Gürcüstanda 6 deputat hakim partiyadan İSTEFA VERDİ

Gürcüstan parlamentinin deputatları – Giorgi Xocevanişvili, Beka Liluaşvili, Ana Buçukuri, Aleksandre Motsereliya, Şalva Kereselidze və Mixeil Dauşvili hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasından istefa veriblər.

ONN media xəbər verir ki, bu barədə parlament üzvü G.Xocevanişvili keçirdiyi brifinqdə mәlumat verib.

O qeyd edib ki, 6 deputat bu gündən müstəqil deputat kimi fəaliyyət göstərəcək və keçmiş baş nazir Giorgi Qaxariyanın komandasına qoşulacaq.

Yayılan məlumatlara əsasən, G.Qaxariya partiya yaratmağı planlaşdırır.

Qeyd edək ki, G.Qaxariya 2019-cu ilin sentyabrından bu ilin fevralın 18-dək Gürcüstanın baş naziri olub.

46 yaşlı siyasətçi hökumət başçısı vəzifəsindən istefa verməklə yanaşı hakim partiyanın sıralarını da tərk edib.

O, siyasi fəaliyyətini davam etdirmək niyyətində olduğunu bildirib.