ONN MEDİA

Mədəniyyətimizin yeni bələdçisi “Gulture Guide” kataloqu işıq üzü görüb

Mədəniyyətimizin yeni bələdçisi “Gulture Guide” kataloqu işıq üzü görüb
04 Aprel 2019 - 12:29

ONN media xəbər verir ki, ölkəmizə təşrif buyuran qonaqların mədəni istirahətini mənalı və yaddaqalan etmək, onlara Azərbaycanın tarixi və müasirliyi, zəngin mədəniyyəti, çoxçalarlı incəsənəti barədə dolğun məlumat vermək məqsədi daşıyan “Gulture Guide” (“Mədəniyyət bələdçisi”) kataloqunun ilk sayı çapdan çıxıb. Nəşr “Baku Guide” MMC tərəfindən ingilis və rus dillərində hazırlanıb. Xatırladaq ki, “Baku Guide” markası altında daha öncə eyniadlı turistik jurnal-kataloq nəşr edilirdi. “Baku Guide”ın yeni nəşri də ingilis və rusdilli oxuculara mədəniyyətimizin bələdçiliyini edir. Aprel buraxılışında ölkəmizin mədəni həyatı, o cümlədən paytaxtın teatr və konsert müəssisələrinin repertuarı, muzey və sərgi salonlarının afişası, Bakının və bölgələrimizin tarixi-mədəni irs məkanları oxuculara təqdim olunur.

Nəşr Azərbaycan haqqında, ölkəmizin tarixi və müasir inkişafı, mədəni irsi ilə bağlı təqdimat yazısı ilə açılır. Mədəniyyətimizin ayrı-ayrı sahələri, Azərbaycanın dünya sivilizasiyasının ən qədim məskənlərdən biri olması, tarixi əraziləri, dövlətçilik keçmişi, Azərbaycan Xalq Cümhuriyyəti, müstəqillik illərində ölkəmizin keçdiyi yol diqqətə çatdırılır. Ölkəmizin hər il mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi bildirilir, 2-3 may tarixində Bakıda keçiriləcək 5-ci Dünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında məlumat verilir. Azərbaycanın müsəlman Şərqində ilk peşəkar teatrın, kinematoqrafın, operanın yarandığı ölkə olduğu, Orta əsrlərdən Nizami, Nəsimi, Füzuli kimi şair-mütəfəkkirləri ilə tanındığı, 2019-cu ilin ölkəmizdə da “Nəsimi ili” elan olunduğu vurğulanır. Bildirilir ki, Azərbaycanın bir çox qeyri-maddi və maddi mədəni irs nümunələri UNESCO tərəfindən dünya mədəniyyəti xəzinəsinə daxil edilib.

Azərbaycan xalçaları haqqında yazıda xalq sənətinin bu qədim növünün tarixi, məktəbləri, müasir dövrdə xalçaçılıq ənənələrinin yaşadılması və təbliğindən, dünyada ilk olan Azərbaycan Xalça Muzeyindən bəhs olunur.

Aprelin 18-i Beynəlxalq abidələr və tarixi yerlər günüdür. UNESCO yanında Abidələrin və tarixi yerlərin mühafizəsi üzrə Beynəlxalq Şuranın təşəbbüsü ilə təsis olunan bu gün hər il ölkəmizdə də qeyd olunur. Bu mövzuya dair yazıda Azərbaycanın qədim abidələr diyarı olduğu, Naxçıvanda Möminə xatın türbəsi, Şəki xanlarının sarayı, Bakıda Şirvanşahlar saray kompleksi kimi abidələrin Şərq və dünya memarlığının möhtəşəm nümunələri kimi tanındığı diqqətə çatdırılır, tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası ilə bağlı görülən işlərdən söz açılır.

“Hər zaman bizimlə olan bayram” – bu başlıq altında dərc olunan yazıda milli-mədəni irsimizin, adət-ənənələrimizin ən qədim yaddaşı olan Novruz bayramının bu il də ölkəmizdə müxtəlif festival və şənliklərlə qeyd edildiyi vurğulanır.

“Gulture Guide”ın oxucularına Mədəniyyət Nazirliyi təşkilatçılığı ilə ölkəmizdə ikinci dəfə keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı haqqında da məlumat verilir, festivalın aprel ayında hansı rayon və şəhərlərdə gerçəkləşəcəyi diqqətə çatdırılır.

Nəşrdə paytaxtda fəaliyyət göstərən teatrlar, konsert məkanları, muzeylər, kino və sərgi zallarının aprel ayı üzrə afişası ilə yanaşı, hər bir mədəniyyət ocağı, onların yerləşdiyi tarixi binalar haqqında yığcam informasiya, ünvan və telefon nömrələri, Azərbaycan Milli Kitabxanası, 2018-ci ildən fəaliyyət göstərən Bakı Kitab Mərkəzi haqqında məlumat verilir. Həmçinin Bakının tarixi və müasir memarlıq nümunələri, İçərişəhər, minilliklərin daş yaddaşı olan Qobustan qoruğundan bəhs olunur.

Ölkəmizin qonaqlarına mədəniyyətimizin bələdçiliyini edən nəşr nəfis tərtibatda hazırlanıb. Nəşrin üz qabığındakı lirik mənzərə – dünya şöhrətli rəssamımız Səttar Bəhlulzadənin “Kəpəzin göz yaşları” əsəri isə bu bələdçiliyə ilk andam xüsusi ovqat qatır.


ONN informasiya agentliyi

image_print Çap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP