Azərbaycan Prezidenti: “Ermənistan hökuməti buna cəhd edir”

“Biz görürük ki, Ermənistan hökuməti bu gün danışıqlar formatını dəyişdirməyə cəhd edir. Bu isə qəbuledilməzdir. Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri də bunu bəyan edirlər”. 

ONN media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev VII Qlobal Bakı Forumunun açılışındakı nitqində söyləyib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin nəticələri barədə ətraflı danışan Azərbaycan Prezidenti bir milyondan çox qaçqın və məcburi köçkünün bu gün də bu işğalın nəticələrindən əziyyət çəkdiyini, xalqımıza qarşı etnik təmizləmə aparıldığını, tarixi abidələrimizin dağıldığını xatırladıb. 

Dövlət başçısı bildirib ki, bu işğal beynəlxalq təşkilatların beynəlxalq hüquqa əsaslanan qətnamələrinin pozulması deməkdir və status-kvo qəbuledilməzdir, onun dəyişdirilməsi üçün isə Ermənistan Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmalıdır. 

Prezident İlham Əliyev bu formatın artıq uzun illərdir mövcud olduğunu bildirib və bunu dəyişdirmək cəhdini danışıqlar prosesini bloklamaq cəhdi kimi səciyyələndirib. 

Azərbaycan Prezidenti vurğulayıb ki, danışıqlar yalnız danışıqlar xatirinə aparılmamalıdır. O, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıqdan danışıb və diqqəti ölkəmizin təşəbbüsü ilə yaradılan və artıq 10 ildir mövcud olan “Bakı Prosesi”nin əhəmiyyətinə yönəldib, “Bakı Prosesi”nin BMT tərəfindən də dəstəklənən proses olduğunu vurğulayıb.