ONN İnformasiya Agentliyi

Daha bir millət vəkili bu layihəyə qarşı çıxdı

Daha bir millət vəkili bu layihəyə qarşı çıxdı
17 May 2019 - 18:55

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” və “Təhsil haqqında” Qanunlara dəyişiklik edilməsi ilə bağlı layihədə təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsinə görə yüksək dövlət rüsumu tutulmasına etirazını bildirib.

ONN media xəbər verir ki, millət vəkili bununla bağlı həmkarlarının fikirlərini dəstəklədiyini deyib və yüksək səviyyəli rüsumları özündə əks etdirən maddənin layihədən çıxarılması ilə bağlı təklifləri dəstəkləyib:

“Rüsumlar sahibkarlardan çox vətəndaşın cibindən çıxarılacaq, bu isə insanlarımız arasında narazılığa səbəb olacaq. Cənab Prezident tərəfindən əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönələn çoxsaylı sosial proqramlar, layihələr keçirilir ki, insanlarımızın həyat səviyyəsinə müsbət təsiri olsun. Belə bir şəraitdə bu səviyyədə rüsumlar doğru qəbul edilə bilməz. Mən kənd rayonlarından birini təmsil edirəm. Məsələn, rayonda, kəndlərdə uşaq bağçaları çatışmır. Dövlət bağçalarının səviyyəsi də o qədər də yaxşı deyil. Biz bir sıra təşkilatlara, xeyriyyəçi şəxslərə müraciət edirik ki, bağçalara dəstək olsunlar. İş adamlarına çağırış edirik ki, rayonlarda, kəndlərdə özəl uşaq bağçaları açsınlar. İndi belə rüsumlar olarsa, sahibkarlar rayonlarda, kəndlərdə özəl bağçalar, peşə müəssisələri açmaqda maraqlı olmayacaq. Layihədə göstərilən rəqəmlər çox yüksəkdir və bu rüsumlar Bakıdakı bəzi özəl bağçaların qiymətlərinə əsaslanaraq deyil, bütün respublika, rayonların vəziyyəti nəzərə alınaraq təyin olunmalıdır”.

Millət vəkili çıxışında təmsil etdiyi Tovuz rayonunun kəndlərinin qazlaşdırılması məsələsinə də toxunub:

“Cənab Prezident son müşavirəsində Azəriqaz İB-yə əhalinin qazla təminatının yaxşılaşdırılması, verilən təbii qazın keyfiyyətinin, təzyiqin yaxşılaşdırılması və s. ilə bağlı tapşırıqlar verib. Tovuz rayonunda Sovet dövründə evlərə qaz borusu çəkilib. Kəndlərdə müstəqillik dövründə yeni evlər tikilib, yeni məhəllələr yaranıb, amma onlara xətt çəkilmədiyi üçün təbii qaz verilmir və əhalidən bu boruları öz vəsaitləri hesabına çəkmələri tələb olunur. Yeni evlərdə yaşayan insanlarımız veriləcək təbii qaza görə ödəməni həyata keçirməyə hazırdır, lakin maddi imkanları olmadığı üçün yaşadıqları əraziyə qaz borusu çəkdirə bilmir.

Üstəlik, prosedurlar özü də çətindir. Ona görə də boru xətlərinin dövlət tərəfindən dövlət vəsaiti hesabına çəkilməsini xahiş edirlər. İnsanlarımız inanır ki, bu məsələ cənab Prezidentə çatdırılarsa, dövlət başçımız insanlarımızın bu istiqamətdə üzləşdiyi problemin həlli istiqamətində də addımların atılması üçün tapşırıqlar verəcək. Müvafiq qurumlarımızı yaxın zamanlarda bu məsələyə xüsusi diqqət ayırmağa çağırıram. Ümid edirəm ki, insanlarımızın adından səsləndirdiyim bu məsələ yaxın zamanlarda müsbət həllini tapacaq”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png