Uşaqda fərasətə bax e! Və ya xaricilərin yanında lap biabır olduq ki! – Cavid İSMAYIL yazır

Cavid
İSMAYIL, xüsusi olaraq ONN media üçün.

Vəzifə, məqam Vətənə, millətə, dövlətçiliyə
xidmət etmək üçün bir vasitədir!

Milli Məclisin deputatı Rasim Musabəyovun paytaxtın
yeraltı keçidlərindən birində məkə pırttamışı (bizdə-Naxçıvanda məkə pırttamışı deyərdik, şəhərdə
Avropaya inteqrasiya edilərək adı popkorn oldu – Mirzə, bərəkallah sənə!) satan yeniyetmə ilə bağlı feysbukda bölüşdüyü
statusa çoxları kimi mən də biganə qalmadım. Doğrudur günü-gündən gözəlləşən
şəhərimizin təmizliyi və ekoloji tarazlığının qorunması vacib məsələdir, lakin
olduqca həssas bir məqamda – Şuşanın ermənilər tərəfindən işğal edilməsinin
növbəti ildönümündə savadlı, dərin siyasi analizlərinə görə fikirlərinə hörmət
etdiyim Rasim müəllimdən və onunla həmfikir olan deputatdan şəhidlərimizin qisasını almaq, erməni qaniçənləri
tərəfindən təcavüz edilmiş qız-gəlinlərimizin namusunu təmizləmək, məhv edilmiş
milli mənəvi dəyərlərimizə sahib çıxmaq, ANA dediyimiz Vətən naminə torpaqlarımızın
azad olunması üçün xalqa çağırışla müraciət gözləyirdim.

Amma əksinə oldu. Təhsil almaq, idmanla məşğul olmaq, xoşbəxt
gələcəyi ilə bağlı arzularını gerçəkləşdirmək əvəzinə, kənddən şəhərə gələrək
anası və özündən kiçik bacıları üçün gələcəyin əsgəri və əsl kişi kimi sözün həqiqi
mənasında bütün zəhmətlərə, çətinliklərə, ətrafdakı məkrli, xəbis insanların
müəyyən şərtlərinə qatlaşdırdı, yaşam savaşı verən  17 yaşlı bir yeniyetmədən yazdı.

Şübhəsiz, o, heç bir pis işə qurşanmamışdı, əksinə
acımasız həyatımıza savaş açaraq qoca dünyaya yaşam dərsi keçirdi. Rasim
müəllim statusuna rəy yazan bir xanıma cavab verir ki, “o uşaq deyil, onun 17
yaşı var”. Doğrudur, Rasim müəllim, onu həyat 17 yaşında ana-bacı qeyrəti
çəkərək, yarıac, yarıtox vəziyyətdə zəhmətə qatlaşdırdı, ailəsi üçün pul qazanan
kişiyə, ailə başçısına çevirdi.

Bir ocağın işığını yandırmaqdan, bir evdə qazanı
qaynar tutmaqdan başqa nə idi onun günahı?!

Millət vəkili rus dilində paylaşdığı mətndə yazır:
“Bakılıları və paytaxtımızın qonaqlarını sevindirmək üçün milyonlarla dövlət
vəsaitinin xərcləndiyi “Azneft” meydanında yerləşən yeraltı keçiddə popkorn
satıcısı həyasızcasına özünə yer edib və tüstüsü ilə ətrafı üfunətləndirib.
İznsiz işləyir, dövlətin elektrikini pulsuz istifadə edir, vergi ödəmir. Bütün
bunlar Bakı və rayon icralarının onlarla işçisinin gözü qarşısında baş verir.
Şəxsən satıcıya və keçidin nəzarətçilərinə etdiyim irada hələ ki heç bir
reaksiya yoxdur. 

Ay məmurlar, siz bunu görmürsünüz? Bakılıları
zəhərləməmək və bizi qonaqlar qarşısında biabır etməmək üçün kimsə tədbir
görəcək?” 

İlk olaraq onu qeyd edim ki, Rasim müəllim də
bilməmiş deyil ki, Vətənimizdə nə edilirsə ilk olaraq öz vətəndaşlarımızın rifahı
və firavan yaşaması üçün edilir. Və statusdan anladıqlarımdan biri odur ki,
deyəsən narahatçılıq törədən amillərdən biri də xaricilərin yanında biabır olmamaqdır
və sən demə bu balaca uşaq “kölgə iqtisadiyyatının təməllərindən” və “ekologiyanı korlayanlardan”
imiş.

Bərəkallah, Mirzə! Uşaqda fərasətə bax !

Rasim müəllimin qaldırdığı bu “həyat əhəmiyyətli
problem” dərhal həll edildikdən sonra növbəti statusu daha da maraqlı oldu.
Belə ki, Rasim müəllim bu statusunda (yenə də rus dilində), yeraltı keçidin
təmizləndiyi və bu məsələni nəzarətdə saxlayacağı barədə qeydlər etmişdi. Eyni
zamanda, deputatımız statistik araşdırmalar apararaq qaldırdığı məsələyə ictimaiyyətin
“fəal” münasibətini əsas gətirir, “məsələnin kiçik olsa da çox vacib olduğu”
qənaətinə gəlir.

Belə ki, yazdığı statusa 350 nəfərdən müsbət rəy
gəlməsini, 200 yeni izləyici qazanaraq cəmi izləyicilərinin sayının 7100-ə
yüksəlməsini, 100 nəfərin yeni dostluq təklifi göndərməsini dediklərinin sübutu
kimi ortaya qoyur. Hə, bu arada dostlarının sayının 5000 nəfərə çatması
səbəbindən digərlərini dostluğa qəbul edə bilməməsini də yazmağı unutmayıb.

Bir “problem”i  kiçik bir statusla da yoluna qoymaq olarmış
qənaətinə gəlməsi də statusundan sezilir.

Rasim Musabəyov yuxarıda qeyd etdiyim kimi,
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsi, Azərbaycanın beynəlxalq siyasi
sistemdə yeri barədə dəfələrlə sanballı, hədəfi sərrast vuran analitik yazıları
ilə çıxış edib, ölkəmizi xarici siyasətçi və diplomatların iştirak etdiyi
beynəlxalq forum və diskussiyalarda layiqincə təmsil edib. Ancaq təəssüf
hissilə qeyd etmək lazımdır ki, bu dəfə millət vəkilinin oxu yanlış hədəfə yönəlib. 

Əgər millət vəkili müsəlmanların müqəddəs ayı olan
Ramazan ayında popkorn satan yeniyetmənin problem və qayğıları ilə maraqlansaydı,
deputat statusundan istifadə edib ona kömək əlini uzatsaydı, daha xeyirxah bir
iş görmüş və yaxud qeyd etdiyim sanbala uyğun olmazdımı? 

O ki qaldı statistikaya, hər gün insanlar qlobal problemlər ortaya qoyur. Millətin vəkili kimi onları gündəmə gətirmənizi istərdim, Rasim müəllim!  Nə qədər dostluq göndərəcəklər, izləyicilərinizin sayının artması vacib deyil məncə. Məncə, vacib olanı – “Birinə haqsızlıq edib 100 adamı ətrafına yığmaqdansa, ədalətli olub tək qalmaq daha yaxşıdır” – Mahatma Qandi.