Bu avtomobillərdə sürət məhdudiyyəti olacaq – VİDEO

Yol qəzalarında ölüm və xəsarət hallarını minimuma endirmək üçün Avropa Komissiyası avtomobillərdə sürət məhdudlaşdırıcı texnologiyanın quraşdırılmasını nəzərdə tutan təkliflər hazırlayıb. Avropa Şurası təklifləri qəbul etsə, o zaman Avropa İttifaqına daxil olan ölkələrdə aşağı sürətli avtomobillər istehsal ediləcək. Ölkəmizə Avropadan xeyli avtomobilin idxal edildiyini nəzərə alsaq, bizim yollarda da belə avtomobilləri bir neçə ildən sonra görə biləcəyik.

ONN media xəbər verir ki, Avropa Komissiyasının məlumatına əsasən, hər il yol qəzalarında 25 min insan dünyasını dəyişir. Avropa Nəqliyyat Təhlükəsizliyi Şurası bu tədbirlər nəticəsində 2038-ci ilədək ağır xəsarətlə nəticələnən 140 min qəzanın qarşısının alınacağını bəyan edib.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov qeyd edib ki, sürətin məhdudlaşdırılması bir neçə formada həyata keçiriləcək. Ekspertin sözlərinə görə, bu variant daha çox istifadədə olan avtomobillərdə sonradan quraşdırıla bilər. Amma qərarın qüvvəyən minməsindən sonra aşağı sürətli avtomobillərin istehsalı gündəmə gələ bilər.

Ərşad Hüseynov deyir ki, qərarın qəbul olunacağı təqdirdə bir müddətdən sonra ölkəmizdə də aşağı sürətli avtomobillərə rast gəlmək mümkün olacaq.

Avropa Şurası və Avropa Parlamentinin yeni sistemi təsdiq etməsi prosesinin bir neçə ay davam edəcəyi qeyd olunur.