ONN İnformasiya Agentliyi

“Yamaq” işlər – Yunus Oğuz YAZIR

“Yamaq” işlər – Yunus Oğuz YAZIR
26 Fevral 2021 - 18:03

Felyeton                                                                                            

Bir para işlər var ki, nə illah eləsən də, yamaq kimi görünür, elə bil ağ şalvara arxadan qara yamaq vurmusan. Bunu kommunizm üçün dediyinə görə hörmətli aşığımıza yeddi-səkkiz il iş vermişdilər. Şeir belə idi:

Ağ şalvarda qara yamaq

Kommunizmə gedirik biz

Vay-dədə, vay! Bu misraya görə hörmətli aşığımızı Sibirə sürgün elədilər. İndi nə qədər yazırsan yaz. Heç kim səni Sibirə-zada göndərməyəcək. Uzağı şairin cibinə beş-on manat basıb deyəcəklər ki, daha yazma, get özünə, uşaqlarına gün ağla. Bu girişi niyə yazdım. İndi bizim keçmiş və hazırda fəaliyyətdə olan məmurlarımız o qədər yamaq işlər görürlər ki, bitib tükənmək bilmir. Heç “gözün üstə qaşın var” deyən də yoxdur. Soruşanda da niyə “yamaq” iş görürsən, deyir ki, hamı yamayır, mən də geridə qalmamaq üçün yamayıram.

Bax, neçə illərdir Bakı-Quba yolunu gedirəm. Beton yol çəkilib. İki il keçməmiş yolu bütövlükdə yamaqladılar. Soruşan oldumu, a kişi, bu yol niyə belə tez dağıldı? Axı, çəkilişə başlayanda demişdin ki, bunun ən azı iyirmi beş il “sroku” var. İndi özünü “sroka”qoysalar necə olacaq? Məlum oldu ki, bu yolun altına heç dəmir-armatur da atmayıblar, sement sertifikata uyğun gəlmir, hər yerdə azaldıblar. Belə yamaq olar? Sən demə bu yamaqlar sonradan ətə, ayıya, yoncaya, xarici firmalara, çoxmərtəbəli evlərə çevriliblər. Prezident də baxıb ki, bu yolun yamağı çoxdur, alternativ yol çəkdi. Di, get özün yamaqlı yollarda. Hələ bax, müsahibə verir ki, icazə versələr Qarabağda “yamaq”lı yollar çəkərəm. Yox aşna, daha yamaqlı işlərə son deyilib. Sən yoncanı ək, əkə bilsən. Birdən yoncalığın da içindən yamaqlı yol çəkərsən.

Bakının qar-çovğunundan sonra dostum zəng edib soruşur ki, Mirzə, Bakı Yol Polisinin “Maşınlarla küçələrə çıxmayın! Yollar təhlükəlidir!” çağırışına ən çox kimlər əməl edib?

Düşünmədən dedim:

-Xalq belə çağırışlara əməl edən deyil. Buzun üstündə, acındanda ölsə şou göstərmək istəyənlər çox olacaq. Oldu da. İyirmidən çox maşın buzov buz üstə oynayan kimi bir-birinə dəydi, şou belə olar, e. Çıxma deyirlər, çıxma da. Bax, Bakı Nəqliyyat Agentliyinin avtobusları, Şəhər İcra Hakimiyyətinin yol təmizləyən maşınları gördünüz çağırışa neçə əməl etdilər? Əhsən onlara!

Telefonun o biri başından dostumun qəhqəhəsini eşitdim.

-Sənə də əhsən, Mirzə! Gözündən heç nə yayınmır. Bəs deyirdilər, bütün şəraitlərə  hazırıq, nə oldu?- dedi.

“Nə oldu” sualına gülüb cavab verdim.

-“Nə oldu” müharibədə işləyirdi, çünki orda yamaq işlər yox idi, hərçənd orda da buna cəhd etdilər, amma qarşısı dərhal alındı. Ona görə ki, qara maskalılar özləri döyüşürdülər.

Baxdım ki, dostumun “yamaq işlər” sözündən xoşu gəldi. Ürəyini boşaltmaq üçün əlinə fürsət düşmüşdü. Day dərdini kimə deməlidir ki? Əli, dili prezidentə çatmayanda mənim kimi fağırların yaxasından yapışırlar.

