ONN İnformasiya Agentliyi

Vaşinqton və Tehran münasibətlərinə baxış

Vaşinqton və Tehran münasibətlərinə baxış
25 May 2019 - 15:22

Son günlər ABŞ-İran münasibətlərində yaranmış gərginlik Orta və Yaxın Şərqdə böyük narahatlığa səbəb olub. Əgər bir neçə ay bundan öncəyə qədər, ABŞ İranın müxtəlif, o cümlədən,neft, bank, dəmir, aliminum, mis və s sektorlarına sanksiyalar tətbiq etməklə, vəziyyəti nəzarətdə saxlamağa çalışırdısa, artıq, Vaşinqtonun bölgəyə bir neçə hərbi gəmilərini, o cümlədən “Linkolin” adlı ən böyük təyyarədaşıyan gəmisini göndərməsi, böyük müharibənin yaxınlaşması kimi fikirləri körükləyir…
Nəzərə alınsa ki, hadisələrin bu həddə gəlib çıxması, ABŞ prezidenti Donald Trampın İranla imzalanmış Nüvə sazişindən imtina etməsi ilə oldu. O zaman düşünmək olar ki, bu yanız vəziyyətin gərginləşməsi üçün səbəb deyil, bəhanə idi. Böyük siyasi hədəflərin həyata keçirilməsi üçün isə, hər zaman bəhanələr tapmaq mümkündür. Hazırda ABŞ-ın “Nüvə” adı altında İrana təyziq göstərməsi də bu qəbilədəndir.
Məsələyə digər tərəfdən baxdıqda isə məlum olur ki, ABŞ-ın, xarici siyasətində hər qitə üzrə çoxyönlü iqtisadi, siyasi və strateji hədəfləri mövcuddur. O cümlədən də Orta və Yaxın Şərqlə bağlı. Bu da o deməkdir ki, Vaşinqton tərəfindən Tehrana qarşı siyasi, iqtisadi və hərbi baxımdan əzələ nümayişi, həm də ABŞ-ın bütövlükdə bölgədəki hədəfə çevrilmiş maraqları ilə bağlıdır.

Hədəflər isə əsasən bunlardır..

Birinci: İran üzərində qurulan əməliyyatlar, son zamanlar bölgədə daha aktiv rol alan, Tehranın ən yaxın müttəfiqi, Vaşinqtonun isə ən böyük rəqibi sayılan, Moskvanı bölgədə oynanılan siyasi və hərbi oyunların kənarında tutmaq. Eyni zamanda gələcək perspektivdə, faktiki olaraq sürətlə qüdrətlənən digər rəqibləri, Çinin və bölgədə söz sahibinə çevrilmiş, Türkiyənin təsir rıçaqlarını əlindən almaq istəyi.

İkinci: Bölgədə ən etibarlı müttəfiqi olan İsrailin təhlükəsizliyinin tam təmini və “Sabitlik adası” sayılan Avropadakı mövcud status-kvonu poza biləcək, radikal islamçı və milliyətçi təfəkkürün yayılmasının qarşısını almaq istəyi.

Üçüncü: Təbii Neft yataqları ilə zəngin olan Şərq ölkələrində ABŞ-ın yaradacağı, sözəbaxan islamçıların, iqtidarını təmin edib, onların ətrafında təhlükəsizlik zolağını çəkmək istəyi.

Dördüncü: Yaxın və Orta Şərqdə çıxarılan nefti sabit formada Qərbə fasiləsiz çatdırmaqla, neft-dollarının Amerika iqtisadiyatına xeyr verməklə geri dönüşünü reallaşdırmaq istəyi.

Beşinci: İslam ölkələri arasında “Sünni” və “Şiəçilik”, o cümlədən digər təriqətlər arasında yaradılmış sünii ixtilafları ortadan qaldıra biləcək kordinasiyanın qurulmasına əngəl törətmək istəyi.

