ONN İnformasiya Agentliyi

27 oktyabr Xədicə xanımın güllələndiyi gündür

27 oktyabr Xədicə xanımın güllələndiyi gündür
27 Oktyabr 2022 - 10:08

Unutmayaq, unutdurmayaq!

27 oktyabr 1938-ci ildə dönəmin ziyalı qadını ilk azərbaycanlı pianoçulardan biri Qayıbova Xədicə xanım Osman qızı Stalin dövrünün qurbanı olaraq güllələnmişdir.


Xədicə xanım 1893-cü ildə Tiflisdə məşhur müsəlman ruhanisi Osman Müftizadənin ailəsində dünyaya gəlmişdi. Atası Osman Müftizadə qızına mükəmməl təhsil vermək arzusunda idi. Ona görə də bütün imkanlardan istifadə edərək onun Müqəddəs Nina qızlar məktəbinə daxil olmasına yardım göstərdi. Uşaq yaşlarından musiqi istedadı ilə fərqlənən Xədicə Qayıbova ilk musiqi təhsilini elə burada alır, elementar musiqi nəzəriyyəsi, fortepianoda çalmağı öyrənir. Bir müddət Xədicə xanım Tiflisdəki tatar məktəbində dərs deyir. 1919-cu ildə həyat yoldaşı Nadir Qayıbovla birlikdə Bakıya köçür.

Xədicə Qayıbovanın evi əsl musiqi ocağı idi. Onun evində mütəmadi olaraq musiqi məclisləri keçirilirdi. O dövrün ziyalıları, musiqiçiləri, şair və yazıçıları, elm xadimləri, aktyorları bu ocağa toplaşırdı. Ü.Hacıbəyov, F.Köprülüzadə, R.Qlierin, L.Rudolf, M.Pressman, Sarabski, Bülbül, eyni zamanda, Azərbaycanın və Türkiyənin dövlət adamlarının, görkəmli ziyalılarının iştirak etdiyi musiqi gecələrində Xədicə Qayıbova Azərbaycan milli musiqisinin gələcəyi, xalq nəğmələrinin mühafizə olunması, qadın musiqiçilərin təhsil imkanları haqda müzakirələr keçirmişdir.

1920-ci illərin əvvəllərində Xalq Maarif Komissarlığı nəzdində olan Şərq müsiqi şöbəsinin müdiri təyin olunmuşdu. 1927-ci ildə konservatoriyaya daxil olmuş, eyni zamanda teatr texnikumunda dərs demiş və elmi – tədqiqat işi ilə məşğul olmuşdur.

1938-ci il martın 16-da Azərbaycan Daxili İşlər Xalq Komissarlığının Dövlət Təhlükəsizlik İdarəsi birinci bölməsinin 3-cü şöbə rəisinin müavini milliyətcə erməni olan leytenant Tevosyan belə bir arayış tərtib edib: “Türk və İngilis qərarqahlarının Bakıda olduqları zaman 1893-cü ildə anadan olmuş, Xədicə xanım Qayıbova onlarla yaxın əlaqədə olub.

Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Qayıbova öz evində musavat partiyasının başçılarından biri olan Mustafa Vəkilovu gizləmiş və onun qaçması üçün şərait yaratmışdır. M. Vəkilov xaricə qaçıb və hazırda Türkiyədədir. 1924-cü ildə Qayıbovanın evində türk ordusunun zabiti Sultan Hüseynzadə gizlənib. Sonra o, İrana qaçıb və orada alman və yapon kəşfiyyatlarına xidmət edir. Qayıbovanın həyat yoldaşı Rəşid Qayıbov XDİK tərəfindən əksinqilabi-millətçi təşkilatının üzvü kimi həbs edilmişdir.

Məhz bu arayışa əsasən Xədicə xanım 1938-ci il martın 17 də həbs edilib və sonra güllələnib

Daha sonralar Azərbaycan SSR Ali Məhkəməsi cinayət işləri üzrə Məhkəmə Kollegiyasının 14 fevral 1956-cı il qərarına əsasən Qayıbova Xədicə xanım Osman qızı günahsız hesab olunaraq represiya qurbanı kimin bəraət verilmişdir.

Allah rəhmət eləsin. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png