ONN İnformasiya Agentliyi

İşsizliyə yox deyək!- Yunus Oğuz yazır

İşsizliyə yox deyək!- Yunus Oğuz yazır
11 Fevral 2021 - 11:31

Felyeton

Bir  gün padşahın vəziri baxır ki, qibleyi-aləm səfərdən “çox yaxşı” qayıtdığından keyfi ala buludlardadır. Deyir:

–          Qibleyi-aləm! Cahanın dörd bir tərəfi səndən danışır, qəbuluna gələn qonaqlar günlərlə növbə

gözləyirlər. Heç rəvadırmı ölkəmizdəki  dilənçiləri görsünlər?  Bazardan ta şah qapısına qədər hər yerdə dilənirlər. Soruşanda ki, niyə dilənirsən, get işlə, deyir, iş ver işləyim. Buna bir əncam çəkmək lazımdır.

Padşah baxır ki, vəziri ağıllı söz danışır. Bir qədər fikirləşib deyir:

–          Düz deyirsən, vəzir. Bu dilənçilər, işsizlər, tənbəllər, bizi əcnəbilərin yanında xar edirlər. Gəl belə edək. Böyük bir Ev tikək, bütün işsizləri, tənbəlləri o evə yığaq, səltənət hesabına onları müftə yedizdirək. Evin ətrafına da mühafizəçilər qoyaq ki,  girən girsin, amma çıxana mane olsunlar.

Elə də edirlər. Evin təhvil verilməsindən bir il keçəndə vəzir başılovlu özünü çatdırır padşahın yanına ki, bəs “Şah sağ olsun!” ölkədə işləyən qalmadı. Hamı işsiz, tənbəl adıyla özünü verir tikdirdiyin Evə.

Şah görür ki, (ağıllı idi) belə getsə ölkədə işləyən qalmayacaq. Bir qədər düşünüb əmr verir:

–          Vəzir, o Evə od vurun. Alovun içindən kim axırıncı çıxsa, onu da dövlətin işsizi, tənbəli elan edək və yalnız onu yedizdirək.

Belə də edirlər. Nə başınızı ağrıdım, o boyda evə od vururlar, havayı yeyənlər  qaçıb dağılışırlar. Alovun içində iki nəfər qalır. Biri qışqırır:

–          Ay yandım, kömək edin!

Yanındakı onu dümsükləyir:

–          Ə, sən canın, mənim yerimə də qışqır.

Beləliklə, bu iki nəfəri birtəhər odun-alovun  içindən çıxarıb ölkənin tənbəli, işsizi elan edirlər.

Yox-yox, heç də fikirləşməyin ki, bizdə də belədir. Bizdə hamı işləmək istəyir, amma bu zəhrimar pandemiya yaxamızdan tutub işləməyə imkan vermir. Bizim camaat işləməyə alışıb, çalışıb, vuruşub hardan olsa evinə bir tikə çörək  aparacaq. Oğurluqdu, doğurluqdu, bu başqa məsələdi. Vallah, heç verilən o 190 manata da gözünü dikməzdi. Biz dövlətə pul verməyə öyrəşmişik, ondan almağa yox. Hələ, bu 190-dan da sosial ayrımlar edib bir hissəsini geri qaytaranda alanın istehzalı təbəssümü ətrafdakılara da sirayət edir. Bu pulu niyə verirdin ki, istehza ilə də qarşılaşasan. Kiçik və orta sahibkarlardan heç söhbət etmək istəmirəm. Çöküşlərinə bir şey qalmayıb.

O gün nazirlik açıqlama verib ki, bəs iki mindən çox adama “donqili”, yəni giydirmə əlillik kağızı verilib. İşiniz-gücünüz yoxdu, e. Dövlət işsizliyi aradan qaldırır, sizsə onların sayını artırırsınız. Heç yaxşı hal deyil.

Bəs onda Səfər əkə neynəsin? Müstəqillik dövründən üzü bəri  ” bəzilərini” “komisovat”, yəni yararsız eləyib ki, o kağızı verənlər işsiz qalmasın, yoxsa acından qırılardılar. Mən hələ hərbi komissarları demirəm. Hansını tərpətsən iki-üç işçi villalarında işləyir. Bəs neyləsinlər? Onlar da belə işsizliklə mübarizə aparırlar. Azərbaycanda heç kim işsiz olmur, sadəcə qeydiyyatdan keçmirlər ki, birdən kimsə bunun vergisini tələb edər. Üstəlik də gedib işsiz kimi adını yazdırır ki, dövlətdən müavinət alsın. Bəs nə bilmişdiniz?

Bizdə bəzi hökumət qurumları var ki, işçilərini heç vaxt ixtisara salmır, hətta bəziləri onların sayını artırır da.