Qeyd olunanların hamısı, ABŞ-ın Orta və Yaxın Şərq dövlətlərində hədəflədiyi prioritet məsələlərdir. Vaşinqtonun bu hədəflərdən asanlıqla əl çəkməsi isə real görünmür. Həmçinin hazırkı vəziyyətdə hədəflərə çatmaq üçün, ABŞ-ın İranla müharibə etməsi də inandırıcı deyil.

Bilindiyi kimi, Amerikanın daxili siyasətində olduğu kimi, xarici siyasətdə də, qəraralma sistemi mövcuddur. Xüsusən də xarici siyasətdə qərarvermə səlahiyyəti qanunverici və icraedici orqanlar arasında bölünür. Həyata keçiriləcək planın detallarının müzakirəsi əsasən, prezidentə tabe olan bir neçə nazirliyin rəhbərləri arasında aparılır. Xüsusəndə məşvərət Prezident, Vitse-prezident, Dövlət katibi, (həm də Xarici İşlər Naziri), Müdafiə naziri, Mərkəzi Kəşfiyat İdarəsi rəhbəri və Beynəlxalq Təhlükəsizlik məsələləri üzrə sözçünün arasında aparılır. Hətta, kiçik Corc Buş dönəmində sadalanan statusda olan şəxslərə “Məhşərin Beş Atlısı” adını da vermişdilər. Yəni, burada prezident tək başına qərar vermək iqtidarında deyil. Əsasən ideal və real vəziyyət qiymətləndirildikdən sonra atılacaq addımlar masaya yatırılır və prezident düyməni basır.

Təhlillər onu göstərir ki, “Ağ Ev” İranla bağlı məlum qərarı verərkən də müharibə variantının üzərində dayanmayıb. Əvvəla ona görə ki, hazırkı vəziyyətdə İranı İraqın və ya Suriyanın halına salmaq Amerikanın işinə yaramır. Belə ki, Fars rejiminin müharibə variantı ilə yıxılması, uzunsürən dağıdıcı proseslərə təkan verə bilər. Bu da Amerikanın işinə nəinki yaramış olar. Əksinə, ABŞ-ın bölgə siyasətinə böyük zərbə ola bilər. Yəni, İrandakı “şiə molla rejimi”nin mövcudluğu ABŞ-ın əlində, digər “sünni” müsəlman ölkəsi Türkiyə və S.Ərəbistan başda olmaqla bütövlükdə ərəb dünyasına qarşı təhdid kartıdır və bu kartı əlindən salması yuxarıda qeyd olunan hədəflərdən uzaqlaşmaq deməkdir.

Başqa bir tərəfdən amerikanlılara görə ən pis halda İranda yaşayan 30-35 milyon türk mənşəli insan var ki, bunların da üzləşdikləri təziqlər səbəbindən, mövcud farsa rejiminə münasibəti birmənalı deyil. Yarana biləcək hərbi kataklizim nəticəsində dalğavari hadisələr meydana gələrsə, o zaman, çətin də olsa sərhədlərin dəyişdirilməsi prosesi baş verə bilər ki, bunu da ABŞ heç istəməz. Çünki, “AgEv” Fars rejiminidən qurtulub, qarşısında böyük bir Türk dövləti görmək arzusunda da deyil.

