11 mart, Bəşir Səfəroğlunun doğulduğu gündür

11 mart (1925-1969 ) Azərbaycan teatr və kino
sənətinin görkəmli simalarından biri, bənzərsiz gülüş ustası, xalq artisti
Bəşir Səfəroğlunun doğulduğu günüdür.

Bəşir Səfəroğlu (Səfərov Bəşir
Səfər oğlu) 1925-ci ildə Bakıda dünyaya göz açıb. O, sanki körpəliyindən əzablı
ömür yaşamağa məhkum edilib. Yeddinci sinifdən sonra ailə vəziyyətinin ağırlığı
ilə əlaqədar məktəbdən uzaqlaşmalı olub. On dörd yaşında ikən sürücülər
klubunun dram dərnəyinə gedib. Birpərdəli məsxərələrin tamaşalarında kiçik
rollarda oynayıb.

1941-ci ilin sonunda müharibəyə yollanan Bəşir
1942-ci ildə ağır döyüşlərin birində kontuziya alaraq ordudan tərxis edilib. Bu
zaman onun dili tutulmuş, qulaqları isə ağır eşitməyə başlayıb. Bir müddət
fəhlə, yük maşınının sürücüsü işləyib.

Rejissor Niyaz Şərifov ona müntəzəm olaraq teatr
tamaşalarına gəlməyi məsləhət görür. O, tamaşalara baxmağa başlayır. Bir müddət
sonra isə gənc Bəşiri truppaya aktyor qəbul edirlər. Yaradıcılıq ehtirası ilə
çırpınan Bəşir Səfəroğlu həyəcanlanır, daxili iztirablar keçirir. Həyatının bu
gərgin çağlarında o, yuxuda bərk həyəcanlanır və bu an möcüzə baş verir. Bəşir
Səfəroğlunun dili açılır.

Həmin vaxtdan onun zəngin aktyorluq tarixçəsi
başlayır. İlk əvvəl Üzeyir Hacıbəylinin və Zülfüqar Hacıbəyovun klassik
operettalarında, əsasən isə çağdaş dramaturq və bəstəkarların musiqili
komediyalarında müxtəlif xarakterli, satirik, yumoristik, məzhəkəli rollarda çıxış
edir.

Bu gün adı dillər əzbəri olan görkəmli aktyorun
səhnə yaradıcılığında Möhsün (“Beş manatlıq gəlin”), Qaradavoy və
Çiko (“Keto və Kote”), Qoçu Əsgər və Məşədi İbad (“Məşədi
İbad”), Uzun və Nəcəf (“Durna”), Qədir və Gülümsərov
(“Ulduz”), Səlyanski və Qəhrəman (“Gözün aydın”), Ohan
yüzbaşı və Hacı Qara (“Xəsis”), Kazbek (“Kəndimizin
mahnısı”), Şulu, Muxtar bəy (“Əlli yaşında cavan” və
“Evliykən subay”), Mir İsmayıl (“Qızıl axtaranlar”), Baləmi
(“Rəisin arvadı”), Qiya (“Tiflis nəğməsi”), Əli Dinməzov
(“Bir dəqiqə”), Hacı Kərim (“Hacı Kərimin Aya səyahəti”),
Qoçu (“Keçmişin məişət səhnələri”), Nadir və Azay
(“Qızılgül”), Murtuzov, Dayandur, polis rəisi (“Özümüz
bilərik”, “Olmadı elə, oldu belə” və “Milyonçunun dilənçi
oğlu”), Firuzbala (“Altı qızın biri Pəri”), Səbrəli (“Bizə
bircə xal lazımdır”), Əsgər Nəcəfoviç (“Ləpələr”) və s. rollar
xüsusi yer tutur.

Bəşir Səfəroğlu istedadlı kino aktyoru kimi də
yaddaqalan obrazlar yaratmışdır. Onun “Azərbaycanfilm”in istehsal
etdiyi “Əhməd haradadır?” və “Ulduz” filmlərində Sərxoş və
Gülümsərov, “Tacikfilm”in çəkdiyi “Xoca Nəsrəddinin 12
qəbri” kinolentində Xacə Nəsrəddin rolları görkəmli aktyora ümumxalq
məhəbbəti qazandırıb.

Yaşlı nəslin nümayəndələri ötən əsrin altmışıncı
illərinin ortalarında Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında
yaradılan “Gəlməli, görməli, gülməli” miniatür teatrının fəaliyyətini
yaxşı xatırlayırlar. O zamanlar tamaşaçıların böyük rəğbətini qazanmış bu
kollektivdə Bəşir Səfəroğlu bu gün də aktuallığını qoruyub saxlayan onlarla
satirik obraz yaradıb.

Qısa, lakin mənalı ömür yaşamış unudulmaz gülüş
ustasının parlaq yaradıcılığı layiqincə qiymətləndirilmişdir. Bəşir Səfəroğlu
Azərbaycan Respublikasının Xalq Artistidir. Rejissor Rauf Kazımovski görkəmli
gülüş ustası Bəşir Səfəroğlu haqqında eyniadlı bədii-sənədli televiziya filmi
çəkmişdir. Bakının mərkəzi küçələrindən biri onun adını daşıyır.

Şöhrətli sənətkar yaradıcılığının çiçəkləndiyi bir vaxtda – 1969-cu il martın 23-də dünyasını dəyişmişdir.

Allah rəhmət eləsin!