Türkiyədə sabahdan mərhələli yumşalma başlayacaq

Türkiyədə yeni növ koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq edilən qapanma sabahdan etibarən mərhələli şəkildə yumşaldılacaq.

Bununla bağlı Türkiyə Daxili İşlər Nazirliyi (DİN) tərəfindən sərəncam imzalanıb.

Türkiyə DİN-in ölkənin 81 valililiyinə göndərdiyi sərəncamda bildirilib ki, mayın 17-dən iyunun 1-dək küçəyə çıxma məhdudiyyəti qismən aradan qaldırılacaq. Belə ki, ölkədə iki dozada peyvənd edilən yaşı 65-dən yuxarı olan və yaşı 18-ə qədər olan vətəndaşlara (müəyyən olunan vaxtlarda) küçəyə çıxma qadağası tətbiq edilməyəcək. Peyvənd edilməyən yaşlılar isə yalnız saat 10:00-14:00 aralığında küçəyə çıxa biləcək.

Zəruri olmadığı halda şəhərlərarası səfərlərə məhdudiyyət yenə də qüvvədə qalacaq. Sərəncamda qeyd olunub ki, məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları və ibtidai siniflərin fəaliyyətləri davam edəcək, digər bütün təhsil müəssisələri Təhsil Nazirliyinin müəyyənləşdirdiyi qaydalar üzrə onlayn şəkildə təhsil alacaq. Ərzaq dükanları saat 10.00-17.00 arası, digər ticarət mərkəzləri isə yalnız həftə içi 10.00-17.00 arası fəaliyyət göstərəcək.