ONN İnformasiya Agentliyi

“Heydər Əliyev elə hərbi hissədə xidmət edir ki, o, ən gərgin döyüş gedən yerlərdə də peyda ola bilər” — PA rəsmisi ilə MÜSAHİBƏ

“Heydər Əliyev elə hərbi hissədə xidmət edir ki, o, ən gərgin döyüş gedən yerlərdə də peyda ola bilər” — PA rəsmisi ilə MÜSAHİBƏ
21 Sentyabr 2018 - 23:22

Azərbaycanın Prezident Adminstrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri, YAP Siyasi Şurasının üzvü Qafar Əliyevin "Ölkə.Az" xəbər portalına müsahibəsi:

 – Bu gün Milli Məclisdə Azərbaycan parlamentinin yaranmasının 100 illik yubileyi təntənəli şəkildə qeyd olunur. Bu istiqamətdə daha hansı tədbirlərin keçirilməsi nəzərdə tutulur?

– İlk növbədə qeyd edim ki, Azərbaycan demokratik ənənələri olan ölkədir. Şərqdə ilk müsəlman ölkəsidir ki, 1918-ci il mayın 28-də Azərbaycanda parlamentli Respublika qurulub. Azərbaycan Parlament ənənəsi olan ölkədir. Baxmayaraq ki, 1920-ci ildə Azərbaycan Demokratik Respublikası süquta uğrayıb, ancaq SSRİ dövründə də ölkəmizdə Parlament mövcud olub. 1920-1991-ci illərdə Azərbaycan Ali Soveti çox demokratik qaydada fəaliyyət göstərib, qanun və qərarlar qəbul edib.

1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Ali Soveti yerində Milli Şura yaradılıb.
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Milli Məclisə sədr seçilib. Bu müddətdə Azərbaycanın dövlət quruculuğu və inkişafı üçün vacib qərarlar qəbul edilib, Parlament ənənələrinin bünövrəsi qoyulub. Bu gün isə Milli Məclis Azərbaycanın demokratik dövlət quruluşunun inkişafına böyük töhfələr verir. Bu baxımdan da indi Azərbaycan Parlamentinin 100 yaşının qeyd edilməsi və bu mərasimlərə 100-dən çox ölkənin spiker və vitse-spikerlərinin dəvət edilməsi böyük əhəmiyyətə malikdir. Bununla bütün dünyaya nümayiş olunur ki, Azərbaycan demokratik və zəngin Parlament ənənələri olan ölkədir.

– Son günlər Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanı açıq-aşkar hədələyən bəyanatlarla çıxış edir. Bu cür fikirlərə münasibətiniz necədir? 

– Açıq demək lazımdır ki, indi Paşinyanın vəziyyəti çox ağırdır. Çünki Ermənistanda qarşıdan parlament seçkiləri gəlir. Ermənistan parlamentində təmsil olunan 105 deputatın əksəriyyəti isə hakimiyyətdən salınmış Sarkisyanın, Köçəryanın tərəfdarlarıdır. Nikol Paşinyan hakimiyyətə miqtinq yolu ilə küçədən gəlib. Yəni, Paşinyan küçə mitinqçilərinin təzyiqi ilə hakimiyyəti zəbt edib. O, öz hakimiyyətini qanuniləşdirmək üçün qarşıdan gələn parlament seçkilərində qələbə çalımalıdır. Ona görə də Paşinyan seçkilərdə qalib gəlmək üçün mütləq bu cür popilist çıxışlar etməlidir. O, erməni millətçilərinin səsini qazanmaq üçün müharibə şüarları səsləndirir. Hesab edirəm ki, Paşinyanın Azərbaycanla bağlı çıxışları da bu məqsədə yönəlib. 

Bəzən mətbuatda yazırlar ki, Ermənistan parlamenti Azərbaycana müharibə elan etdi. Mən bunu qeyri-ciddi qarşıladım. Yəni, necə olur ki, bir dövlətə müharibə elan edirsən, amma özün hərəkət etmirsən. Araşdırıb baxanda, məlum olur ki, Ermənistan parlamenti Azərbaycana "şərti müharibə" elan edib. Bəs "şərti müharibə" etmək nə deməkdir? Bununla Ermənistan rəhbərliyi özünü gülünc vəziyyətə salır. Ümumiyyətlə, hərb tarixində "şərti müharibə" anlayışı mövcud deyil.

Bilirsiniz, bütün bunlar bir daha Ermənistan daxilindi ictimai-siyasi gərginliyin pik həddə çatdığının göstəricisidir. Bəlkə də indiki Ermənistan rəhbərliyi düşdüyü ağır vəziyyətdən çıxmaq üçün ölkə daxilində bu cür qarışıqlıq yaradır. Yəni, Paşinyan seçkilərdə uduzacağından qorxaraq müharibə törətmək istəyir. Bu mənada Ermənistan baş nazirinin səsləndirdiyi bəyanatların arxasında Nikol Paşinyanın düşdüyü ağır vəziyyətdən çıxış yolunu tapa bilməməsini görürüəm. Təsəvvür edin ki, Paşinyan Azərbaycanı hədələyən bəyanatlar verir, amma onun həyat yoldaşı isə Azərbaycan analarına müraciət edərək sülh istədiyini bildirir. Deməli, bir ailədə baş nazirin müharibə belə bəyanatlar verməsinə onun xanımı belə qarşı çıxır. Hətta, Paşinyanın yürütdüyü siyasətə onun həyat yoldaşının böyük təsiri var. 

