ONN MEDİA

Çarpışma

Çarpışma
25 Fevral 2019 - 20:46

Züleyxa NADİR

Çatlamış dodaqların təşnəsi

Xatın faciəsi haqqında orta məktəbdə oxuyanda  dəhşətə gəlmişdim, tarix müəllimimin söylədiyi faktlar uşaq  təfəkkürümdə vahimə yaratmışdı. İllər sonra Belorusiyaya səfər edərkən həmin kənddəki memorialı ziyarət etdim. “Xatın” memorial-kompleksinin müəllifləri  kəndlə birlikdə diri-diri yandırılmış və güllələnmiş 149 nəfər dinc sakinin xatirəsini əbədiləşdiriblər. 1943-cü ildə faşistlər bu kəndi – belə demək olarsa –  yer üzündən siliblər. Bu gün xəritədə Xatın kəndinin adı yoxdu.Memorialı ziyarət edərkən  ekskursiya rəhbərinin söylədiklərindən dəhşətə gəlmişdim, belorusların halına acımışdım. Ağlımın ucundan belə keçməmişdi ki, vaxt gələcəkbənzər faciəni biz də yaşayacağıq. Amma ağılın düşündükləri ilə reallıqdakı çirkin və mənfur siyasət heç bir zaman üst-üstə düşmür, bir-biri ilə çarpaz formada kəsişir. 1992-ci ildə Azərbaycanda  belə bir kəsişmə baş verdi. Xocalının dinc əhalisi  keçmiş sovet ordusunun 366-cı motoatıcı diviziyası ilə çarpışdı.

Xocalı faciəsi Xatın faciəsindən onunla fərqlənir ki, Azərbaycan xalqı dinc dövrdə rus – erməni faşistlərinin insanlıqdan kənar, vəhşi hərəkətlərinin qurbanı olublar. Xocalı faciəsi bir xalqın soyqırımı deməkdi. Xocalı faciəsi bir millətin varlığına sui-qəsd deməkdi. Xocalı faciəsi bütüövlükdə insanlığa yönəlmiş vəhşilikdi.Bu gün Xocalı faciəsindən 27 il keçir. İndi orada ermənilər məskunlaşıblar, kəndi öz ağılları ilə “özəlləşdiriblər”. 27 ildi orda yaşayan ermənilər özlərini o torpağın sahibi hesab edirlər. Əminəm ki,  bu gün, lap elə dünən 27 ildi Xocalıda doğulan erməni uşaqlarına heç kim deməyib ki, həmin torpaq onların deyil. Kimsə başa salmayıb ki, zəbt etdikləri o torpaqda aldıqları nəfəs, içdikləri su, udduqları hava  haramdı.  Bir erməni onları başa salmayıb ki, gün gələcək o torpağın sahibləri dönəcək, onları it kimi qovacaqlar. Hələ eyforiyadadırar. Hələ gözləri kor, qulaqları kardı.  Hələ qondarma dağlıq qarabağ respublikasının (bilərəkdən kiçik hərflərlə yazdım) vətəndaşı olduqlarından dolayı xoş hisslər keçirirlər. Amma anlamırlar ki, qondarma olan hər şey bir gün dağılmağa məhkumdu.

