Bu gün Firəngiz Şərifovanın doğulduğu gündür

Unutmayaq, unutdurmayaq!

Firəngiz Abbasmirzə qızı Şərifova 6 fevral 1924-cü ildə Bakıda doğulub. Səkkiz yaşında Azərbaycan məktəbinin birinci sinifinə gedib və növbəti ildə yenidən rus məktəbinin birinci sinifində oxumağa başlayıb. Paralel olaraq səkkiz il Bakı Xoreoqrafiya Məktəbində oxuyub.

1941-ci ildə ailələrinin yaxın dostu və xeyirxahı Üzeyir bəy Hacıbəyovun məsləhəti ilə Azərbaycan Dövlət konservatoriyasının (indiki Musiqi Akademiyası) vokal fakültəsinə daxil olub. Beş il konservatoriya təhsili alıb və soprana səsinin peşəkarlıq yönündə formalaşmasma nail olub.

Dramaturq Cəfər Cabbarlının təkidi və atası Abbasmirzənin razılığı ilə səhnədə səkkiz yaşında “Oqtay Eloğlu”nda Sevər və bir az sonra “Sevil”də Gündüz rollarında çıxış edib. Qanla və südlə aktyorluq peşəsi, təşnəli sənət ehtirası, alovlu istedad bütün varlığına hopmuş Firəngiz xanım 1947-ci ilin əvvəllərində Cəlil Məmmədquluzadə adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul olunub. 1949-cu ilin əvvəllərində bu sənət ocağı məcburi özünümaliyyələşdirmə iş üsulüna keçirildiyinə görə müvəqqəti bağlanıb. Firəngiz xanım Xalq Maarif komissarlığı İncəsənət İşləri İdarəsinin (bugünkü Mədəniyyət Nazirliyi) sərəncamına əsasən köçürmə yolu ilə Gənc Tamaşaçılar Teatrının truppasında aktyor işləməyə başlayıb. Tezliklə teatrın repertuar ağırlığını çəkən əsas aktyorlardan biri olub. Anası Mərziyə xanım xəstə olanda görkəmli aktrisaya anadan doğulmasının altmış illiyi munasibətilə təntənəli yubiley keçirilib. Yubileydən sonra Firəngiz Şərifova 1960-cı il may ayının 5-də Akademik Milli Dram Teatrına işə götürülüb. O, bu sənət ocağında 1965-ci il aprel ayının 1-nə qədər işləyib və qısa müddət ərzində parlaq sənət hadisəsinə çevrilən obrazlar yarada bilib.

Qüdrətli aktrisa yaşının və sənətinin erkən yeteinlik çağında, 1965-ci ildə yenidən Gənc Tamaşaçılar Teatrına qayıdıb və ömrünün sonunadək oranın aparıcı sənətkarı olmuşdur.

Allah rəhmət eləsin!