ONN İnformasiya Agentliyi

Kitab sevərlərin DİQQƏTİNƏ

Kitab sevərlərin DİQQƏTİNƏ
11 Oktyabr 2018 - 10:54

ONN media xəbər verir ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycanın xalq şairi, tərcüməçi, publisist, Dövlət mükafatı laureatı Məmməd Arazın 85 illik yubileyi ilə bağlı sərgi təşkil edilib. Sərgidə şairin kitabxana fondlarında saxlanılan seçilmiş əsərləri – “Daş harayı”, “Atamın kitabı”, “Qayalara yazılan səs”, “Oxucuya məktub”, “Aylarım illərim”, “Həyatın və sözün rəngləri”, “Qanadlı qayalar”, “Dünya sənin, dünya mənim”, “Ocaq başında”, o cümlədən şairə həsr olunmuş “Məmməd Araz dünyası” (Vaqif Yusifli), “Məmməd Araz”, “Xalq şairi Məmməd Araz” (İsa Həbibbəyli), “Məmməd Araz” (Eyvaz Eminalıyev), “Bu da belə bir ömürdü…” və digər kitablar nümayiş olunur.

Xalq şairi Məmməd Araz 1933-cü ildə Şahbuz rayonunun Nursu kəndində doğulub. Ali təhsilini Azərbaycan Pedaqoji İnstitutunda alıb. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak edib. 1952-ci ildə "Yanın, işıqlarım" şeiri çap edilib. Sonrakı vaxtlarda "Ulduz" jurnalının məsul katibi vəzifəsində çalışıb, "Ədəbiyyat və incəsənət" qəzetində, eləcə də Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olub. Ədəbiyyata, poeziyaya bağlı olan şair uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə də rəhbərlik edib.

Məmməd Araz 2004-cü ildə dekabrın 1-də Bakıda vəfat edib.

Qeyd edək ki, sərgidə nümayiş etdirilən kitablar Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı əsasında həyata keçirilən “Milli Rəqəmsal Yaddaş (MRY) üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanılması, ekspertizası və etibarlı saxlanılması" adlı layihə çərçivəsində MEK-in elektron kataloqunda yerləşdirilib.

Sərgi oktyabr ayının 20-dək davam edəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png