28 illik hazırlıq və ermənilərə verilən 44 günlük dərs – YUNUS OĞUZ yazır

Epiqraf

Hökumət o zaman özünə potensial üsyançılar hazırlayır ki, cəmiyyətdə xurafatlaşma, manqurtlaşma, cahilləşmə, zombiləşmə sürətlənir, riyakarlıq, saxtakarlıq baş alıb gedir. Bu zaman milli-mənəvi və maddi dəyərlərin, vətənpərvərliyin təbliği effekt vermir və dövlətçilik anlayışı məmur və ictimai status anlayışı ilə eyniləşdirilir.

“Tarix ibrətdir” silsiləsindən

Əvvəli  burada

https://onn.az/banner/28-illik-hazirliq-v%c9%99-erm%c9%99nil%c9%99r%c9%99-veril%c9%99n-44-gunluk-d%c9%99rs-yunus-oguz-yazir-2/

Ən əsası isə onlar uydurduqları yalana əvvəl özləri  inanır, sonra isə dünyanı inandırırdılar. Çoxsaylı  fondları belə işlər üçün milyonlarla vəsait xərcləyirdilər, elə indi də bu iş davam etməkdədir. Bir sözlə haqq işimizi dünyaya çatdırmaq üçün çox çətinlik  çəkirdik. Amma torpaqlarımızı işğaldan azad etmək  əzmimiz çox güclü idi.

Beləcə Vətən müharibəsi başlandı. Qeyd etməliyəm ki, əhalinin yüzdə  doxsan beşi  Böyük Qələbənin bizim tərəfdə olacağına  bir an belə şübhə  etmirdi. Bütün şəhərləri, kəndləri, küçələri  Azərbaycan və Türkiyə bayraqları  bürümüşdü.  Bəzi yerlərdə Pakistan bayraqları da görünürdü. Evlərin eyvanlarından  asılan  bayraqlarımızla fəxr duyuruq. Himnimizi dinləyəndə  qürur hissi keçirirdik. Himndəki sözləri  gənclər tez- tez təkrar edirdilər.

Səndən ötrü can verməyə cümlə  hazırız

Səndən ötrü  qan tökməyə cümlə qadiriz…

Himnin gücünü bu müharibədə  gördük. Yoxsa bəzi millət vəkilləri  himnin dəyişməsi təklifini irəli sürürdülər.

Əsgərlərimiz sözün əsl mənasında can verməyə  və  qan  tökməyə  qadir oldular. Onlara nə qədər şan söyləsək,  yenə də azdır. Yaralanan əsgər və  zabitlərimiz döyüş meydanından çıxmır, yaxud yaralanan döyüş yoldaşını, ya da şəhid  dostunu  çiyninə alıb  döyüşə  davam edir, yalnız irəli getmək haqqında düşünürdülər. Yüksək mənəvi ruh və hərbi hazırlıq öz sözünü deyirdi. Kəndlər, rayonlar alındıqca xalq ordumuzun məğlubedilməzliyini görür, hiss edir və fəxarət hissi keçirirdi.

Düzdür, ordumuzun  içində hələ əski nazirin zamanından başqa dövlətə işləyənlər vardı.  Amma onlar çox tezliklə ifşa olunur, ya döyüşdən kənarlaşdırılır, ya da  həbsə atılırdılar. Hərbi sirr olduğu üçün bu məsələyə geniş toxunmuram.

Bir məqamı da   xüsusi  qeyd etmək istəyirəm. Birinci Qarabağ savaşında ermənilər bəzi  rayonları raket atəşinə tutanda əhali həmin rayondan çıxırdı. Onlar bu taktikanı  yenidən tətbiq etdilər, amma, bu xına o xınadan deyildi. Gəncə, Tərtər, Bərdə, Beyləqan və başqa yerlər bombalananda camaatın  heç tükü də tərpənmədi, çünki xalq qələbəyə əmin idi  və ordumuza inanırdı. Bu  Dövlət və Ordu daha doxsanıncı illərin Dövlət və  Ordusu deyildi.

Hamı  başa düşürdü ki, Qələbə  heç də uzaqda deyil. Əsas da Şuşada  əlbəyaxa və  küçə  döyüşləri yenidən şəhəri əsl  sahiblərinə qaytardı.  Ermənilərin sonuna az qalmasına artıq heç bir dövlət şübhə  etmirdi.

