ONN İnformasiya Agentliyi

20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir

20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir
20 Yanvar 2019 - 9:00

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 20 Yanvar hadisələrindən artıq 29 il ötür. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşüb. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Ümumiyyətlə, 1990-cı ildə Bakıda 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı soyqırımı və azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.

Qətiyyətlə demək olar ki,  29 il əvvəl törədilmiş 20 Yanvar faciəsi insanlığa qarşı qatı cinayətdir. Xalqımızın yaddaşına Qara Yanvar  gecəsi kimi həkk olunmuş bu tarix həm şəhidlərin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birlik, fəxr və şərəf günüdür, bu qanlı hadisələr bir daha nümayiş etdirdi ki, Azərbaycan xalqı müstəqilliyinin bərpası naminə mübarizə aparmaq əzmindədir. 1988-ci ildən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətində güclənən erməni separatizminə keçmiş sovet dövləti tərəfindən rəvac verilməsi, ölkəmizə qarşı qərəzli mövqe nəticəsində bu vilayətin idarə və təşkilatlarının tədricən respublikamızın tabeliyindən çıxarılması, azərbaycanlıların Ermənistandakı tarixi-etnik torpaqlarından deportasiya edilməsi xalqımızın səbrini tükəndirmişdi. Məhz xalqın etirazına cavab olaraq, o vaxtkı SSRİ rəhbərliyi Azərbaycanı cəzalandırmaq üçün bu qırğını törətdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələrinin və zirehli texnikasının heç bir xəbərdarlıq etmədən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin bir çox digər şəhər və rayonlarına yeridildi. Nəticədə beynəlxalq hüquq normalarının, keçmiş SSRİ-nin və Azərbaycan SSR-nin konstitusiyalarının müvafiq müddəalarının kobudcasına pozaraq, öz hüquqlarının, torpaqlarının və milli mənliyinin müdafiəsinə qalxmış çoxmillətli xalqımıza divan tutdu. 1990-cı ilin yanvar ayında M.Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda vəziyyətin öz məcrasından çıxdığını və hakimiyyətin təhlükədə olduğunu bəhanə edərək qoşunun yeridilməsi üçün müxtəlif dezinformasiyalar yayırdı. Guya Bakıya qoşun hərbi qulluqçuların ailələrini qorumaq, hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu, tamamilə saxta bir tezis idi. Çünki sovet rəhbərliyinin “dəlilləri” hətta həqiqətə yaxın olsaydı belə, Bakıya xüsusi təlim keçmiş qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11 min 500 əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri, eləcə də 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.

Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da M.Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin əhalinin bundan məlumatsız qalması üçün SSRİ DTK-nın “Alfa” qrupu tərəfindən yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji bloku partladıldı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və dinc əhaliyə amansız divan tutuldu. M.Qorbaçovun fərmanı qüvvəyə minənədək – yanvarın 20-də saat 00:00-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı. Belə ki, artıq yanvarın 20-də 131 insan öldürülmüş: onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar; 744 adam ağır xəsarət almış; 4 şəxs itkin düşmüş; 400 nəfər isə həbs edilmişdi. Sovet qoşunları fövqəladə vəziyyət elan olunmayan rayonlara – yanvarın 25-də Neftçalaya, bir gün sonra isə Lənkərana yeridilmiş, nəticədə hər iki rayonda dinc insanlar qətlə yetirilmişlər.

Keçmiş SSRİ rəhbərlərinin göstərişinə əsasən, Bakıya daxil olan silahlı qoşunlar milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 147 nəfər silahsız mülki şəxsi amansızcasına öldürmüş, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 744 dinc, günahsız insan yaralanmış, yüzlərlə adam itkin düşmüş, 841 nəfər qanunsuz həbs edilmişdi. Yanvarın 20-də fövqəladə vəziyyət elan edildikdən sonra da daha 21 nəfər öldürülmüşdü. O dövrdə faciə ilə bağlı ən sərt bəyanatı Ulu Öndər Heydər Əliyev vermiş və 20 Yanvar faciəsində insanlığa qarşı törədilən qırğınlara siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb etmişdir. 1993-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 20 Yanvar tarixini Ümumxalq Hüzn günü elan etmiş və bu gün respublikamızda hər il qeyd olunur.  Sovet dövləti beynəlxalq hüquq normalarını pozaraq, həmin cinayətlə Ermənistana dəstək vermiş, nəticədə Azərbaycana qarşı uzunmüddətli erməni təcavüzü, etnik təmizləmə, soyqırımı baş vermiş, torpaqlarımızın 20 faizi zəbt edilmiş, Ermənistan ərazisindən, Dağlıq Qarabağ və ətraf yeddi rayondan əhali zorla qovulmuş, bir milyon soydaşımız qaçqına və məcburi köçkünə çevrilmişdir. Azərbaycan tərəfi bu münaqişənin sülh yolu ilə həllinə daim səy göstərir. Ölkə Prezidenti cənab İlham Əliyev məlum münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmasının, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının zəruriliyini dəfələrlə və qətiyyətlə bəyan etmişdir. Həmin qanlı hadisələr zamanı hünər nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına ölkə Prezidentinin müvafiq Fərmanına əsasən “20 Yanvar şəhidi” fəxri adı verilmiş, habelə “1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” Sərəncama əsasən, müxtəlif tədbirlər həyata keçirilir, bu şəxslərə müvafiq müavinət, həmçinin onların ailələrinə Prezident təqaüdü verilir.

Çox təssüf ki, insanlıq əleyhinə törədilmiş bu dəhşətli əməl nəticəsində BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlər kobud şəkildə pozulsa da, öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən olan 20 Yanvar faciəsinə indiyədək beynəlxalq hüquqi qiymət verilməyib, aksiyanın sifarişçiləri və icraçıları cəzalandırılmayıb. Beynəlxalq hüquqa əsasən 20 Yanvar faciəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməlidir. Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun 7-ci maddəsinə əsasən, insanların məhv edilməsi, məcburi yoxa çıxarılması, siyasi, irqi, etnik, mədəni və ya cinsi motivlərə görə təqib edilməsi, işgəncə, qəsdən güclü iztirablara səbəb olma və ya ağır bədən xəsarətləri, yaxud fiziki və ya psixi sağlamlığa mühüm ziyan vurmaqdan ibarət olan digər qeyri-insani hərəkətlər insanlıq əleyhinə cinayət kimi tövsif edilir. Beləliklə 20 yanvar hadisələrinin beynəlxalq hüquqa əsasən, beynəlxalq cinayətlərin ən ağır növlərindən olan insanlıq əleyhinə cinayət kimi tövsif edilməsi üçün kifayət qədər hüquqi sənədlər və normalar mövcuddur. Eyni zamanda bu vəhşilikləri törətmiş hərbi qulluqçuların və onların icrasına əmr verənlərin, ən əvvəl isə o vaxtkı sovet dövləti rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunması üçün yetərincə əsaslar vardır.

 

 
ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png