Paşinyan və onun komandası birmənalı şəkildə dərk etməlidir ki, Ermənistanın indiki vəziyyətə düşməsinin əsas səbəbi işğalçılıq siyasətləri ilə bağlıdır. Əgər ermənilər vəziyyətdən çıxıçş yolunu axtarırsa, ilk növbədə Azərbaycan torpaqlarını işğaldan azad etməlidir. Paşinyan o zaman ölkəsini böhrandan çıxara bilər ki, o, Azərbaycana sülh təşəbbüsləri etsin və işğal etdikləri Azərbaycan torpaqlarını könülli şəkildə tərk etsinlər.    
Yoxsa Paşinyan hədələməklə özünü ancaq pis vəziyyətə salacaq. 

Ümumiyyətlə, ciddi siyasətçi ailə məsələsini gündəmə gətirməklə özünə reytinq qazanmağa çalışmaz. O, Azərbaycan Prezidentinin övladının harada hərbi xidmət etməsi məsələsindən danışıb. 

Birincisi, cənab Prezident İlham Əliyevin oğlunun hansı hərbi hissədə xidmət etməsi Azərbaycanın daxili işidir. Digər tərəfdən isə Heydər Əliyev elə bir ciddi hərbi hissədə xidmət edir ki, o, təkcə Bakıda deyil, Azərbaycanın hər bir yerində, hətta, ən gərgin döyüş gedən hərbi hissələrdə də peyda ola və döyüşə bilər. Axı Paşinyan bunu nə üçün müqayisə etməlidir? Bu, müqayisəolunmaz məsələdir. Paşinyan deyir ki, oğlu Dağlıq Qarabağda hərbi xidmət keçir. Əslində, bu açıqlaması ilə Paşinyan özü-özünü rüsvay edir. Çünki Paşinyan özünün də tanımadığı və Azərbaycan ərazisi olan Dağlıq Qarabağdadır. Bəs Paşinyanın oğlu Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ ərazisində nə gəzir? Düşünürəm ki, Paşinyan öz oğlunu Qarabağa göndərməklə özünə reytinq qazanmağa çalışır. Paşinyanın belə reytinqə ehtiyacı vardı. Ancaq Paşinyandan fərqli olaraq Azərbaycan Prezidentinə bu cür ucuz şou və reytinqlər lazım deyil. Çünki cənab Prezident gördüyü böyük işlərlə Azərbaycan xalqı arasında böyük nüfuz vı reytinq qazanıb.   

– Hazırda ən böyük diaspor təşkilatı hesab olunan Avropa Azərbaycanlıları Konqresinin fəaliyyətini necə qiymətləndirirsiniz? 

– Biz 2017-ci ilin fevral ayında Amsterdam şəhərində Avropa Azərbaycanlıları Konqresinin 6-cı növbədənkənar Qurultayını keçirtmişik. Sahil Qasımov da Avropa Azərbaycanlıları Konqresinin prezidenti, İdarə Heyəti və Şura üzvləri də seçilib. Həmin Qurultayda Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli müəllim Həsənov və digər yüksək vəzifəli dövlət rəsmiləri, səfirlər, millət vəkilləri də iştirak ediblər. Orada azərbaycanıların böyük bir təşkilatı formalaşıb. Avropada fəaliyyət göstərən ən nüfuzlu diaspor təşkilatları Avropa Azərbaycanlıları Konqresinin tərkibinə daxil edilib.   
Dünyanın bəzi ölkələrində diaspora təşkilatlarının parçalandığı bir dövrdə sevindirici haldır ki, Avropa Azərbaycanlıları Konqresi öz fəaliyyətini daha da genişləndirib. Bu gün Azərbaycanın bu sahədə daha çox ehtiyacı olduğu ölkələr də məhz Avropa dövlətləridir. Bu gün Avropa dövlətlərinin əksəriyyətində təşkilatlanan diaspora fəaliyyəti mövcuddur. 

Ötən bir il ərzində Avropa Azərbaycanlıları Konqresinin keçirdiyi tədbirlər, gördüyü işlər onu deməyə əsas verir ki, bu təşkilat həqiqətən Azərbaycan diaspor təşkilatları içərisində dünya miqyasında olan güclü və fəal təşkilatdır. İnanıram ki, Avropa Azərbaycanlıları Konqresinin gələcək fəaliyyəti də uğurlu olacaq. Mən Avropada və dünyada yaşayan azərbaycanlıları Avropa Azərbaycanlıları Konqresinə dəstək verməyə və təşkilat ətrafında birləşməyə çağırıram. 

Dünyada gedən geosiyasi proseslərə görə Avropa Azərbaycanlıları Konqresi də öz fəaliyyətini buna uyğun qurmalıdır, xarici ölkələrin dövlət, parlament və KİV nümayəndələri ilə daha sıx əlaqələr yaratmalıdır, həmin dairələrə Azərbaycan dövlətinin Qarabağ problemi ilə bağlı yürütdüyü siyasətdən, regionda gedən proseslərin mahiyyətindən bəhs etməlidirlər. 

Ümumiyyətlə, bütün Azərbaycan diaspor fəalları aralarında olan bəzi inciklikləri kənara qoyub bir yumruq olmalıdır, hamımız bir hədəfə çalışmalıyıq. Daha bəzi cılız fikirlərlə və bir-birimizi günahlandırmaqla heç nəyə nail ola bilmərik. Ona görə də hesab edirəm ki, hər birimiz yalnız və yalnız Qarabağ naminə səfərbər olmalıyıq, gücümüzü birləşdirməliyik.     

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png