ONN İnformasiya Agentliyi

Döyüşçünün buynuzu olur, Nərmin Şahmarzadə?

Döyüşçünün  buynuzu olur, Nərmin Şahmarzadə?
15 Dekabr 2018 - 17:36

Züleyxa NADİR – xüsusi olaraq  ONN media üçün.

Elə  hadisələr var ki, onlara toxunmaq olmaz. Elə insanlar var ki, onlar tabudur. İstər indi olsun, istərsə də keçmişdə, istər sağ olsun, istərsə də dünyasını dəyişsin – bu tabunu, bu  toxunulmazlığı əbədiyyətdə də çiyinlərində daşıyan Milli Qəhrəman Mübariz İbrahimov kimi. Mübarizin şəhidliyi elə bir ucalıqdadır ki, ona dil uzatmaq insanlıqdan kənar bir şeydi. Çünki bu ucalığa qalxmaq üçün, ən azı, Mübariz kimi mübariz olmalısan. Əksini düşünmək, əksini dilə gətirmək qorxaqlıqdı.

Şəhidlər müzakirə olunmur, şəhidlərin ruhu qarşısında baş əyilir. Şəhidlik aşağılanmır, şəhidlik  yaddaşlara hopur. Bu, dünyanın hər yerində, dünyanın bütün xalqlarında məhz belədi. Azərbaycanda da “şəhidlər ölməz” deyə hər kəs onları  ehtiramla yad edir. Amma  bir neçə gün əvvəl bir psixoloq xanım şəhidlik zirvəsinə boylanaraq hörmətsizlik nümayiş etdirib. Şəhid Mübariz İbrahimovu qəddar adlandırıb. Görəsən niyə? Bu gənc xanım doğrudanmı bu qədər düşüncəsiz, bu qədər savadsızdı? Doğrudanmı psixoloq xanımın psixologiyasında  “yuva quran” dəyər və vicdan anlayışı bu qədər ucuzdu? Məncə, yox. Sadəcə Nərmin Şahmarzadə Mübariz İbrahimovun  qəhrəmanlığına  söykənərək məzmunsuz “qəhrəmanlıq” göstərməyə cəhd edib. Uğursuz və ucuz cəhddi!

Şahmarzadə Mübarizi Azərbaycan kişisi hesab etmir. Onun məntiqinə görə kişi sərhəddə dayanan silahlı düşməni öldürməz. Fikirlərini də belə əsaslandırır: “döyüş olmadan, vətəni, yaxınlarını, öz canını itirmək təhlükən olmadan birini öldürürsənsə, bu, qəddarlıqdı. Bəlkə də öldürdüyü erməni əsgəri bütün proseslərdən sonra doğulmuş, zərrə günahı olmayan, sərhəddə qalarkən qorxu keçirən, evə qayıtmaq üçün gün sayan biri idi. Amma kimsə onu etmədiyi bir şeyə görə günahlandırıb öldürür”. Bu, psixoloq xanımın düşüncəsi, erməni əsgərinə arxa çıxması, düşmən qüvvəni başı üzərinə qaldırmasıdı.

Düşmən əsgəri necə günahsız ola bilər? O, sıradan bir  vətəndaş, nə də uşaq, qoca, qadın deyil, əlinə silah alıb Azərbaycan torpaqlarında Azərbaycan xalqına qarşı döyüşən hərbçidi. Erməni əsgəri erməni vandalizmindən, erməni soyqırımından doğub-törəyən düşməndi. O düşmən ki, üç on ilə yaxındı Azərbaycan torpaqlarını zəbt edib. O düşmən ki, Xocalıda, Şuşada və ətraf rayonlarda  vəhşicəsinə qətlə yetirdikləri günahsız insanların ruhu  hələ neçə yüz illər  sızlayacaq. O düşmən ki, doğulan körpələrinin qulağına pıçıldadıqları ilk kəlmə “türk sənin düşmənindi” sözləridi. Bəs, bunun adı  nədi, qərradlıq deyilmi, Nərmin Şahmarzadə?

İnanmıram ki, bunları psixoloq xanım bilməsin, dərk etməsin. Amma ilin-günün  bu  çağı nədən belə bir  fikir söyləyib? Sosial şəbəkə qəhrəmanı olmaqmı istəyib? Yoxsa gündəmə gəlmək  marağı ağlınamı üstün gəlib? Bəlkə xaricdən idarə olunanlardandı? Bütün hallarda “oxu daşa dəyib”. Facebook səhifəsində söylədiyi fikirlərə  şərh yazanların çoxu onu daş-qalaq edib, hətta əndazəni aşaraq küçə sözləri ilə təhqir edənlər, olmazın söyüş yazanlar da tapılıb. Amma ən ağrılısı odur ki, Şahmarzadənin fikirlərinə qahmar çıxanlar da var.

