyyə teatrında çalışıb və  4 yanvar 2000-ci ildə Bakıda vəfat edib.

Allah rəhmət eləsin.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png