ONN İnformasiya Agentliyi

“Qələmi əlimə alandan sonra kimsə məni yazmaqdan saxlaya bilməz”- Yunus Oğuz

“Qələmi əlimə alandan sonra kimsə məni yazmaqdan saxlaya bilməz”- Yunus Oğuz
28 Sentyabr 2018 - 14:57

ONN media AzNews.az-a istinadla Yunus Oğuzun müsahibəsini təqdim edir.

“Qələmi əlimə alandan sonra kimsə məni yazmaqdan saxlaya bilməz”

Yunus Oğuz: “Mənim Teymurum deyirdi: “Nə deyirsiz, dünyaya qılıncla hökm edən bir insan, dünyaya sözlə hökm edən bir insanı edam etsin?””

– Yunus müəllim, bu yaxında “Səfəvi şeyxi” adlı romanınızı bitirmisiniz. Səhv eləmirəmsə bu sizin sayca 9-cu tarixi romanınızdır.

– Bəli.

– Nə vaxt çap olunacaq?

– Yəqin ilin axırına kimi kitab şəklində çıxar.

– Roman kim haqqındadır?

– Təbii ki, kitabda Şeyx Səfi, Teymurləng, qaraqoyunlu Cahanşah, ağqoyunlu Uzun Həsən, İstanbulun Fəthi, Saray Xatun və başqaları barədə də xeyli məlumat var, ancaq əsasən Şeyx Cüneydin həyatı və fəaliyyəti üzərində dayanmışam.

– İstər Fərman Kərimzadənin, istər Əzizə Cəfərzadənin, istərsə də Əlisa Nicatın və başqalarının əsərlərində Şeyx Cüneyd obrazı işlənib. Sizin Şeyx Cüneyd ədəbi obraz kimi özünə qədərkilərdən nə ilə fərqlənir?

– Fərman Kərimzadənin və o biri yazıçıların əsərlərində Şeyx Cüneyd fraqment kimi verilib. Mən bu əsəri yazmaq üçün onlarla əlyazmadan, mənbədən istifadə eləmişəm. Fərman Kərimzadənin, Əzizə Cəfərzadənin, Əlisa Nicatın dövründə həmən əlyazmalar yox idi.

– Belə çıxır romana yeni faktlar əlavə etmisiniz?

– Əlisa Nicatın əsərində fokus mərkəzində Şah İsmayıldır. Əlisa Nicat Şeyx Cüneydlə Şeyx Heydərin Şirvana gəlib qətlə yetirilmələrini epizodik göstərir. Amma heç kim bilmir ki, Şeyx Cüneyd Şirvana niyə gəlmişdi?

– Niyə gəlmişdi?

– Uzun Həsən bacısı Xədicəni Şeyx Cüneydə vermişdi. Şeyx Cüneydin toyu ərəfəsində 20 min döyüşən əsgəri-müridi vardı, Uzun Həsən heç o qədər ordu toplaya bilmirdi. Ona deyirdilər ki, sənin bu qədər ordun var, niyə dövlət qurmursan? Onun qaynanası Saray xatun, Sara yazmayasan, bu yanlışdır. Nədənsə Sovet dövründə o diplomat qadının adını hamı Sara xatun kimi yazıb, ancaq adı Saray xatundur. Bəli, Saray xatun və Həsən bəy Şeyx Cüneydi təhrik edirdilər ki, ordun var, amma dövlətin yoxdur, torpağın yoxdur. Bu nə deməkdir? Şirvan o zaman ən zəif halqa idi. Kim istəyirdi hücum edib nəsə qoparırdı. 1501-ci ildə məhz Şah İsmayıl da buna görə Şirvana hücum elədi.

– O zaman bu hücum qisas məqsədi daşımırdı?

– Qətiyyən. Şah İsmayılın Şirvana hücumunun məqsədi də babası, atası kimi dövlət qurmaq idi.

– Şeyx Cüneydin daha hansı xüsusiyyətləri vardı?

– Şiəliyi bu əraziyə Şeyx Cüneyd gətirib. Ona qədər həm xalqımız, həm də Səfəvi şeyxləri sünni idilər. Şeyx Cüneyd gördü ki, yeni dövlət yaratmaq üçün başqa təriqətə keçmək lazımdır. Çünki onun əmisi və hamisi Şeyx Cəfər də Ərdəbildə, Təkkədə hakimiyyəti ələ keçirmişdi. Buna görə də Şeyx Cüneyd elan elədi ki, şiə təriqətinə keçirəm, “əhli-beyt” haqdır. Qızılbaş çalmasını geyinmək adəti isə Şeyx Heydərin vaxtında yaranıb.