1941-1945-ci illər müharibəsində partizan hərəkatı var idi. Alman faşizminin çökdürülməsində bu hərəkat çox böyük rol oynayıb. SSRİ-nin və Şərqi Avropanın o zamanlar işğal olunmuş torpaqlarında fəaliyyət göstərən  partizanları  heç bir dövlət mühakimə etmədi. Heç kim onları qəddar adlandırmadı. Əksinə yüzlərlə insan Sovet İttifaqı Qəhrəmanı adı aldı. Ki… onların arasında həmyerlimiz Mehdi Hüseynzadə də var və bu gün  hər azərbaycanlı onunla  fəxr edir.  Amma bu qadın deyir ki, Mübariz qəhrəman deyil, Mübariz yalnız döyüş zamanı əsgər öldürə bilər. Döyüş necə olur? Yoxsa döyüşçünün əlavə burnu-qulağı, təpəsində  buynuzu olur? Sözdə atəşkəsdi, amma yenə də analar şəhid tabutu qucaqlayırlar. Şəhid  qəbirlərinin sayı gündən-günə  artır. Oğullarımızı öldürənlər  kimdi, erməni əsgəri deyilmi? Düşmən əsgəri azərbaycanlını öldürə bilər, amma bizim oğullar  sadəcə tamaşa etməlidir, Nərmin Şahmarzadə? Partizanlar da heç bir əmr almırdı, dövlət onlara silah-sursat, ərzaq vermirdi. Arxalarında xalq dururdu, sadə  vətəndaş hər cür yardım edirdi. Bu qadına görə isə “əgər Mübariz sağ qalıb geri qayıtsaydı hərbi cinayət işi açılacaqdı çox güman. Çünki əmr almadan sərhədi keçmişdi”.

Əvvəla bu “facebook qəhrəmanı” bilməlidir ki, Azərbaycan dövləti öz əsgərini heç bir zaman ucuz tutmur. Ölkə başçısı orduda xidmət edən hər bir əsgərə maksimum diqqət  göstərilməsini tələb edir və nəzarətdə saxlayır. Kaş  ki, Mübariz sağ qalaydı. Prezident İlham Əliyevin və Azərbaycan xalqının ona olan sevgisini görəydi. Amma görünür Tanrı onun taleyinə ŞƏHİDliyi yazıbmış. Allah 22 yaşlı cəsur oğlana dünya boyda sevgi bəxş edibmiş. Nərmin şahmarzadələr isə olsa-olsa ümman qədər olan bu sevginin içində it-bata düşürlər. Əminəm ki, Mübariz İbrahimov qəhrəmanlığını görməyən şahmarzadələr qardaş  Türkiyədə ona olan sayğını görürlər. Savaşdan bəhs edən filmlərində Mübarizin xatirəsini yad edir, haqqında danışır, türk əsgərinə nümunə göstərirlər. Bunun da adı qəddarlıqdı, Nərmin Şahmarzadə?

Şahmarzadələr Mübariz İbrahimovun cəsədindən belə qorxan, günlərlə ona yaxın durmayan düşmənin ona nə etdiyini görməyiblərmi? Mübarizin cəsədinə işgəncə verən erməni vandalizminin adı nədir, Nərmin Şahmarzadə? Yoxsa bunu humanizmin ayağına yazmaq fikrindəsən? Sənin torpağına göz dikən, Azərbaycan ərazilərində at çapan, yurdundan qaçaq düşən  insanların ev-eşiyində kef edən erməninin əsgər  oğlundan hesab soruşmaq nə zamandan qəddarlıqdı? Budurmu sənin dəyər ölçün?

Məşhur rus şairi yevgeni Yevtuşenkonun çox gözəl bir şeiri var. “Əfqan qarışqası” adlanan şeirdə şair yazır:

Rus oğlu üzüqoylu qalıb əfqan çölündə.

Müsəlman qarışqalar daraşıb üz-gözünə.

Çox çətindir sürünmək…

 Kimdir gələn qarğışa?

 

Ölənin qulağına pıçıldayır qarışqa:

“Sən bilmirsən harada canını tapşırmısan,

Bircə bilirsən bunu – yaxınlıqdadı İran.

Əlindəki silahla niyə gəlmişdin bura, 

Sən hara,  İslam hara?

 

Nə verəcəkdin bizə – acların ölkəsinə?

Özünüzdə durublar kolbasa növbəsinə,

Azmıdır ölən sizdə, nə tez unutdun bunu?

Keçən davada ölən o iyirmi milyonu?”

 Rus oğlu üzüqoylu qalıb əfqan çölündə.

Müsəlman qarışqalar daraşıb üz-gözünə.

Öləni diriltməyə, ayağa qaldırmağa

Provaslav qarışqalar gələr kömək olmağa.

Amma… yetimin, dulun çoxaldığı ölkədə

Provaslav qarışqa da başlayıb azalmağa.

Bu şeir sənə nəsə deyirmi, Nərmin Şahmarzadə?

Amma mən sənə ataların sözünü xatırladım: “Arığın nə işi var qoruqda ki, onun  da vurub qıçını sındırırlar”?

 

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png