ONN İnformasiya Agentliyi

Zəngəzur yenidən türk dünyasını birləşdirəcək

Zəngəzur yenidən türk dünyasını birləşdirəcək
16 May 2021 - 15:32

İlham Əliyev: Zəngəzur mahalının Ermənistana verilməsi böyük ədalətsizlik idi. Doğma torpağımızın bir parçası Ermənistana birləşdirildi. Bunun çox böyük mənfi nəticəsi oldu. Bu, bütün Türk dünyasını parçaladı

Azərbaycan torpaqlarında erməniləri yerləşdirmək siyasətinin əsası hələ 1-ci Pyotrun dövründə qoyulmuşdur. 1722-ci ildə 1-ci Pyotur Azərbaycana yürüşündən sonra 1724-cü ildə Bakı və ətraf ərazilərdə erməniləri yerləşdirmək haqqında fərman imzalamışdır. Rus imperiyasının siyasi elitası Quzey və Güney Qafqazda müsəlmanların, əsasən də, türklərin yaşamasını heç cürə həzm edə bilmirdilər.

1813-cü ildə imzalanan Gülüstan sülh müqaviləsindən dərhal sonra Azərbaycan ərazisinə ilk olaraq almanları yerləşdirməyə başladılar. 1828-ci il Türkmənçay sülh müqaviləsindən sonra isə ermənilərin və rusların kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürülməsinə başlanıldı.

Güney Qafqazda erməni məskənləri istisna olmaqla 34 rus kəndi salınmışdır ki, onun da 30-u Azərbaycan torpaqlarında yerləşdirilmişdir.

10 fevral 1828-ci il Türkmənçay sülh müqaviləsindən 2 ay keçməmiş Naxçıvan və İrəvan xanlıqlarının ərazisində erməni vilayəti yaradıldı. Bütün bunlar Azərbaycanda yaşayan əhalini müsəlman türk dünyasından ayırmağa hesablanmışdır. Belə ki, xristian alman, erməni, rus köçkünlər Azərbaycanın qərbindən, Qazax-Gədəbəydən başlayaraq güneyində İmişli-Biləsuvara qədər yerləşdirilmişdir ki, gələcəkdə Azərbaycan torpaqları ilə ilk növbədə Türkiyə arasında olan əlaqəni tamamilə kəssinlər.

Bizim bütün bəlalarımızın – Zəngəzur da daxil olmaqla indiki Ermənistan ərazisinin bizdən qoparılması, Naxçıvanın ayrı düşməsi, Qarabağ problemi, 1918-1920-ci illlərin soyqırımlarının əsası o zamandan qoyuldu.

44 günlük Vətən müharibəsinin nəticəsi olaraq imzalanmış 10 noyabr üçtərəfli Bəyanatın şərtlərinə əsasən Ermənistan və Azərbaycan qarşılıqlı olaraq blokadanı aradan qaldırmalı, bütün nəqliyyat, kommunikasiyalar bərpa olunmalı, ən əsası Naxçıvanla Azərbaycan arasında olan Zəngəzur dəhlizi bərpa olunmalıdır.

Nədənsə istər Azərbaycanda, istərsə də Ermənistanda, eləcə də dünyada ən çox müzakirə olunan mövzu Zəngəzur dəhlizi ilə bağlıdır. Bu məsələ Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 20 aprel tarixində Aztv-yə müsahibəsində dediyi “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik” sözləri bütün dünyada rezenans doğurmuş, hətta bir çox ölkələrin KİV-lərində Azərbaycanın Zəngəzuru Ermənistandan zorla, müharibə yolu ilə alacağına dair yazılar yazılmış, ciddi müzakirələr bu gün də getməkdədir. Lakin cənab Prezident öz çıxışında dəfələrlə vurğulamışdır ki, “baxmayaraq Ermənistan dövləti bütövlükdə Azərbaycan torpaqlarında yaradılmışdır, bizim Ermənistana ərazi iddiamız yoxdur. Sadəcə, biz tarixi ədalətsizliyi bərpa etməklə həm Azərbaycan xalqının, həm erməni xalqının və bütövlükdə bölgənin inkişafına töhvə vermək istəyirik”.

Yuxarıda qeyd etdiyim kimi 1-ci Pyoturun zamanından bəri bizi bizdən qoparmaq üçün,Türkiyə ilə Azərbaycanın quru əlaqəsini kəsmək üçün bu dövlətlər arasında bufer dövlət olaraq Ermənistanı yaratmaqla nail olmağa çalışırdılar və buna qismən nail olmuşlar.