Xocalı faciəsi Xatın faciəsindən onunla  fərqlənir ki, Xatın sakinlərindən bir nəfər də qalmamışdı, hamısı qətlə yetirilmişdi.  Ona görə də kənd boş qaldı,  qələbədən sonra  kənddə yaşayacaq adamlar olmadı. Amma Allaha çox şükür ki, bu gün  sağ qalan xocalılar evlərinə dönəcəkləri ümidini itirməyiblər. Xatında 149 sakin, Xocalıda isə  613 sakin vəhşiliyin qurbanı olub. Daha dəqiq statistika belədi: Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Xocalı faciəsi Xatın faciəsindən onunla fərqlənir ki, Xocalıda hələ də ruhlar dolaşır, yurd-yuvalarına çokmüş erməniləri dinc buraxmırlar.  Qışın şaxtasında, buz kimi havasında donub ölən dinc sakinlərin ruhu narahatdı. Narahat ruhların “harayı” amansız olur!Ona görə də mənfur ermənilər gecələr rahat yata bilmir, səksəkə içində yuxuya gedirlər. Bilirlər ki, bir gün Azərbaycan xalqı Xocalını xilas edəcək, erməni izlərini tamamilə siləcək.  Xatın dinc əhalinin kütləvi şəkildə məhv edilməsinin, Belorus xalqının faciəsinin rəmzinə, Böyük Vətən müharibəsi tarixinin ən ağrılı səhifələrindən birinə çevrilib. 76 ildi  Xatın heykəlləşmiş daşlarda, gipslərdə  “yaşayır”. Yaxın tarixin ağrılı və çox kədərli səhifəsi olan Xocalını isə  Azərbaycan xalqının qeyrəti, Azərbaycan dövlətinin namusu daşlaşmağa qoymayacaq. Sadəcə vaxt gələcək ki, soyqırım qurbanlarına həsr olunmuş abidə Xocalının mərkəzində ucaldılacaq. Ki… gələcək nəsillər erməni – rus faşistlərinin alçaqlığını unutmasınlar.

Xocalı faciəsi Xatın faciəsindən onunla fərqlənir ki, illərdi Azərbaycan ictimaiyyəti və xalqı bu cinayətin baş verdiyinibeynəlxalq səviyyədə subut edirlər. Amma ikili standartlarla yaşayan dünyanın kar olmuş qulaqlarını, kor olmuş gözlərini açmaq hələ ki, “daşa dirənib”. Halbuki bu, təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin qanlı faciəsidir. Təqvimdə qara rənglə yazılmış 26 fevral günü Azərbaycan xalqının qan yaddaşına hopub. Şəxsən mən hərb sahəsində 366 rəqəminə rast gələndə, yaxud da eşidəndə ətim ürpəşir.  Bu rəqəm yaddaşımda qarın üzərində  donub ölmüş uşaqların, yaşlı qadınların, qoca kişilərin şəkli ilə assosiasiya olunub. Bu rəqəm Çingiz Mustafayevin ağlar səsi ilə beynimi döyəcləyir.Fevral  ayını sevmirəm. Mənə görə özündə soyuqluq, ayrılıq, nisgil, həsrət daşıyan fevral öz yarımçıq “taleyi” ilə insan taleyində də sağalmaz iz qoyur. İlin  on bir ayı 30-31 gün olduğu halda fevral bu  bütövlükdən xalidi,  28 günlə “ömrünü başa vurur”.  Fevralda sanki, bir  mistika var. Məhz bu mistika Xocalını  1992-ci il fevralın 25-dən 26-na keçən gecə tarixin qan yaddaşına köçürdü. Qanlı yaddaşın oyanması amansız olur!

Bu gün bizimlə Xocalı faciəsinin arasında 27 illik bir zaman kəsimi dayanıb. Ötən il də, ondan əvvəlki il də… daha əvvəlki illərdə də biz hər  gün zamanı adlayıb baş vermiş faciəyə qayıdırıq. Qayıdırıq ki,  Xocalıda qoyub gəldiyimiz, üstündə alçaq erməni çəkmələrinin izi qalan yurd-yuvamıza ağı deyək, laylay oxuyaq. O günlərə boylanırıq ki, ölməyən ümidimizin işığını azaltmayaq. Qaysaq bağlamayan  yaramızın qanının dayandırmayaq. Əks halda qan yaddaşımız ölə bilər! Xocalı bizim qan yaddaşımızın zülmətidi. Bu zülməti yarıb işığa çıxacağımız  günü görməyə təşnəyik. Bu təşnə hər gün dodağımızı çatladır. Tarix sübut edib ki, qanlı çarpışmalarda daha çox əzilən, daha çox qanı axan, yerə yıxılan tərəfin ayağa qalxması möhtəşəm olur. 27 il əvvəl  Xocalıda baş vermiş çarpışma bəlkə də Allahın Azərbaycan xalqına vediyi bir sınaqdı.

Bizi bu sınaqdan çıxaran çatlamış dodaqlarımızın qələbə təşnəsi olacaq…


ONN informasiya agentliyi

image_print Çap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP