“Ölülər” beynəlxalq festivalda çıxış edəcək

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı “Ölülər” tamaşası ilə Azərbaycanı Mahaçqalada keçiriləcək beynəlxalq teatr festivalında təmsil edəcək.

ONN media bildirir ki, festival Dağıstanın Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və M.Qorki adına Dövlət Respublika Rus Dram Teatrının təşkilatçılığı ilə baş tutacaq. Bu, Dağıstanda ilk dəfə keçirilən Xəzəryanı Dövlətlərin Beynəlxalq Milli Teatr Festivalıdır. 

Festivalda Rusiya, Azərbaycan, Qazaxıstan və Türkmənistandan olan 18 teatr iştirak edəcək.

Beynəlxalq mədəniyyət tədbirində “Ən yaxşı tamaşa”, “Ən yaxşı mono tamaşa”, “Ən yaxşı rejissor işi”, “Ən yaxşı qadın rolu”, “Ən yaxşı kişi rolu” və s. nominasiyalar üzrə mükafatlar təqdim olunacaq.

Festivalın ilk tamaşası Tatarıstandan olan Tukay adına Atnin Dövlət Dram Teatrının “İtirilən gün”, son nümayişi isə aprelin 29-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının “Ölülər” əsəri olacaq.

Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanmış eyniadlı ikihissəli komediya-tamaşa teatrın direktoru və bədii rəhbəri, Xalq artisti Azər Paşa Nemətovun quruluşu əsasında səhnələşdirilib. Səhnə əsərinin rejissorları isə gənc rejissorlar  Anar Sadıqov və Əlif Cahangirlidir. Tamaşada görkəmli bəstəkar, SSRİ xalq artisti Qara Qarayevin “Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim olunur.

Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir.

“Ölülər”in Şeyx Nəsrullahı xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə əməkdar artist Anar Heybətovdur.

Tamaşada digər rolları xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, Sabir Məmmədov, Əjdər Həmidov, əməkdar artistlər Aslan Şirin, Elşən Rüstəmov, Əli Nur, Elxan Quliyev, Məzahir Cəlilov, Kazım Həsənquliyev, Mirzə Ağabəyli, aktyorlar Elçin Əfəndi, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Canəli Canəliyev, Elnur Qədirov, Rüstəm Rüstəmov, Mətləb Abdullayev, Xədicə Novruzlu, Ləman İmanova, Rada Nəsibova məharətlə canlandırırlar.

Xronometrajı 130 dəqiqə olan səhnə əsərində rəsmlərin quruluşu Azər Paşa Nemətova məxsusdur.