Buna qədərsə  Müzəffər Ordumuz Murovun ən yüksək zirvəsini, Suqovuşanı, iki yüzdən çox kəndi, Zəngilanı, Cəbrayılı, Füzulini, Qubadlını  işğaldan azad etmişdi.

Azərbaycan Qafqaza yeni düzən gətirirdi. Artıq ölkəmiz bölgədə əsl  söz sahibinə  çevrilirdi və  belə  də oldu. Bundan sonra heç bir dövlət Azərbaycanın maraqlarını nəzərə almadan bölgədə siyasət yeridə  bilməyəcəkdi.

Dövlətimizin bir üstünlüyü də NATO-nu Türkiyənin timsalında Azərbaycana buraxmaqla oldu. Düzdür,  Rusiya bunu heç vəchlə  istəmir, Türkiyə  ordusunun iki yüz illik at oynatdığı məkana gəlməsini arzulamırdı. Amma, Azərbaycan prezidentinin təkidi ilə  bu baş verdi və  bölgədə ikiqütblü dünyanın gücləri balanslaşdırıldı. Bu da yeni geosiyasətin  başlanğıcının təzahürü oldu. Buna əyani sübut isə Azərbaycan və Türkiyə prezidentlərinin dekabrın 10-da Bakıda keçirilən “Zəfər Paradı”nı qəbul etməsi oldu.

44 günlük gərgin müharibədən,  ilk növbədə Şuşa şəhəri alınandan sonra aydın oldu ki, ordumuz Xankəndini bir neçə saata geri alacaq və bununla da  Ağdam tərəfdə yerləşən erməni ordusu tam mühasirəyə düşəcək. Rusiya və bəzi  Avropa dövlətləri  bununla barışa bilməzdilər.  Bu səbəbdən Fransa, Belçika,  Hollandiya parlamentləri səviyyəsində “DQR”-i tanımaq cəhdi etdilər və ciddi təpkilərlə qarşılaşdılar. Rusiya isə, bir tərəfdən problemi  ABŞ və Fransasız həll etmək istəyir və çalışırdı  ki, hər iki dövlət bölgədə söz sahibinin kim olduğunu bariz göstərsin, digər tərəfdən Qafqazda münaqişə ocağının qorunub saxlanılmasında,  bununla da ən pis halda  rus sülhməramlılarının burada yerləşdirilməsində maraqlı idi.

Aydın oldu ki, prezidentin təkidi və Türkiyənin dəstəyilə bundan sonra Qarabağda ermənilər üçün heç bir status olmayacaq.  Doğurdan bu status niyə olmalıdır?  Azərbaycan çoxmillətli dövlətdir və hər bir etnos  bu  dövlətin qanunları ilə yaşayır. Bir halda ki, hər bir etnos, burada öz adət-ənənələrini  saxlamaq şərtilə Azərbaycan vətəndaşlığını qəbul edib  normal yaşayır, ermənilərin onlardan nəyi artıqdır?  Ya vətəndaşlığı qəbul et, ya da köç başqa ölkəyə, çünki  Azərbaycan dövlətinin ərazi bütövlüyü əksər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən tanınıb və dəyişməzdir.

Bir məsələni də qeyd edim . Azərbaycan prezidenti bir  çox müsahibələrində xüsusilə vurğulayırdı ki, Azərbaycan ordusu  BMT-nin (Birləşmiş Millətlər Təşkilatı ) 1993-cü ildə qəbul etdiyi Ermənistanın işğalçı siyasətini pisləyən dörd qətnaməsinin  (822, 853, 874, 884) icrasına başlayıb.Çünki bu  qətnamələrə görə erməni silahlıları qeyd- şərtsiz bu ərazilərdən dərhal çıxmalıdırlar. Ancaq 28 ildə heç kim bu qərarların həyata keçirilməsinə nə təminat verdi, nə də təkid etdi. Azərbaycan ordusu bu qərarları həyata keçirmək üçün   əks hücuma keçərək Vətən müharibəsinə başladı. Azərbaycanı dəstəkləmək və ” sağ ol” demək əvəzinə  Makron kimi Fransa prezidenti açıq-aşkar Ermənistanı dəstəkləməklə dövlətimizin üstünə yeridi, onu təhdid etdi.