Zəngəzur ərazisi qədimdən həmişə Azərbaycanın tərkib hissəsi olmuşdur. Zəngəzurun ərazisi 6,7 min kv km olmaqla Azərbaycanın Qafan (Qapan), Gorus, Qarakilsə (Sisyan), Mehri, Zəngilan, Qubadlı və Laçın rayonunun bir hissəsini əhatə edirdi. Əhalisinin 72%-ni müsəlman türklər və kürdlər, 28%-ni ermənilər təşkil etməklə 149 türk, 91 kürd və 81 erməni kəndi olmuşdur. Yenicə yaranmış Azərbaycan dövlətinin ordusunun olmamasını, paytaxt Bakı da daxil olmaqla ərazinin yarıya qədərinin daşnaq və bolşeviklərin əlində olmasını fürsət bilən ermənilər Zəngəzuru ələ keçirməyə çalışırdılar ki, hər tərəfdən türk torpaqları ilə əhatə olunmuş dövlətlərinin sərhəddini İrana birləşdirsinlər. Bundan başqa həvəsində və iddiasında olduqları Naxçıvan torpaqlarını ana Azərbaycandan ayrı salsınlar və Qarabağın dağlıq hissəsi ilə həmsərhəd olsunlar ki, gələcəkdə sözügedən əraziləri Ermənistana birləşdirsinlər. Nəticədə ermənilər Zəngəzur ərazisində mövcud olan 240 müsəlman kəndindən 115-ni tamamilə məhv etdilər, 10-12 min əhali soyqırıma məruz qaldı, sağ qalan əhali bölgəni tərk etdi.

Yuxarıda qeyd etdiyimiz kimi, Türkiyə və Azərbaycan torpaqlarında böyük Ermənistan dövləti yaratmaq təkcə ermənilərin arzusu deyildi, eyni zamanda onların havadarları Rusiya, ABŞ, Fransa və başqa dövlətlərin arzusu idi. Amma Zəngəzurun Azərbaycandan qoparılmasında V.İ.Lenin, İ.Stalin, Orconikdize, Çiçerin əsas rol oynamışlar. Hətta əvvəllər Zəngəzurun ərazisini bütövlükdə Ermənistana vermək istəsələr də, nədənsə məsələ 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan K(b)PMK siyasi və təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarla həll olundu. Qərarda Zəngəzur bölgəsi 2 hissəyə bölündü: 6,742 kv verstlik ərazinin çox hissəsi, yəni 3,637 kv verstlik ərazi Ermənistana, 3,105 kv verstlik ərazi isə Azərbaycana qaldı.

Hələ 1920-ci il noyabrın 16-da İ.V.Stalin Vladiqafqazdan V.İ.Leninə göndərdiyi şifrəli teleqramda yazırdı: “Əgər, Türkiyə Ermənistanda qalarsa, o zaman Azərbaycan ilə ümumi sərhəd qazanar. Bu təhlükəni aradan qaldırmaq üçün indiki şəraitdən istifadə edərək Ermənistanı sovetləşdirmək, erməni sovet pazı ilə Türkiyə və Azərbaycanın arasını vurmaq lazımdır”.

Göründüyü kimi bütövlükdə Ermənistan olmaqla, Zəngəzur Türk dünyası ilə Azərbaycan arasına vurulmuş pazdır.

Bundan başqa Azərbaycan xalqının bir nömrəli düşməni Z.Balayan özünün “Ocaq” kitabında Zəngəzur yolunu “Turan yolu” adlandırır və bu yolun bağlanmasını zəruri sayırdı. Nəzərə alaq ki, Z.Balayan “Ocaq” kitabını 50-ci illərdə sovet dönəmində yazıb. Ermənilər Azərbaycana düşmənçilik etməklə öz oturduqları budağı kəsdilər. Belə bir ata sözü var, pazı pazla çıxararlar.

Prezident İlham Əliyevin müdrik, uzaqgörən, dahi siyasəti nəticəsində torpaqlarımız erməni işğalından azad olundu. Ermənistan ordusu darmadağın edildi və iqtisadiyyatı 30% geri atıldı. Bütün parametrlərə görə Ermənistan Azərbaycandan dəfələrlə geri qalır. Məsələn, 2020-ci ildə Ermənistanda 35 min uşaq doğulub, 36 min insan ölüb, 44 günlük müharibədə 7 mindən çox cavan insanlarını itiriblər, təxminən 10 min yaralıları var. Ermənistan siyasi elitası və sıravi vətəndaşları anlamalıdırlar ki, Ermənistan dövlətinin mövcudluğu Azərbaycan ilə sülh şəraitində yaşamaqdan və kommunikasiyaların açılmasından keçir.

Uzaqgörən və dahi Prezident cənab İlham Əliyev hələ 2009-cu il 3 oktyabr tarixində Türkdilli dövlətlərin Zirvə görüşündə bildirmişdir ki, vaxtilə Zəngəzurun Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi türk dünyasının parçalanması idi. Azərbaycan torpağı olan Zəngəzur yenidən türk dünyasını birləşdirən körpü rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda digər ölkələr, o cümlədən Ermənistan üçün əlavə imkanlar yaradacaq.

Cənab Prezident İlham Əliyevin dediyi kimi Zəngəzur dəhlizi xoş-zor açılacaq. Əgər Ermənistanın faşist, revanşist dairələri buna mane olsalar, Azərbaycanın əlində erməniləri güzəştə getməyə vadar edəcək kifayət qədər imkanlar var. Məsələn, biri hal-hazırda ermənilərin birtərəfli qaydada Gorus-Qafan yolunun Azərbaycana aid 21 km-lik hissəsindən dəhliz kimi istifadə etməsini məhdudlaşdırmaq, ikincisi Laçın koridorunu bağlamaq, və.s

Heç kimdə şübhə olmasın ki, Azərbaycan dövləti qarşısına qoyduğu bütün məqsədlərə cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi, xalqımızın birliyi və həmrəyliyi nəticəsində çatacaq.

Sadiq Qurbanov,

Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png