ONN İnformasiya Agentliyi

Azərbaycançılıq məfkürəsi – Sadiq Qarayev YAZIR

Azərbaycançılıq məfkürəsi – Sadiq Qarayev YAZIR
26 Mart 2022 - 12:21

Əziz dostlar! Çoxdandır ki, hamımızın dediyi, ancaq elementləri özümüzə də çox aydın olmayan Azərbaycançılıq məfkurəsi haqqında yazmaq istəyirdim. İlkin variant kimi münasibətinizi bilmək istərdim.


AZƏRBAYCANÇILIQ MƏFKURƏSİ.

Ey azərbaycanlı! Dünyanın harasında doğulsan, yaşasan da sən,  Azərbaycanı vətən bilməlisən! Milli dəyərlərin, dövlətçiliyin təssübünü çəkməlisən, ana dilini bilməli, canını müstəqil Respublika, vətən və xalq yolunda şəhid, ya qazi növbəsində görməlisən!Oturaq, əkinçi, qədim yerli xalqsan, həm də günçıxandan, günbatana elatsan. Şərqin, Qərbin,  keçmiş və indinin, həm də gələcəyin qovşağındasan, doqquz iqlimli,  nurlu gecəli, qızmar günəşli , üç rəngli dünyadansan, Azərbaycandasan!Bəşəri dəyərlərin, səmaivi dinlərin mahiyyətindəki yaxşılar, insanlıq xilqətindəki mələkxətli naxışlar milli varlığının simasında cizgilər  salıbdır, lap Adəmdən bu günlərə pak qalıbdır.Odur ki, nurlu, düz yoldasan, öz- özündən yaxşılıqsan, yetkin, kamil ali xalqsan!


Ey azərbaycanlı!Hər bir xalqın baba ocağı, dədə oylağı vardır, orda hər zaman ilk bahardır. Qudsal türk ocağında möhtəşəm tonqal yanmış, ətrafa köz salmış. O közün biri sənsən, ya oylaqda nəhəng şərq palıdı vardı, budağı sənsən, dərinliklərdən aydınlıq alan möhtəşəm köklü, boranlara, qaranlıqlara sinə gərən azman gövdəyə bağlı, Azərbaycan türküsən, azərbaycanlısan. Vətəndə əsrlərdir birgə yaşadağın qardaş xalqlarla güclüsən, şanlısan, onlarla bütövlükdəsən, fəxr et ki, azərbaycanlısan!Qədimdən gəlib, bu gündən keçib, gələcəyə gedən elm, mədəniyyət, mənəviyyat yüklü, müqəddəs yoldakı karvanın sarvanısan, sən elə zaman içində Azərbaycan zamanısan!Əsrlərin insanlıq, qəhramanlıq yadigarısan!


Ey azərbaycanlı!Böyük, ali, dövlətlər, imperiyalar quran xalqlar kimi, sənin də tarixlər boyu geniş vətənin olmuş, sərhədləri  gah böyümüş, gah da kiçilmiş, çiçək açımış, sonra solmuş. Bu bir tarixi qanundur ” həqiqət də kapital kimi güclünün olmuş, hər yer onlara ” vətən” olmuş!”.Dərbəndimiz, Borçalımız, Təbrizimiz milli həsrətimizdir, İrəvan öz şəhərimizdir.Azərbaycançılıq müqəddəs, çətin, şərəfli yoldur, yolçulları ləpir- ləpir gəlirlər. Ləpirləri salır  şəhidlər, alimlər, milli dəyərlər yaradan dahilər,  fikir- ideya sahibləri-  dövlətçilik quran azərbaycanlı kişilər!
Ey azərbaycanlı!Hər zaman xalqı, vətəni, dövləti və dini yolunda haqq mübarizəsi aparan şəhidlik, qazilik,  məktəbin olubdur, qəhramanlıqları milli yaddaşa dolubdur. Müstəqil dövlətinin, qanının, canının, Azərbaycanının ilk şəhadət məktəbini Cümhuriyyət əsgəri açıb, ruhumuza işıq caçıb!Qanlarıyla  bayrağımız ucalıb,  özləri üç rəngdə qalıb. Ruhumuzda istiqlal günəşi ucalıb.O vaxtdan şəhidlik, qazilik məktəbin milli şüurun kimi bütövdür, zamandan düz, məkandan dairəvidir, bir şəhidimiz hamısı, hamısı da biridir, onlar bayrağımız, torpağımızla əbədidir,  diridir. 
Ey azərbaycanlı!Sənin mahiyyətində dostluq, ağlıq, işıq, hər yerdə günəş, sülh arzusu vardır. Yaxın, uzaq xalqlar dostlarındır. Ancaq ermənilik adlı xəstəlik də vardır. Xalqımıza qarşı etdikləri vəhşilikləri, dönüklükləri, soyqırımı heç vaxt unutma, çomaqsız qalma. Qonşu kimi yaşa, dost olma. Döyüş meydanında üz-üzə gəlməyi arzula, sülh vaxtı yuxuya getmə, ehtiyatı əldən vermə.Dünyanın harasında elm varsa getmək, ehtiyacı olana kömək etmək bəşəri vəzifəndir.Bir də heç vaxt unutma, Azərbaycana günəş Azərbaycandan doğur!


Ey azərbaycanlı!Müasir, azad, Azərbaycan türküsən, yəni azərbaycanlısan.Dilin Azərbaycan türkcəsidir, yəni Azərbaycan dilidir.Azərbaycan sözü əsl mənada olubdur vətəninin, dilinin, xalqının adı, özü! Dinin İslamdır, müsəlmansan.Vətənə, xalqa, dövlətə xidmət borcun, vəzifəndir! Xidmətin elə özü vətəndir!Bunun üçün güclü olmalısan, ya yenə də güclü olmalısan! Sənin gücün elə Azərbaycanın gücüdür.!Güc isə fiziki sağlamlıq, elm, mənəvi və maddi zənginlik, azərbaycançılıq məfkurəsi, milli dövlətçilik şüurunun vəhdətidir.Vətən daşları ölkəmizin tükənməyən, Əsl milli sərvətidir!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png