Nazir Xalq artisti İlham Namiq Kamalı yubileyi münasibətilə təbrik edib

Yanvarın 9-da Xalq artisti, tanınmış teatr və kino xadimi İlham Namiq Kamalın anadan olmasının 70 ili tamam olur.

Mədəniyyət Nazirliyindən ONN media -ya verilən məlumata görə, Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev yubiley münasibətilə sənətkarı təbrik edib. Nazir təbrik məktubunda Xalq artistinin milli teatr sənətinin inkişafında fəaliyyətini yüksək qiymətləndirərək, ona 70 illiyi münasibətilə ən xoş arzularını çatdırıb.

“Siz respublikamızın tanınıb-seçilən, sevilən sənətçilərindən birisiniz. 50 ildən artıq bir dövrü əhatə edən dolğun yaradıcılığınız sənətsevərlərin məhəbbətini qazanmışdır”, – deyə təbrik məktubunda vurğulanır.

Qeyd olunur ki, respublikamızın teatr ictimaiyyəti istedadlı aktyorun yaradıcılığını  yaxından izləyir. Bu illər ərzində onun yaratdığı bir çox obrazlar – Xan, Müsyo Jordan, dərviş Məstəlişah (“Lənkəran xanının vəziri”, “Müsyo Jordan və dərviş Məstəlişah”, M.F.Axundzadə), Səfər (“Əks-səda”, N.Xəzri), Qubad, Cəmil, İran şahzadəsi (“Bağlardan gələn səs”, “Unuda bilmirəm”, “Xurşidbanu Natəvan”, İ.Əfəndiyev), Firuz, Lağlağı, Tarik Tərlan (“Şəhərin yay günləri”, “Sizi deyib gəlmişəm…”, “Adamın adamı”, Anar), Camal (“Nişanlı qız”, S.Rəhman), Canəli (“Qarabağ əfsanəsi”, Q.Rəsulov), Narçın (“Qanlı Nigar”, S.Şendil), Kinto, Doktor Qaratay (“Knyaz”, “Afət”, H.Cavid), Kişi (“Mənim ərim dəlidir”, Elçin), Zaman Həsənli (“Bu dünyanın adamları” N.Orucov), Sarı (“Varlı qadın”, Ə.Əmirli), Mərcan bəy (“Ər və arvad” Ü.Hacıbəyli) və başqa rollar maraqla qarşılanıb.

Minlərlə kinosevər sənətkarı İlqar (“Qaynana”), Əbdürrəhman (“Qəribə adam”), Jurnalist (“Uzun ömrün akkordları”), Əli (“Qızıl qaz”), Anar (“Bəyin oğurlanması”) kimi kino qəhrəmanlarının adı ilə də tanıyır və sevir.

Təbrik məktubunda daha sonra deyilir: “Əminəm ki, bundan sonra da qazandığınız bilik və təcrübənizi bölüşəcək, milli mədəniyyətimizin inkişafında öz dəyərli xidmətlərinizi əsirgəməyəcəksiniz. Sənətdə əldə etdiyiniz nailiyyətlərə görə Siz ən yüksək fəxri adlara və mükafatlara layiq görülmüsünüz. Yüksək təltifləriniz Sizi tanıyıb sevənlərin qəlbini bu gün də qürurlandırır.

Bu fərəhli gündə anadan olmağınızın 70 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin kollektivi və şəxsən öz adımdan Sizi ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, yeni yaradıcılıq uğurları arzulayıram”.