17 mart Fərman Kərimzadənin vəfat etdiyi gündür

Unutmayaq, unutdurmayaq!

17 mart Azərbaycanlı yazıçı-nasir Fərman Kərimzadə vəfat etdiyi gündür.

Fərman Kərimzadə 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Fərman Kərimzadə eyni zamanda bir çox filmlərin ssenari müəllifi olub.

Fərman Kərimzadə 1937-ci il martın 3 də Ermənistanın Vedi rayonunun Böyük Vedi kəndində anadan olmuşdur. İbtidai təhsilini orada almış (1944-1951), orta məktəbi isə Beyləqan rayonunun Şahsevən kəndində bitirmişdir (1954). Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil almışdır (1955-1960).

İsmayıllı və Jdanov (indiki Beyləqan) rayonlarında orta məktəb müəllimi olmuşdur (1962-1965). Sonra “Yüksəliş” rayon qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdürü, məsul katib işləmişdir (1962-1965). Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ssenari fakültəsinin ikinci kursunu bitirmişdir (1965-1967). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi, baş redaktor, “Abşeron”, “Ədəbiyyat və incəsənət” qəzetlərinin redaksiyasında şöbə müdiri, ədəbi işçi (1966–1970), C. Cabbarlı adına “Azərbaycan film” kinostudiyasında kollegiya üzvü (1970-1977), “Ədəbiyyat və incəsənət” qəzetinin xüsusi müxbiri (1977-1980) olmuşdur. Şüvəlan yaradıcılıq evinin direktoru (1980-1981) işləmişdir.

F.Kərimzadə “Çaldıran döyüşü”, “Xudafərin körpüsü” tarixi əsərlərinin, “Təbriz namusu”, “Qarlı aşırım” (bu əsərin əsasında “Axırıncı aşırım” bədii filmi çəkilmişdir), “Qoca qartalın ölümü” və sair məşhur əsərlərin müəllifidir.

Allah rəhmət eləsin.