ARDNF-in aktivləri 45 milyard dolları keçdi

Bu il yanvarın 1-nə Dövlət Neft Fondunun (ARDNF) aktivləri 45 025,1 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən il yanvarın 1-i ilə müqayisədə 3,35% çoxdur.

Bu barədə Fonddan bildirilib.

Məlumata görə, aktivlərin artımı ARDNF-nin büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb.

Fondun yaranma tarixindən etibarən investisiya fəaliyyəti çərçivəsində əldə olunan gəlir 10,2 milyard dollar təşkil edib. Bunun isə 8,9 milyard dolları son 10 ildə əldə olunub.

2021-ci ildə ARDNF-in büdcə gəlirləri 15 985,6 milyon manat, büdcə xərcləri isə 11 382,7 milyon manat təşkil edib.

Belə ki, Fond neft-qaz sazişlərinin həyata keçirilməsindən 12 698,2 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 11 894,6 milyon manat, bonus ödənişlərindən 776,9 milyon manat, akrhesabı ödənişlərdən 5,3 milyon manat, tranzitdən isə 21,4 milyon manat gəlir əldə edib. Qurumun vəsaitinin idarə olunması hesabına gəliri isə 3 287,4 milyon manat olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərci 2 119,3 milyon manat təşkil etmişdir. Ötən il ərzində ARDNF-nin 2021-ci il büdcəsinin icrası çərçivəsində 11 350,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 10,2 milyon manat yönəldilmişdir. 2021-ci il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 22,5 milyon manat təşkil etmişdir.