Ermənistan parlamentində dava düşdü, iclas yarımçıq kəsildi – VİDEO

Ermənistan Milli Assambleyasının (parlament) oktyabrın 26-da keçirilən iclası deputatların növbəti davasına görə yarımçıq qalıb.

“Ermənistan” müxalifət blokunun deputatı Qeqam Manukyanın mikrofonu söndürülüb və parlament tribunasından zorla endirilib.
Manukyanın özünün sərt bəyanatından sonra atışma başlayıb.

Buna səbəb isə müxalifətçi deputatın “Qarabağdan əl çəkən və unudan vətən xainidir”, deməsi olub.

Deputat bu sözləri bir neçə dəfə təkrar etdikdən sonra iclasa sədrlik edən hakim “Vətəndaş Müqaviləsi” partiyasından parlamentin vitse-spikeri Ruben Rubinyan həmkarını qaydalara riayət etməyə çağırıb. 

“Cənab Manukyan, etika qaydaları var, onları pozmayın. “Vətən xaini” dedin. Onda mənə açıq deyin, kimi nəzərdə tuturdunuz?”, – Rubinyan deputata istinad edərək bildirib.
Manukyan cavab verib ki, o, özündən əvvəl çıxış edən hakim partiyadan olan deputat Vigen Xaçatryanın açıqlamalarına münasibət bildirib.

“Deməli, Vigen Xaçatryan satqındır? Cənab Manukyan üçün mikrofonu söndürün. Sizdən parlament tribunasını tərk etməyinizi xahiş edirəm”, – vitse-spikeri deyib.

Manukyan isə tribunadan enməkdən imtina edib. Bundan sonra Rubinyan parlamentin təhlükəsizlik xidmətinin əməkdaşlarından deputatı tribunadan endirməyi xahiş edib. Manukyan tribunadan getməyə məcbur olub.

Parlamentin vitse-spikerinin bu cür davranışı iqtidar çoxluqdan olan deputatlarla müxalifət arasında qalmaqal yaranıb.