Bu gün Abbas Mirzə Şərifzadənin doğulduğu gündür

Unutmayaq, unutdurmayaq!

Abbas Mirzə Şərifzadə 1893-cü il martın 22-də Şamaxının Yuxarı Qala məhəlləsində ziyalı ailəsində anadan olmuşdur. Onun atası Mirzə Rəsul dünyagörüşlü bir insan olub. Seyid Əzim Şirvaninin açdığı yeni “Üsuli-Cədid” məktəbində dərs deyən Mirzə Rəsul Şamaxının ən hörmətli müəllimlərindən sayılırmış.

Abbas Mirzə Şərifzadə Şamaxıda dünyaya göz açsa da, onun gəncliyi, ümumiyyətlə, bütün ömrü Bakı ilə bağlıdır. Belə ki, 1902-ci ildə Şamaxıda baş verən dəhşətli zəlzələdən sonra bir çoxları kimi onların da ailəsi şəhəri tərk edib Bakıya köçürlər.

Abbas Mirzə Şərifzadənin böyük qardaşı Qulamrza Şərifzadə Fəriköydə məzarı olan azərbaycanlılardandır. O, bir müddət İranda, daha sonra Türkiyədə yaşayıb. Q.Şərifzadə 1884-cü ildə Şamaxıda anadan olmuşdur. O, mühacir Abbasqulu Kazımzadə ilə naşirliklə məşğul olmuşdur. Belə ki, onların çap etdiyi Üzeyir Hacıbəylinin bir kitabı da var.

“Hesab məsələləri” adlanan bu kitab 1908-ci ildə İstiqlaliyyət küçəsində yerləşən Orucov qardaşlarının mətbəəsində çap edilmişdir. Birinci Dünya müharibəsi illərində Azərbaycandan Türkiyəyə yardım göstərildiyi vaxt Şərifzadə xüsusi fəallıq göstərmişdir. O, 1942-ci ildə İstanbulda vəfat etmişdir.

Allah rəhmət eləsin!