Azərbaycana oynamaq imkanı vermədik – Hapal

“Biz əla oynadıq. İlk dəqiqədən sona qədər üstün olduq. Qol buraxmağımıza baxmayaraq, çoxlu şans qazandıq. Hər şeydən razıyam”.

ONN media Qol.az -a istinadla xəbər verir ki, bu sözləri Slovakiya millisinin baş məşqçisi Pavel Hapal Avro-2020-nin seçmə mərhələsində Bakıda yığmamıza qalib gəldikləri oyundan (5:1) sonra keçirilən mətbuat konfransında deyib.

O, “Bu qədər zəif Azərbaycan yığması gözləyirdiz” sualını belə cavablandırıb: “Deməzdim ki, Azərbaycan millisi çox zəif idi. Sadəcə, biz çox yaxşı oynadıq, performansımız yüksək oldu və rəqibə oynamağa imkan vermədik”.

Hapal Avro-2020-nin final mərhələsinin Bakıda keçiriləcək oyunlarında yenidən paytaxtımıza gəlmək istədiyini bildirib: “Əlbəttə, bura qayıtmaq istərdim. Qazanılan 3 xalla yanaşı, vurulan və buraxılan qollar da sonda rol oynaya bilər. Bakı gözəl şəhərdi və böyük stadionu var. Bakı Olimpiya Stadionu kimi gözəl stadionda yenidən oynamaq istərdik”.