Türk lirəsi niyə kəskin ucuzlaşdı?

Lirənin kəskin ucuzlaşmasını bir neçə səbəbi var.

Bu sözləri açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli türk lirəsinin məzənnəsinin kəskin ucuzlaşması ilə bağlı danışarkən deyib.

Ekspertin sözlərinə görə, proses uzun müddətdir gedirdi:

“Bu, keçən ildən başlayan ciddi bir prosesdir. Türkiyə iqtisadiyyatında turizm gəlirlərinin pandemiya dönəmində kəskin azalması ölkəyə valyuta daxilolmalarına ciddi mənfi təsir göstərdi. Bu il müəyyən qədər sərhədlərin açılmasına şahid olsaq da, yenə pandemiyadan öncəki dövrə qayıtmaq mümkün olmadı. Bunun ardınca Türkiyədə Mərkəzi Bankı faiz dərəcəsini aşağı endirdi və ucuz kreditlərin bir hissəsi valyuta bazarına yönəldi”.

İqtisadçı bildirib ki, iqtisadi səbəblərlə yanaşı, burada siyasi səbəblər də öz sözünü deyir:

“Bu məsələnin hər zaman olduğu kimi siyası tərəfləri də var. Son zamanlar ABŞ Prezidentinin Türkiyənin Suriya siyasətini sərt tənqid etməsi bazarlara psixoloji təsir göstərdi və bu da lirənin ucuzlaşmasına ciddi təsir göstərdi”.

Qeyd edək ki, türk lirəsi dollara nisbətdə ötən gün kəskin ucuzlaşaraq, 1 dollar/9 lirə olub.