Əcnəbi rəsmilər Hüseyn Cavidə görə toplaşacaq

Aprelin 12-də Azərbaycan Dillər Universitetində (ADU) “Hüseyn Cavid və dünya ədəbiyyatı” mövzusunda respublika elmi konfransı keçiriləcək.

ONN media xəbər verir ki, Azərbaycan, türk, ingilis və rus dillərində olacaq konfransın işi “Hüseyn Cavid və türk dünyası”, “Hüseyn Cavid və Şərq ədəbiyyatı”, “Hüseyn Cavid və Qərb romantizmi” adlı 3 bölmə üzrə aparılacaq.

Konfransın açılış nitqini ADU-nun rektoru akademik Kamal Abdulla edəcək.

Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov “Cavid sənətində bəşəri genişlik”, Nim (Fransa) Universitetinin professoru Silvi Joseğam “Ədəbiyyat siyasi təhdiddirmi?”, “Kaspi” Təhsil Mərkəzinin rəhbəri, “Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva “Hüseyn Cavid Şərqin böyük mütəfəkkir şairidir”, Bakı Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdemir “Hüseyin Cavidin dram yaradıcılığında Abdülhak Hamidin təsiri”, Bakı Dövlət Universitetinin Dünya ədəbiyyatı kafedrasının müdiri, professor Cəlil Nağıyev “Hüseyn Cavid modernizmi və dünya ədəbiyyatı (Cavid dramaturgiyasından bir fraqment)”, Belqrad (Serbiya) Universitetinin dosenti Branko Vraneş “Dünya ədəbiyyatının Şərqi: Azərbaycandan Serbiyaya” mövzularında çıxış edəcəklər.

Konfransda İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan bəy Fənani, Venesuelanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Martinez Berroteran, Kubanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondonun iştirakı gözlənilir.