– Əsərlərinizin sizin üçün tarix tərəfi daha əhəmiyyətlidir, yoxsa ədəbiyyat tərəfi?

– Mən ixtisasca tarixçiyəm. Bu faktları elmi əsər şəklində də yaza bilərəm, ancaq onda çox az adam oxuyacaq, bədiiləşdirib yazanda daha çox insanın marağı yaranır. Passionarlıq nəzəriyyəsi ilə bağlı bir elmi əsər yazdım. Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə dərc olundu. Amma çox az adam oxudu. Çünki Azərbaycanda cəmi üç nəfər passionarlığın nə olduğunu bilir. O əsəri Qumilyova da təqdim etdim, ona dedim ki, bəzi fikirlərinlə razılaşmıram. Sən yazmısan ki, biz türklər Asiyadan gəlmişik, mənsə sübut etmişəm ki, biz bu coğrafiyadan Asiyaya getmişik.

– Qumilyov nə dedi?

– Qoca kişi idi, dedi ki, Allah bilər hansımız düzük (gülür).

– Belə bir fikir var ki, hər bir yazıçı nə yazdığını, necə yazdığını gözəl bilir. Bəs Yunus Oğuz öz yazdıqları haqqında nə düşünür, özünü necə yazıçı hesab edir?

– Onu mən yox, gələcək nəsillər deyə bilər. Əgər Elmlər Akademiyasının Ədəbyyat İnstitutu bədii əsərlərimin müzakirəsini keçirirsə, əgər bütün kitablarıma Nizami Cəfərov rəy verirsə hər halda pis yazmıram. Çünki Nizami Cəfərov bəyənməsə heç vaxt rəy yazmaz.

– Sizin tarixi əsərləriniz Fərman Kərimzadənin, Əzizə Cəfərzadənin, Əlisa Nicatın və başqalarının əsərlərindən nə ilə fərqlənir?

– Onlar elə dövrdə yaşayırdılar ki, ideologiyanın pəncəsində əsir olmuşdular. İstədiklərini yaza bilmirdilər. Mənimsə belə problemim yoxdur. Əlimin altında əlavə mənbələr var, onlara istinad edirəm. Məsələn, Əmir Teymurdan iki cildlik roman yazdım. Dünya Əmir Teymuru zalım bilirdi, mən tamamilə başqa rakursdan verdim, Qazaxıstanda, Özbəkistanda təqdim olundu, 300 min tirajla təqdimatı oldu. Türkiyədə isə dedilər ki, 50 ildi bizdə Teymurdan heç nə yazılmırdı. Nə var, nə var, guya Teymur Bəyazidi təhqir eləmişdi. Sən isə elə vermisən ki, Teymur Bəyazidi təhqir eləmir. Dedim həqiqətən Teymur Bəyazidi təhqir eləməyib, onlara mənbələr göstərdim.

Gərək mənbəni də oxuya, ordakı alt mənanı tuta biləsən. Məsələn, Sivasda 4 min erməni əsgərini Teymur diri-diri basdırıb. Mənbədə bu barədə sadəcə olaraq bir cümlə gedib. Niyə basdırıb? Bu cür dahi adam niyə belə eləsin? Səbəb nə idi? Sən demə Sivasda ermənilər Xocalıda olduğu kimi dinc sakinləri qətlə yetiriblər. Erməni məliki də Teymura “Sən bizə söz vermişdin ki, qan tökməyəcəksən” deyəndə Teymur da cavab verib ki, qan tökməyəcəm ki, diri-diri basdıracam.

– İsa Hüseynovun “Məşhər” romanında Əmir Teymurla Nəsimi görüşür. Halbuki tarixdə o görüş olmayıb. Sizin romanda necə şahla şair görüşür?

– Bu film insanların beyninə yer edib deyə düşündüm ki, İsa Hüseynovun “səhv”ini təkrarlayım. Odur ki, Teymurla Nəsimini görüşdürdüm. Mənim əsərimdə Teymur Nəsimini Sivas həbsxanasında çıxarır və İsa Hüseynovun Teymurundan fərqli olaraq mənim Teymurum sözün qılıncdan böyük olduğunu qəbul edir. Teymur deyir: “Nə deyirsiz, dünyaya qılıncla hökm edən bir insan, dünyaya sözlə hökm edən bir insanı edam etsin?”

– Səhv etmirəmsə bir neçə il əvvəl əsərlərinizin dilinə görə mətbuatda tənqid olunmuşduz.

– Normaldı. Peyğəmbər deyiləm ki, mən də tənqid oluna bilərəm.

– Yadımdadır, “Nadir şah iclas elədi” cümlənizə görə sizə irad tutulmuşdu

– Necə istəyirsiz ki, o dövrün dili ilə yazım heç kəs oxumasın? İclas iclasdır da. Bəs nə yazım? Məşvərət də yaza bilərəm. Ancaq kim o sözü bilir?