Azərbaycan isə BMT-nin nüfuzunu göylərə qaldırdı . Hələ bu azmış kimi müharibənin gedişində bu qurumun Təhlükəsizlik   Şurasının üzvləri (ABŞ,  Rusiya, Böyük Britaniya, Fransa və Çin) toplaşaraq Ermənistan- Azərbaycan münaqişəsi haqqında yeni qətnamə qəbul etmək istəyirdilər. Köhnə qətnamələr yeni layihədə heç yada salınmırdı və bizim əleyhimizə idi, Yaxşı ki, bu qətnaməyə Böyük Britaniyanın nümayəndəsi  veto qoydu və Şuraya  daimi üzv olmayan ölkələr  belə sənədin qəbul edilməsinə  etiraz etdilər. Bunlar  üç il müddətinə  İlham Əliyevin də sədr olduğu Qoşulmama Hərəkatına daxil olan ölkələr  idi, Prezidentin  120 ölkənin üzv olduğu belə təşkilatda uğurlu siyasəti BMT səviyyəsində özünü biruzə verdi.

Nəhayət, Paşinyan çıxılmaz vəziyyətdə qaldığını başa düşdü, eyni zamanda Rusiyanın təkidi və təzyiqi ilə noyabrın 10-da Azərbaycan, Ermənistan  və Rusiya arasında  üçtərəfli bəyanat imzalandı, bununla da, iki il yarım müddətində Paşinyanın Rusiya əleyhinə apardığı siyasət iflasa uğradı.

Putin ona sübut etdi ki, Ermənistanda söz sahibi kimdir. Bu sənəd əslində Ermənistanın kapitulyasiyası  anlamına gəlirdi.

Bu saziş Ermənistanın hansı böhranda olduğunun və gələcəkdə hansı problemlərin içində çapaladığının bariz nümunəsidir.

Bəyanatın tam mətnini təqdim edirik:

Noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı imzalanıb.

Biz, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin aşağıdakıları bəyan edirik:

1. 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar.

2. 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır.

3. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.

4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.

5. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır.

6. Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır.

Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur.

Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.

7. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır.

8. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir.

9. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.

Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir.

Bu sazişdən sonra  ermənilər hələ də  depressiyadan çıxa bilmirlər. Görünür onları həmişə bu vəziyyətdə  saxlamaq və idarə etmək üçün depressiya vacib şərt olaraq daima qalacaq. Ermənistan müxalifəti (on yeddi partiya) N.Paşinyanı istefaya göndərmək  üçün hərəkətə keçsə də,   on min etirazçını meydana güclə  yığa bilirdi. Bu, o demək idi ki, xalq həm məğlubiyyət şokundan ayıla bilmir, otuz iki il apardığı  diplomatik mübarizənin nəticə vermədiyini (hətta Ermənistan “DQR”nın müstəqilliyini  heç vaxt tanımadı, yaxud buna cəsarəti  çatmadı, çünki belə olsa idi, siyasi fəsadları  daha ağır olacaqdı və  bu səbəbdən də Ermənistanın özündə  çox kasıb həyat tərzi sürən əhalinin bu problemdən yorulduğunu,birdəfəlik həll etmək istəyini təzahür edirdi. Digər tərəfdən dünya erməni diasporasının “Qarabağ” adına topladığı milyonlarla vəsaitin hakimiyyət tərəfindən mənimsənilməsi əhali tərəfindən hökumətə və müxalifətə  qarşı biganəlik yaratmışdı və  bu səbəbdən müxalifət xalqdan dəstək  ala bilmədi. Başqa bir səbəb də  erməni xalqının, Ermənistan dövlətinin “Böyük Ermənistan” xülyasının  ilğımdan başqa bir şey olmaması idi. 44 günlük Vətən müharibəsi  bütün bunların üstündən yekə,  yağlı qırmızı xətt çəkdi. Bundan sonra Ermənistan dövlətinin mövcudluğu sual altına düşdü, çünki hazırda bu ölkə iqtisadi,  siyasi, psixoloji, humanitar fəlakətin astanasındadır.

Ardı var…