ONN İnformasiya Agentliyi

Nazirin dərslik rüsvayçılığı: Şəhid Mübarizə təhqiri 5-ci sinif kitabına kim salıb?

Nazirin dərslik rüsvayçılığı: Şəhid Mübarizə təhqiri 5-ci sinif kitabına kim salıb?
11 Fevral 2019 - 1:10

Təhsil naziri Ceyhun Bayramov dərsliklərdəki biabırçılıqlara nəzarət eləmir. Eləsəydi, rüsvayçı nağıllar, axırı təhqirlə bitən hekayələr ortaya çıxmazdı

ONN media xəbər verir ki, nazirlik dərsliklərdəki rəzalətlərlə bağlı nə tədbir görür, nə nizamlayır. 

Bunun nəticəsidir ki, yazıçı İbrahim Vahabovun “Qisas” hekayəsi 5-ci sinif “Ədəbiyyat” kitabında çap olunub və mətndə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun intihar etdiyi yazılıb. 

“Psixoloq” tərəfindən təhqir olunmasından sonra yaranan qəzəb dalğası hələ səngiməmiş, Mübarizin ruhunun bir başqa cür təhqir edilməsi gündəmə gəlib.

5-ci sinif üçün nəzərdə tutulan “Ədəbiyyat” kitabında, Mübariz İbrahimova həsr olunmuş “Qisas” adlı hekayənin sonunda onun intihar etdiyi yazılıb. Yazıçı İbrahim Vahabovun müəllifi olduğu hekayədə onun bu “faktı” haradan əldə etdiyi maraqlıdır. 

Axı Mübarizin konkret olaraq bədəninin hansı hissələrindən aldığı güllə yarasından dünyasını dəyişdiyi hamıya bəllidir, buna dair hətta fotoşəkillər də yayılmışdı. 

Necə oldu, indi intihar məsələsi ortaya atıldı? Biz anlayırıq: sözügedən “kəşfi” Təhsil Nazirliyinin rəhbər strukturları görməyə də bilər. Amma axı konkret bu dərsliyin hazırlanmasına cavabdeh şəxslər var, onlar hara baxırdılar? 

Əgər belə bir “ixtira” varsa, o zaman nə üçün məhz 5-ci sinif şagirdlərinə bunu bəyan etmək qərarına gəliblər? Əlbəttə ki, heç kim səhvlərdən sığortalanmayıb. 

Ancaq elə dəyərlər var ki, onlara çox həssas yanaşmalı, istənilən mümkün səhvi istisna etmək lazımdır. Əks halda qeyd etdiyimiz biabırçı hallar meydana gəlməyə davam edəcək.

Hekayənin sonluğunda yazılır: “O, əlinizi uzadıb tapançanı götürdü və lüləsini gicgahına söykədi. Asta-asta pıçıldadı: “Nə olaydı, anamın yuxusuna girməyəydim! Əşhədü ənla, İlahə İləllah…”

Dərslik siyasəti ölkənin strateji məsələlərindən biridir. Bunu dərslik müəllifləri nəzərə almalıdır. Ancaq təəssüf ki, son illər yazılan dərsliklərdə kifayət qədər nöqsanlar, siyasi-ideoloji problemlər müşahidə edilir. 

Sanki bu adamlar Azərbaycan dövlətinin yürütdüyü təhsil siyasətindən xəbərsizdirlər. Bəzi dərslik müəlliflərində məsuliyyət hissinin zəifliyi nəticəsində dərsliklərdə nöqsanlara yol verilir.

Bir müddət əvvəl orta məktəblərdə 1-ci sinif şagirdlərinə yay tətili ərzində oxumağa verilən nağıl kitabında rüsvayçılıq üzə çıxmışdı. 

“Göy mincix” adlı nağılda müəllif həm məzmun, həm orfoqrafik olaraq ağzına gələnləri yazıb. Məsələ sosial şəbəkələrdə sərt etiraz doğurub və əxlaqsızlıq kimi qiymətləndirilib.

Həmin nağıl nagillar.az saytında da yerəşdirilib. Nağılın məzmunu isə qızın müəmmalı şəkildə hamilə qalması və qardaşlarının uşağın kimdən olduğunu aydınlaşdırmaq istəməsidir.

Ən dəhşətlisi budur ki, nə Təhsil Nazirliyi, nə 1-ci sinifi yeni bitirən şagirdlərə bu kitabları paylayan müəllimlər həmin nağılla tanış olublar.
Nağılın savadsız yazılması, hər sətirin başdan-ayağa orfoqrafik səhvlərlə dolu olması da bir ayrı məsələdir.

Məsələn, muncuğu mıncıx kimi yazan “müəllif”in bu kitabının məktəblərə necə ayaq açması, nazirliyin hara baxması heyrət doğurmaya bilmir.

Həddi-bluğa çatmamış uşağa belə bir məzmunda nağıl verən müəllif və müəllim öz övladlarına bu məzmunu oxudarmı? Bəs təhsil naziri Ceyhun Bayramov necə, yay tətilini başa vurub, bu faktla bağlı araşdırma aparılmasına göstəriş verəcəkmi?

Məqsəd nədir, bu təhsillə gələcəyimizi necə qurmaq və görmək istəyirlər? Bu “müəllif”lər hardan peyda olublar? Sadəcə, belə bir absurda cavab tapmaq olmur…

Təhsil Nazirliyindən report-a deyilib ki, İ.Vahabovun qələmə aldığı əsər məzmun baxımından vətənpərvərlik və qəhrəmanlıq nümunələri ilə zəngindir.

“Eləcə də qəhrəmanın şəhidlik yolunu tutarkən keçirdiyi hiss və duyğular yüksək səviyyədə təsvir edilib. Bütün bunların ümumtəhsil müəssisələrində tərbiyə işinin təşkilində böyük rola malik olduğu nəzərə alınıb. 

Bununla belə, əsərin məzmunu, oradakı hadisələrin gedişatı ilə bağlı sualların yazıçının özünə ünvanlanması daha məqsədəuyğundur” – deyə, nazirliyin cavabında bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə həmin hissə M.İbrahimovun ruhuna təhqir kimi dəyərləndirilib. 

Çünki onun düşmənlə qeyri bərabər döyüşdə qəhrəmancasına şəhidlik zirvəsinə çatdığını və bu cür hekayələrin onun ruhuna hörmətsizlik olduğunu bildirirlər. 

Eyni zamanda düşmənlə fədakarcasına savaşda şəhid olan Mübarizin intihar etdiyini yazmaq onu kamikadze kimi qələmə verməkdir. 

Əgər yazıçı məktəblilərə onun düşmənə təslim olmamaq üçün mərdanə şəkildə özünü vurduğu mesajını vermək istəyibsə, bunu daha detallı şəkildə 5-ci sinif şagirdlərinə çatdıra bilərdi. Cahan.info

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png