– Ümumiyyətlə orta əsrlərin dilini, üslubunu saxlamağa çalışırsınız?

– Mən müasir insanlar üçün yazıram, ona görə dil də müasir olmalıdır. Özüm bilə-bilə bu cür yazıram.

– Bir məsələ də var ki, eyni irad İsa Hüseynova, Əlisa Nicata tutulmayıb, sizə tutulub.

– Ola bilsin məni oxuyan İsa Hüseynovu, Əlisa Nicatı oxumayıb. Hər şey ola bilər. Sizə bir şeyi də deyim. Nadir şah elə bizim kimi danışırdı, o vaxtın danışığının indiki danışığımızdan çox böyük fərqi yox idi.

– Kitablarınızın satışı sizi qane edir?

– Kitablarımın satışı məni dolandırır. Təkcə Azərbaycanda yox, 20 ölkədə 48 kitabım çıxıb.

– Çingiz Abdullayevi ötüb keçmisiniz ki.

– Çingiz Abdullayevə çata bilmərəm. Onun təkcə 80 romanı mənim evimdədi. Bəlkə də mən də detektiv yazsaydım həmin ölkələrdə tirajım daha çox olardı.

– Türk tarixi roman yazarlarının əsərlərinə münasibətiniz necədir; Ahmet Ümid var, yarı tarixi, yarı detektiv yazır, İskəndər Pala var.

– İskəndər Pala FETÖ-çü idi. Onu FETÖ-çülər məşhurlaşdırmışdılar. O da niyə görə? “Şah və Sultan”ı yazıb, Şah İsmayılı təhqir etdiyinə görə. İskəndər Pala kimi yazıçılar sifarişlə yazırlar. Mənə isə sifariş olunmur, özüm kimdən istəyirəmsə ondan da yazıram.

– Gələcəkdə kimdən yazmaq istəyirsiz?

– Açığı, fikrim çoxdur. Məsələn, Sacilərdən yazılmayıb. Niyə yazılmasın? Sacilərin möhürünün üstündə Azərbaycan dövlətinin adı var, özü də hamısı türk olub.

– Deməli, baxırsız ki, hansı tarixi dövrdə boşluq var, o dövrdən də yazırsınzı?

– Təbii, niyə də baxmayım? Ancaq bununla iş bitmir ki. Qələmi əlimə almayana kimi hələ bilmirəm nə yazacam. Düzdür, mənbələri oxuyub öyrənirəm, beynimdə maketi qururam. Qələmi əlimə alandan sonra isə daha kimsə məni yazmaqdan saxlaya bilməz. Mən artıq o tarixi şəxsiyyətlərin yanında oluram, onlarla nəfəs almağa başlayıram. O tarixi hadisələr gözlərimin qarşısında canlanmağa başlayır.

– Tariximizin bizim bilmədiyimiz qaranlıq dövrləri çoxdurmu?

– Bəli çoxdur. Bunların hamısını yazıb üzə çıxartmaq lazımdır. Məsələn, Sultan Məhmətlə Uzun Həsən vuruşublar, hətta anası Saray xatun sultandan xahiş edib ki, oğluma dəymə. Biz bu tarixi yaxşı bilmirik. Yaxud Teymurun oğlu Şahrux 47 il hakimiyyətdə olub, təkcə Azərbaycanı yox, Şirvana qədər böyük ərazini əlində saxlayıb. Türk dövlətinin gözəl paytaxtından biri Herat olub. Biz bunu da bilmirik, yazılmayıb.

– Türklər də bu barədə yazmayıblar?

– Onların Əmir Teymurdan zəhləsi gedir. Heç nəslindən də yazmağa qoymayıblar. Dərsliklərdə də yazırlar ki, Şah İsmayıl arvadını atıb qaçıb.

– Siz niyə onlara cavab verməmisiniz?

– Kim deyir verməmişəm? “Şah Təhmasib”də Sultan Süleymanı dörd dəfə Azərbaycana gətirmişəm. Mən gətirməmişəm e, özü gəlib və hər birində də qoşunu qırılıb geri çəkilib. Türklər elə bilirsiniz bunu yazırlar? Yazmırlar. Gizlədirlər.

– Yunus müəllim, arxivlərdə çalışırsınız?

– Mən arxivlərdə işləmirəm. Evim arxiv kimidir. Evimdə o qədər tarixi, qədim kitablar var ki. Bəlkə də arxivlərdə o kitablardan yoxdu. Bir də işdə çalışıram. İşdəki kitabxanamı da gördüz.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png