ONN İnformasiya Agentliyi

20 Yanvar…- Əhməd Qəşəmoğlu

20 Yanvar…- Əhməd Qəşəmoğlu
20 Yanvar 2019 - 15:20

20 yanvar…


…19 yanvar,
axşam saat onbirdə,
birdən, gizlindən,
Bakının kəndlərindən
çıxdı tanklar…
tarix belə dövrana
ağlayıb qara bağlar…
gurladıqca tankların səsi…
iblis qol-qanad açırdı,
mələklərin kəsilirdi səsi….
tanklar,
bu qəvi tanklar gəldikcə
qanrıldı sanki,
gecənin qolu sındı…
tanklar cumdular
Azərbaycanın üstünə…

sanki torpaq
yol vermək istəmirdi,
qışqırırdı:
– dayanın cəlladlar!
nəşəli-nəşəli əzib keçdilər….
ağaclar kəsmişdi yolu
qışqırırdılar:
– dayanın cəlladlar! əzib keçdilər.
toyları çalınmamış,
hələ bir-birindən
ömür şirinlikli
“hə” ləri alınmamış
oğlanların, qızların arzuları
karıxmış bulud kimi, bağırdılar:
– dayanın cəlladlar!
əzib keçdilər…
körpə uşaqlar
gözləri qorxu dolu,
bir əllərində gəlincikləri,
bir əlində daraqları,
oyuncaq avtomatları,
qışqırtıydı onların
ən iti yaraqları,
əzib keçdilər…

şəhidlər ağlar kimi?
qan axdı çaylar kimi.
baş itirdi bu yer, göy
dəli haraylar kimi…

bu da Bakı….
hər tərəfdən,
qaranlıqdan qatar-qatar,
gözləri alov dolu,
quduz tək cumdu tanklar
tonqal ətrafında oturmuşdu
qocalalar, cavanlar, uşaqlar.
qadınlar qışqırdı:
– aman tanklar!
kişilər təmkinlə:
– görmürlər əliyalınıq?
bizə neynəyər onlar?
gələrlər başa salarıq,
deyərik sizi aldadırlar!
deyərik, şəhər sakitlikdir,
bura qoşun soxmaq
nakişilikdir!

tanklar, ölüm dolu o tanklar
tonqal başına çatar-çatmaz
əli avtomatlı,
saqqallı neçə nataraz,
gülləni dolu tək yağdırdı
camaatın üstünə …

hara gəldi qaçan kim,
öz canından keçən kim!
yaralananalar, qan içində
tırtılların altından çıxarırdı
daha ağır yaralıları…

asimana qalxırdı qışqırtıları.
yazıqlar qan – tər içində
xilas etdikcə ətrafdakıları,
qan aparırdı özlərini,
yıxılırdılar…
sual dolu gözləri…

neçə igid bir anda
göllənən qana düşdü,
yüz-yüz meyid,
yaralı düşdü,
yan-yana düşdü…

qulaqları qanatdı
qadın fəryadları,
qudurğan əsgərlər:
-“turki”, “turki!” bağırıb
boşaltdılar neçə dəfə
modern avtomatları…

tanklar, tankdakılar
fərəh, sevinc içində
elə bil hardansa
onlara baxan rəhbərin önündən
paraddan keçirdilər…
qabaqlarına nə keçsə,
əzirdilər, biçirdilər.

neçə yük maşını əzildi,
yerlə yeksan oldu
neçə dirək yan-yana düşdü,
üstü tamam qan oldu…

tankdakılar xumar gözlərlə,
ən müdhiş üzlərlə,
vəhşi baxışlarla
göz vurdular bir-birlərinə,
yerlə yeksan elədilər,
nə kecsə əllərinə…

yeridi tanklar
düşüb qalmış meyitlər üstündən,
yaralı, can verən şəhidlər üstündən,
əzib torpağa, daşa suvadılar…
tankdakılar, qəh-qəhlə:
– “ubey turka!” deyib,
iblis tək uladılar.
sonra cıxıb tankdan
bir andaca yığdılar meyitləri,
aparıb gizlində yox elədilər…

bir vaxt Hitleri,
faşistləri söyənlər
elə oyun çıxardı ki!
görsəydi faşistlər, dəhşətdən
hədəqədən çıxardı gözləri…

sonra,
ovdan sonra nəşələnən ovçular tək,
soldatlar
artırmaq istəyərək
quduz sevinclərini,
atəşə tutdular
Bakının dəhşətə gəlmiş evlərini…

bir anda evlrdə, eyvanlarda,
küçədə, dalanlarda
neçə meyid
tanrıya dikdi gözlərini…

yenə ov iti kimi
cumdu soldatlar
meyit toplamağa –
gizlinclərə atmağa…

əzilmiş avtomobillər,
gülləbaran divarlar,
daşlara səpələnmiş
nə qədər nahaq qanlar.
Bakı həmin vədə
böyük xarabazar oldu
küçələr, binalar
sovet soldatıyla doldu…

qan ilə dolmuşdu
hər birinin gözləri
gülləyə tuturdular
eyvanları, evləri…
qorxutmaqçün
tankla hərdən əzirdilər
insanla dolu olan avtomobilləri.

yanvarın iyirmisində,
gecə saat ikidə
işğal oldu Bakı.
raport verdi Kremlə qoşunbaşı:
– Bakı bizimdir!
oğlumuzun, qızımıznn,
nəvəmizindir!

dərhal
sərt komendat saatı qurdular,
hamını zorla
evilərinə qovdular…
zırıldadı Moskva televizorları:
– Bakıda bir dəstə
narkoman, avara insanlar
rusları, erməniləri qırmaq istərkən
qarşısını aldı
rəşadətli sovet əsgəri…

Əhməd Qəşəmoğlu

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png