Üzüyolalığım axırıma çıxacaq.

Onun isə ürəyi deyəsən açılmışdı.

-Mirzə, bu qaçqınkomda da “yamaq işlər” var. Elə soruşdu ki, elə bil Korrupsiya İdarəsinin rəisi mənəm. Bir anlığa özümü rəis kimi hiss etdim, ötkəm-ötkəm cavab verdim:

-Yox, onda “yamaq işlər” yoxdur. Onun işlərinin hamısı yamaqdır. Bəs eşitmədin, prezident nə dedi? – hiss etdim ki, rəfiqim başını yelləyir, amma danışmadı. – Dedi ki, qaçqınkomun tikdirdiyi evlərin iyirmi faizi qacqın olmayanlara verilib. A kişi, belə də dərd olar? Ölmüş adamları dirildib pullarını mənimsəyiblər. Lap keçən ilki seçkilərə oxşadı, e… Adam gedib deyir ki, gəlmişəm səs verməyə, məntəqədən kişinin üzünə qızıl-qırmızı öldüyünü deyirlər. Bu da ölüləri diri saxlayır.

Baxdım ki, dostum çox diqqətlə qulaq asır, mənim də ürəyim açıldı. Dedim:

-Müəllim, elə bilirsən yamaq işlər təkcə bu sahələrdədir? Yox canım, nə danışırsan? Görürsən ki, adam özü yamaqdır, bir yerə də özünü yamaq etmək istəyir. Hələ o parnik, dibçək uşaqları var ha, özlərini hara gəldi yamayırlar. Vallah, baxanda görürsən ki, əməlli-başlı gənclərdir, bir neçə dil bilirlər. Fəxr edirsən belə gənclərlə, amma elə ki, ağızlarını açırlar, olurlar heç zad. Düzdü, aralarında babat və mərifətliləri var, onlar da özlərini heç hara yamamaq istəmirlər.

Qoy bunu qoyub başqasını deyim. Bu saat Elmlər Akademiyasına o qədər yamaq işlər yapışdırıblar ki, adamın təəccübdən əli üzündə qalır. Bütün strukturları qatıb qatışdırıblar, birini o birisinə yamaq ediblər. Müharibə vaxtı onların başbilənlərindən biri müsahibəsində deyir ki, biz cəbhəyə mazut, nə bilim mələfə ilə köməklik edə bilərik. Elm ocağına gör nələri və kimləri yamaq ediblər e… gör nə ilə məşğuldurlar. Maşallah! İndi də oranı siyasi mərkəz elan ediblər. Bəh gül dərib gülab çəkirlər.

Hələ bu harasıdır, gör nə qədər şalvara yamaq vururlar. Cəmiyyət yamaqla doludur. Adam utanır yamaqsız yaşamağa. Belə sənə bir təhər baxırlar. Ağ qarğa kim gəzirsən. Palaza bürün, ellə sürün! Belə deyib atalatımız, belə deyəcək gələcək nəsillər. Hələ sən AZALın biletlərə qoyduğu yamağa, üzr istəyirəm qiymətlərə bax. Biletlər başdan ayağa yamaqla doludur. Qiymətlər adama yamaqların altından get-get deyir. Yaxın gəlmə, əlini, cibini yandırar. Gül kimi qiymətin üstünə bu qədər yamaq tikmək olar. Hələ dövlətdən də subsidiyada alır. AZAL özünü dövlətə də yamaq edib. A kişi az al da…

Dostum gördü ki, yamaq işlərdən püflüyüb gedirəm, sözümü kəsdi:

-Yaxşı da, sən də o fürsətçilər kimi ücüz alıb ucuzluğa getdin. Sənin də ürəyin dolu imiş. Mirzə bu yamaq işlər nə çoxmuş heç bilmirdim.

Söhbəti yekunlaşdırdım:

-Müəllim, yamaq işlərimiz çoxdur, ancaq keyfiyyətli yamaqlar az olur, tez cırılır. Odur ki, heç vaxt yamaq olma, yamaq işlərlə məşğul olma. Di, sağ ol!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png