Bax, Sulutəpədə bir dairə var. Səkkiz ildə düz beş dəfə bu dairəni gah böyüdüb, gah da kiçildiblər. Elə başa düşməyin ki, pul silirlər. Yox dadaş, bizdə belə şeylər yalnız yuxarı vəzifəlilər üçün olur. Onlarlada qara maskalılar məşğul olurlar. Mən də çox fikirləşdim bu dairəni niyə böyüdüb, sonra da daraldırlar? Heç zad, sadəcə olaraq işsizliklə mübarizə aparırlar. Onlar bekar qaldıqda tənbələ çevrilirlər. Yoxsa, tıxac-mıxac veclərinə deyil.

Xızı şəhərində qaz işçiləri bekar qalmasınlar deyə ayda iki dəfə sayğacları yoxlayır, ödəmək üçün kağız da verirlər. Bekar qalmasınlarda. Qaz müdiri sağ olsun, işsizliyi, tənbəlliyi belə ləğv edir. Lazım gəlsə lap ayda üç dəfə yoxlatdırar.

Bu şəhərdə hələ su sayğacını demirəm. Birinin sayğacına kağız gəlib ki, bəs qışın bu vaxtında beş yüz ton su sərf etmisən. Ay sizi xatakarlar! Bu yaxşıdır, bekar qala bilmirsiniz. Burdan qiymət qaldırırsınız, ordan başqa məmurdan ala bilmədiyiniz pulu belə balanslaşdırırsınız.

Sayğac demişkən, yadıma qaz sayğaclarının dəyişdirilməsi düşdü. Ölkə başçısı hər yerdə deyir ki, Azərbaycanı, o cümlədən də Qarabağı “ağıllı” (smart) şəhər və kəndlərə çevirəcəm. Bəs sizin məqsədiniz nədir? Bu “smart”ları mexaniki sayğaclara niyə dəyişirsiniz. Biz irəli gedirik, yoxsa geri? Bu qədər xərc çəkib “smart”ları niyə alırdınız? Hə, başa düşdüm. Heç kimi işsiz saxlamaq istəmirsiniz.

Yadıma Molla Nəsrəddinin bir lətifəsi düşdü. Molla iki girvənkə ət alıb arvadına verir və tapşırır ki, axşama bozbaş bişirsin. Özü də çıxıb gedir. Arvad gözünə döndüyüm də, bozbaşı bişirib qonşu arvadlarla yeyir. Axşam Molla evə gələndə arvad deyir ki, a kişi bəs qonşularla başım söhbətə qarışdı, pişik əti yedi.

Molla eləmə tənbəllik pişiyi tutub qoyur tərəzinin bir gözünə. Baxır ki, pişiyin çəkisi iki girvənkədir. Üzünü arvadına tutur:

–          Arvad,  bu pişikdirsə ət hanı, ətdirsə pişik hanı?

Bildiniz də nəyə işarəni vurdum . Ta özünüz nəticə çıxardın.

İşsizlik məsələsini yol, kanalizasiya, işıq, telefon idarələri daha yaxşı həll ediblər. Biri əvvəlcə yol çəkir, sonra o birisi gəlib sökür, üçüncü yolu daha dərindən qazıyır, dördüncü ört-basdır edir. Vay, dədəm,  vay! Gör nə qədər tənbələ, işsizə çörək verirlər, e.

Hələ müharibədən sonrakı vəziyyəti demirəm. Müharibə vaxtı bəzi işbazlar tənbəllik etməyib azad olunan torpaqlardan nə qədər çuğundur, qoyun-quzu, maşın, nələr, nələri qənimət kimi ələ keçiriblər. Deyirlər İmişli şəkər zavodunda maşınlar növbəyə durublarmış, sayı-hesabı bilinmirdi. Ağır maşın sürücülərinin, çobanların, maşın ustalarının rəngləri elə bil bir az açılıb,  yoxsa işsizlikdən qapqara komürə dönmüşdülər. Hə onu deyirdim axı. Azad olunan ərazilərdə minaların partlamasının əsl səbəbini bilirsinizmi? Yox, deyim. Torpaq həsrətində qalanlar həm ziyarətə gedirlər, həm də ticarətə. Torpağı öpəndən sonra başlayırlar metalalom yığımına. Əlbəttə,  bu hamıya aid deyil. Bunu orada bekar qalanlar edir. Özlərini işlə yükləyirlər.

Deyəsən çox gəvəzədim. Daha yazmayım, yoxsa ucun  tutub ucuzluğa gedəcəm. Hələ işsizliklə mübarizə aparan idarələr, şöbələr, komitələr, agentliklər, nazirliklər var. Onları da gələn dəfə yazaram

Məndə  işsiz qalmayım deyə özümü bu yazı ilə yüklədim, yoxsa, aqqacanı uşaqların üzünə baxa bilmərəm. Evə çörəksiz gedəndə adama birtəhət baxırlar… e…

İşsizliyə yox deyək!

P.S İşsizliklə ən böyük mübarizəni 2019-cu ildə kameral təsvirlə əhalinin siyahıya alınmasında  Statistika komitəsi aparıb. Sonra deməyin ki, yazmadım..

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png