Eyni zamanda, bilindiyi kimi ABŞ 1991-ci il birinci Körfəz savaşından üzü bu yana, apardığı bütün müharibələri öz müttəfiqlərilə koalisiya şəklində həyata keçrib. Bu gün isə koalisiya baxımından D.Trampın yürütdüyü siyasəti uğursuz hesab etmək olar. Belə ki, D.Tramp iqtidara gəldikdən sonra “Amerika” şüarı altında, mütəfiqlərini heçə alaraq onlarla sanksiya dili ilə danışdı. Hətta zaman-zaman D.Tramp və müttəfiq dövlət başçıları arasında gərgin anlar da yaşandı. Bunun nəticəsində NATO müttəfiqləri Almaniya, Fransa, Türkiyə kimi dövlətlərlə, ABŞ arasında ehtimatsızlıq və etibarsızlıq zolağı çəkildi. Ən yaxın müttəfiqi İngiltərə belə D.Trampın İranla nüvə sazişindən imtinanı doğru hesab etmədi və London bu razılaşmadan çıxmadı. Əksinə adıkeçən “müttəfiqlər” İran mövzusunda ABŞ-a dirəniş göstərməkdə davam etdilər və bu gündə Trampı yola gətirməyə çalışırlar. Təbii ki, amerikalı strateqlər bu variantları da nəzərə alıblar.

Digər yandan da bilinməlidir ki, hazırkı İran ABŞ üçün nə Əfqanıstan, nə İraq, nə Suriya, nə də Liviya deyil. Təbbi, İran adıçəkilən ölkələrlə eyni regionu, eyni dini bölüşsə də , ərəblər və puştunlarla müqayisədə daha nizam-intizamlı, çevik və qüdrətli dövlət kimi görünür. Milli bağlılıq və dini inanc baxımından da, İran bu ölkələrlə müqayisədə daha dərin dini və milli idialoji dəyərlərə sahibdir. Doğrudur, İran İslam Respublikasında dini idioloji baxımdan son illər mərkəzdən qaçma halları mövcuddur. Amma buna baxmayaraq, hələ də İranda, dini dəyərlərə bürünmüş möhkəm bir rejim ayaq üstədir.

Həm də əgər müharibə başlayarsa İranın bu savaşda ABŞ-a qarşı tək müqavimət göstərməyəcəyi də məlumdur. Amerikaya qarşı Rusiyanın, Çinin, Türkiyənin, Ş.Koreyanın və s. Hətta Almaniya, Fransa kimi dövlətlərin İranın yanında bu və ya digər formada yer alacaqları da reallıqla uzlaşır. Bu da o mənaya gəlir ki, ABŞ müharibə variantını seçərsə həm də ciddi müqavimətlə üzşləşə bilər.

Ona görə də İrana qarşı ABŞ-ın müharibəyə başlayacağı ehtimalını aşağı qiymətləndirib, təyziqin iqtisadi sanksiyalar üzərində qurulacağını proqnozlaşdırmaq mümkündür. Təcrübə də göstərir ki, Amerika hərbi müharibə aparmadan belə, istənilən ölkəni sanksiyar və kəşfiyyat xidməti vasitəsilə sarsıtmaq kimi gücə sahibdir. Bəzən isə ABŞ-ın tətbiq etdiyi iqtisadi və siyasi sanksiyalar, hərbi müdaxilədən daha təsirli olur. Həm də söhbət İrandan gedirsə, ABŞ-ın bu ölkədə müəyyən illərdə sanksiya tətbiq etmək kimi praktikası da var. Hətta sanksiyalar nəticəsində 1953-cü ildə dönəmin baş naziri olmuş Məhəmməd Musadkı İran neftini milliləşdirmək istədiyi üçün İngiltərənin dəstəyi ilə daxildən çaxnaşmalar yaratmaqla devirib, yerinə Şahı gətirmişdilər. Doğrudur qeyd etdiyimiz kimi İran 60 il öncəki İran deyil. Amma Amerikanın iqtisadi, siyasi, hərbi, texnaloji, idialoji və kəşfiyat üstünlüklərinə nəzər saldıqda, İranın keçilməz sədd olmadığını demək doğru olmaz. Ümumi mənzərə isə bundan ibarətdir ki, ABŞ bu prosesi nəzarətində saxlama şərtilə hədəflərinə çatmaq üçün, gələcəkdə böyük ehtimalla İrana qarşı yeni və daha ağır sanksiyalrın tətbiq edəcək.

Politoloq Elçin Abdullayev

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png