Təbiətə qənim kəsilənlər -Əbülfət MƏHƏRRƏMLİ yazır

Əbülfət MƏHƏRRƏMLİ, xüsusi olaraq ONN media üçün.

Belə bir məşhur deyim var ki, hər insan həyatı boyu üç xeyirxah əməl mütləq etməli – ev tikməli, övlad böyütməli və ağac əkməlidir. Amma təəssüflər olsun ki, bəzi insanlar şəxsi maraqlarını hər şeydən üstün tutaraq sanki təbiətə qənim kəsiliblər.

Bu günlərdə, daha doğrusu, mayın 4-də Bakının Xətai
rayonu, Məhəmməd Hadi küçəsi 93-99
ünvanında 130 ağac və kolun kəsilməsilə bağlı medianın gündəmini zəbt
etmiş narahatedici xəbər belə deməyə əsas verir. Yerli sakinlər bildiriblər ki, 35 il öncə salınmış ağacları bina tikmək
üçün gecə saatlarında məhv ediblər. Acınacaqlısı budur ki, bu, ölkəmizdə
yaşıllığa divan tutulması ilə bağlı yeganə fakt deyil.

İnsaf xatirinə qeyd etmək
lazımdır ki, bu gün ölkəmizdə yaşıllaşdırma ilə bağlı kompleks işlər görülür, şəhərlərimizdə
müasir və gözəl parklar salınır, yol və traslar boyunca göz oxşayan ağac və
kollar əkilir. Ancaq bütün bunların fonunda təbiətə qarşı edilən təcavüz qəlbimizi
ağrıtmaya bilməz.

Ətraf mühitə düşmən kəsilənlərin
hərəkəti ictimailəşdikdən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi də fəaliyyətə
keçib. Ağacların kəsilməsi cinayət tərkibi yaratdığından toplanmış araşdırma
materiallar Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

Bakıda icazəsiz daşın daş
üstə qoyulmadığı hər kəsə bəllidir. Yaşıllığa ziyan vurulması ilə bağlı da
qanunvericilikdə cərimələr nəzərdə tutulub. Bəs nədən əlinə balta götürüb
ağaclığa cumanlar bəd fikirlərindən daşınmırlar? Deməli, sakinlərin
narazılığını vecinə almayan həmin insanlar yerli rəhbərlərin razılığı olmadan
belə bir addımı atmağa cürət etməzdilər. Ona görə belə adamlara qarşı tədbir
görülərkən yerli və əlaqədar məmurların barəsində də ciddi ölçülərin götürülməsi
zərurətə çevrilib.

Məsələnin başqa bir yetərincə
önəmli tərəfi də var. Əgər İkinci Dünya müharibəsindən sonra genişlənən sənayeləşmə
zamanı texnokratlar təbiətlə mübarizəyə, ona qalib gəlməyə səsləyir və
çalışırdılar. Səməd Vurğunun “Muğan” poemasında yazdığı “Təslim ol, dəli Kür!
İnadı burax!” sözləri yəqin ki, çoxlarının yadındadır. Ancaq “təbiətlə mübarizə”
bumeranq effekti yaradaraq dünyanı ciddi ekoloji problemlərlə üz-üzə qoydu. Məhz
ekoloji tarazlığın pozulması üzündən bu gün ağır və bəzən sağalması mümkünsüz
olan xəstəliklər baş alıb gedir. Dünya alimləri belə bir qənaətə gəliblər ki,
bu xəstəliklərin müalicəsi üçün yeni-yeni dərman preparatları yaratmaq vəziyyətdən
əslində çıxış deyil, nəticə ilə mübarizə aparmaqdır. İnsanlığın özünün
yaratdığı çıxılmazlığın əsas səbəbi ekoloji vəziyyətlə birbaşa bağlıdır, onu
aradan qaldırmaq üçün təmiz, normal təbii mühit yaradılmalıdır. 

Onu da qeyd etmək
lazımdır ki, bu məsələdə xırda, kiçik problem yoxdur. Kiçik bir məhəllədə
yaşıllığın, ağacların olması da insanların yaşayışı və sağlamlığı üçün olduqca
önəmlidir.

Yadıma böyük rus yazıçısı
Anton Çexovun məşhur “Bədəməl” hekayəsi düşür. Dəmir yolunda relsləri şpala bərkidən
qaykaları açıb balıq tutmaq üçün alət düzəltdiyinə görə mujik Denis Qriqoryevi
mühakimə edirlər. Ancaq o anlamır ki, qaykanın açılması qatarların hərəkəti
üçün təhlükə yaradır. Düşüncəsiz, avam adam deyir ki, qaykanı pis niyyətlə,
qatarların qəzaya uğraması üçün açmayıb.

Dəmir yolunun möhkəmliyi
üçün qaykaların yerində olmasının nə qədər əhəmiyyəti varsa, ətraf mühitin
sağlamlığı üçün də hər bir ağacın, kolun o qədər önəmi var.