ONN İnformasiya Agentliyi

Sözün qüdrəti cəmiyyət və dövlətdən kənarda qalıb?

Sözün qüdrəti cəmiyyət və dövlətdən kənarda qalıb?
05 Mart 2019 - 16:20

Yunus Oğuz

(Prezidentin ziyalılarla görüşü ilə bağlı yazıçı, millət vəkili, dostum Aqil Abbasa açıq məktub)

Dostum Aqil Abbas!

Əslində bu məktubu martın 1-də cənab prezidentin ədəbiyyat və incəsənət xadimlərilə görüşündən sonra Ona ünvanlayacaqdım. Amma, sənin 5 mart “Ədalət” qəzetində baş tutan görüşə münasibətini oxuyub, məktubu sənə ünvanlamağı qərar aldım. Düşündüm ki, hər məsələni cənab prezidentə ünvanlamaq doğru deyil, çünki hər müşkülü onun müzakirəsinə çıxarıb, nə deməsini gözləyəcəyiksə, bəs ziyalı fikri, ziyalı təşəbbüsü nəyə gərəkdir? Odur ki, bu mövzuda polemika açmağımız, elə bilirəm, bütövlükdə cəmiyyətə də xeyir və fayda gətirə bilər. Digər tərəfdən də bu polemika, düşünürəm cənab prezidentin də diqqətindən kənarda qalmayacaq və bizim mükamiləmiz hökmən bu və ya digər şəkildə Ona çatdırılacaq.

Öncə qeyd edim ki, məsələyə konseptual baxış roman yazmaq deyil. Roman və şeir yazmaq, musiqi bəstələmək və sairə hər bir yaradıcı şəxsin müstəqil və müstəsna işidir və həmin yaradıcı şəxs nəyisə yaradanda (bilə-bilə ilham yazmıram) təbilə təkbətək və üzbəüz qalır. Bu dualizmdən nə yaranır və cəmiyyət necə qarşılayır, artıq onun işi olmur. Yaxşı və pis əsərin zərərli və zərərsiz olmağını isə cəmiyyət müəyyən edir, bu konteksdən ona qiymət verir.

Prezidentlə görüşdə, düşünürdüm ki, ziyalılarımız tərəfindən konseptual fikir ortalığa qoyulacaq və bu tezislərin ətrafında hər kəs müzakirələrə cəlb olunacaq, çünki cənab prezident açıq tekstlə söylədi ki, daha çox sizi dinləməyə hazıram. Bu sözlərin sətiraltı mənasının nə olduğunu başa düşmək heç də çətin deyil. Deyiləsi çox söz var. Prezident bütün sahələrdə islahatlar aparmaqda əzmlidir və bunun üçün ziyalılardan xalqdan aldığı dəstəyi gözləyir. Özü də sözdə deyil, yaradıcı əməldə. Biz isə dərdimiz- sərimizlə növbəti dəfə Onu ziyalı xahişilə “yüklədik”. Çıxışlarda konseptual tezislərin ayrı-ayrı fraqmentləri səslənsə də, bu, fikrimcə konseptual baxışdan çox-çox uzaqda idi və buna yalnız təəssüflənmək qalırdı.

Niyə təəssüflənmək qalır?

Əvvala ona görə ki, ziyalılarımız gözləməməli idilər ki, bu tezisləri prezident özü səsləndirəcək və bunun da ətrafında müzakirələr olunacaq. Bu dəfə əksinə oldu. Prezident ziyalılarımızı dinləmək istədi. Etiraf edim ki, ya ziyalılarımız bu görüşə hazırlaşmamışdılar, ya da belə açıq söhbəti gözləmirdilər. Fərqi yoxdur, ya vəlvələdən, ya zəlzələdən, amma hazır deyildilər. Çünki ziyalılarımızın belə söhbətləri hər zaman olur. Sadəcə olaraq bunları sistemləşdirmək tələb olunurdu. Bunu da, görüşdə oturan ziyalılarımızın əksəriyyəti bacarmadılar. Görünür bəziləri yuxarıdan gələn direktivləri hələ yaddan çıxarmayıblar. Müstəqil fikir söyləmək hələ də bəzilərinə yaddır. Belə ziyalılıq olmaz ki?!

İkincisi, düşünürəm ki, konseptual fikrin, yaxud tezislərin əvvəlindən prioritet, yəni aparıcı istiqamət müəyyənləşməli və bunun əsasında çıxışlar olunmalı idi.  Mən yaradıcı insanların hansı şəraitdə yaşamasını və onlara hansı köməklər və yardımlar olunmasının fərqindəyəm. Ancaq bütün bunlar çıxışların ayrı-ayrı pərakəndə söylədikləri fikirlərdə deyil, (belə çıxır ki, ev, mənzil, ad, nə bilim daha nələr… nələrdən başqa bir problem yoxdur) ümumi konsepsiyada öz əksini tapmalı idi. Belə olmadı. Bəs necə olmalı idi?

Düşünürəm, bu görüşdə prioritet mövzu Bədii ədəbiyyatın müzakirəsi, əsas mövzu predmetinə çevrilməsi daha yaxşı olardı, çünki Bədii ədəbiyyatın ən böyük silahı Sözdür və bu Sözdən bu və ya digər şəkildə (bəstəkarlar, kinomatoqraflar, teatrşünaslar, tənqidçilər, heykəltaraşlar və s.) yararlanırlar. Əgər bədii ədəbiyyatımız zəifdirsə və tənəzzülə uğrayırsa, digər sahələrdə də preventiv olaraq zəif hiss olunacaq, çünki Sözün ən ali məqamına yazıçı, şair, dramaturq çata bilir. Hətta rəssam ən gözəl tablo çəksə belə, yenə də onu ətrafdakılara sözlə vəsf etməli olacayıq.

Bəs Sözü, onun vasitəsilə yazılan əsərləri yüksəkliyə necə çatdırmalıyıq?

Aydındır ki, bu gün bayağı şeirlər, romanlar, pyeslər daha nələr, nələr oxucu, tamaşaçı zövqünü korlamaqda davam edir. Sanki Sözün qüdrəti cəmiyyət və dövlətdən kənarda qalıb. Elə bil yaradıcı insanlar və dövlət ayrı-ayrılıqda yaşayırlar, birinin o brisinə dəxli yoxdur. “Sən mənə dəymə, mən də sənə dəyməyim”. Lazım gələndə, yuxarıdan deyiləndə, “xala xətrin qalmasın” səni tərifləyim. Açıq deyilməlidir ki, ziyalılar dövlətin vəhdətindən ayrılıb. Bunun da səbəbləri çoxdur. Ancaq fakt odur ki, prezident bu parçalanmış nəsnələri vəhdət halına gətirmək istəyir.

Bu səbəblərə görə cənab prezident Sözün qüdrətini yüksəltməklə cəmiyyətdə hər kəsi vəhdətə gətirməyə çalışır. Bunun üçünsə bədii ədəbiyyat bu məsələdə əvəzsiz rol oynayıb və bundan sonra da oynaya bilər.

Bəs bədii ədəbiyyatı əvvəlki nüfuzuna qaytarmaq üçün nə etmək lazımdır?

Əziz dostum, düşünürəm yazdıqlarım yaradıcı insanların hamısını düşündürür və bu məktubu da oxuyub hökmən cavab verəcəksən.

Nə etmək lazımdır sualına, cavabından asılı olaraq yazacam.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png