ONN MEDİA

Uşaqda fərasətə bax e! Və ya xaricilərin yanında lap biabır olduq ki! – Cavid İSMAYIL yazır

Uşaqda fərasətə bax e!  Və ya xaricilərin yanında lap biabır olduq ki! – Cavid İSMAYIL yazır
10 May 2019 - 13:42

Cavid İSMAYIL, xüsusi olaraq ONN media üçün.

Vəzifə, məqam Vətənə, millətə, dövlətçiliyə xidmət etmək üçün bir vasitədir!

Milli Məclisin deputatı Rasim Musabəyovun paytaxtın yeraltı keçidlərindən birində məkə pırttamışı (bizdə-Naxçıvanda məkə pırttamışı deyərdik, şəhərdə Avropaya inteqrasiya edilərək adı popkorn oldu – Mirzə, bərəkallah sənə!) satan yeniyetmə ilə bağlı feysbukda bölüşdüyü statusa çoxları kimi mən də biganə qalmadım. Doğrudur günü-gündən gözəlləşən şəhərimizin təmizliyi və ekoloji tarazlığının qorunması vacib məsələdir, lakin olduqca həssas bir məqamda – Şuşanın ermənilər tərəfindən işğal edilməsinin növbəti ildönümündə savadlı, dərin siyasi analizlərinə görə fikirlərinə hörmət etdiyim Rasim müəllimdən və onunla həmfikir olan deputatdan şəhidlərimizin qisasını almaq, erməni qaniçənləri tərəfindən təcavüz edilmiş qız-gəlinlərimizin namusunu təmizləmək, məhv edilmiş milli mənəvi dəyərlərimizə sahib çıxmaq, ANA dediyimiz Vətən naminə torpaqlarımızın azad olunması üçün xalqa çağırışla müraciət gözləyirdim.

Amma əksinə oldu. Təhsil almaq, idmanla məşğul olmaq, xoşbəxt gələcəyi ilə bağlı arzularını gerçəkləşdirmək əvəzinə, kənddən şəhərə gələrək anası və özündən kiçik bacıları üçün gələcəyin əsgəri və əsl kişi kimi sözün həqiqi mənasında bütün zəhmətlərə, çətinliklərə, ətrafdakı məkrli, xəbis insanların müəyyən şərtlərinə qatlaşdırdı, yaşam savaşı verən  17 yaşlı bir yeniyetmədən yazdı.

Şübhəsiz, o, heç bir pis işə qurşanmamışdı, əksinə acımasız həyatımıza savaş açaraq qoca dünyaya yaşam dərsi keçirdi. Rasim müəllim statusuna rəy yazan bir xanıma cavab verir ki, “o uşaq deyil, onun 17 yaşı var”. Doğrudur, Rasim müəllim, onu həyat 17 yaşında ana-bacı qeyrəti çəkərək, yarıac, yarıtox vəziyyətdə zəhmətə qatlaşdırdı, ailəsi üçün pul qazanan kişiyə, ailə başçısına çevirdi.

Bir ocağın işığını yandırmaqdan, bir evdə qazanı qaynar tutmaqdan başqa nə idi onun günahı?!

Millət vəkili rus dilində paylaşdığı mətndə yazır: “Bakılıları və paytaxtımızın qonaqlarını sevindirmək üçün milyonlarla dövlət vəsaitinin xərcləndiyi “Azneft” meydanında yerləşən yeraltı keçiddə popkorn satıcısı həyasızcasına özünə yer edib və tüstüsü ilə ətrafı üfunətləndirib. İznsiz işləyir, dövlətin elektrikini pulsuz istifadə edir, vergi ödəmir. Bütün bunlar Bakı və rayon icralarının onlarla işçisinin gözü qarşısında baş verir. Şəxsən satıcıya və keçidin nəzarətçilərinə etdiyim irada hələ ki heç bir reaksiya yoxdur. 

Ay məmurlar, siz bunu görmürsünüz? Bakılıları zəhərləməmək və bizi qonaqlar qarşısında biabır etməmək üçün kimsə tədbir görəcək?” 

İlk olaraq onu qeyd edim ki, Rasim müəllim də bilməmiş deyil ki, Vətənimizdə nə edilirsə ilk olaraq öz vətəndaşlarımızın rifahı və firavan yaşaması üçün edilir. Və statusdan anladıqlarımdan biri odur ki, deyəsən narahatçılıq törədən amillərdən biri də xaricilərin yanında biabır olmamaqdır və sən demə bu balaca uşaq “kölgə iqtisadiyyatının təməllərindən” və “ekologiyanı korlayanlardan” imiş.

Bərəkallah, Mirzə! Uşaqda fərasətə bax !

Rasim müəllimin qaldırdığı bu “həyat əhəmiyyətli problem” dərhal həll edildikdən sonra növbəti statusu daha da maraqlı oldu. Belə ki, Rasim müəllim bu statusunda (yenə də rus dilində), yeraltı keçidin təmizləndiyi və bu məsələni nəzarətdə saxlayacağı barədə qeydlər etmişdi. Eyni zamanda, deputatımız statistik araşdırmalar apararaq qaldırdığı məsələyə ictimaiyyətin “fəal” münasibətini əsas gətirir, “məsələnin kiçik olsa da çox vacib olduğu” qənaətinə gəlir.

Belə ki, yazdığı statusa 350 nəfərdən müsbət rəy gəlməsini, 200 yeni izləyici qazanaraq cəmi izləyicilərinin sayının 7100-ə yüksəlməsini, 100 nəfərin yeni dostluq təklifi göndərməsini dediklərinin sübutu kimi ortaya qoyur. Hə, bu arada dostlarının sayının 5000 nəfərə çatması səbəbindən digərlərini dostluğa qəbul edə bilməməsini də yazmağı unutmayıb.

Bir “problem”i  kiçik bir statusla da yoluna qoymaq olarmış qənaətinə gəlməsi də statusundan sezilir.

Rasim Musabəyov yuxarıda qeyd etdiyim kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsi, Azərbaycanın beynəlxalq siyasi sistemdə yeri barədə dəfələrlə sanballı, hədəfi sərrast vuran analitik yazıları ilə çıxış edib, ölkəmizi xarici siyasətçi və diplomatların iştirak etdiyi beynəlxalq forum və diskussiyalarda layiqincə təmsil edib. Ancaq təəssüf hissilə qeyd etmək lazımdır ki, bu dəfə millət vəkilinin oxu yanlış hədəfə yönəlib. 

Əgər millət vəkili müsəlmanların müqəddəs ayı olan Ramazan ayında popkorn satan yeniyetmənin problem və qayğıları ilə maraqlansaydı, deputat statusundan istifadə edib ona kömək əlini uzatsaydı, daha xeyirxah bir iş görmüş və yaxud qeyd etdiyim sanbala uyğun olmazdımı? 

O ki qaldı statistikaya, hər gün insanlar qlobal problemlər ortaya qoyur. Millətin vəkili kimi onları gündəmə gətirmənizi istərdim, Rasim müəllim!  Nə qədər dostluq göndərəcəklər, izləyicilərinizin sayının artması vacib deyil məncə. Məncə, vacib olanı – “Birinə haqsızlıq edib 100 adamı ətrafına yığmaqdansa, ədalətli olub tək qalmaq daha yaxşıdır” – Mahatma Qandi.


ONN informasiya agentliyi

image_print Çap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP