ONN İnformasiya Agentliyi

5 iyun Hamlet Xanızadənin doğum günüdür

5 iyun Hamlet Xanızadənin doğum günüdür
05 İyun 2023 - 10:30

Unutmayaq, unutdurmayaq!

5 iyun ( d.1941- ö. 23 yanvar 1990) teatr və kino sənətinin qüdrətli aktyorlarından biri olan əməkdar artist, respublika Dövlət mükafatı laureatı Hamlet Xanızadənin doğum günüdür.

Hamlet Bəbir oğlu Xanızadə 1941-ci ildə doğulmuşdu. Hamlet Xanızadə Bakının Şağan qəsəbəsində dünyaya göz açmışdı. Burada orta təhsil almışdı və atası Bəbir kişi heç onu aktyor görmək istəmirdi. Amma balaca Hamletin qəlbində baş qaldıran aktyorluq həvəsi hər şeyə qalib gəldi. Müharibənin dəhşətli ağrılarını hələ körpəliyində çəkən bu uşağın taleyində çox şeylər ağrılı olmuşdu. Hamlet uşaqlıqdan teatra, kinoya meyilli idi. İncəsənət Universitetinə 50-ci illərin sonlarında daxil olmuşdu, 1961-ci ildə isə artıq aktyor kimi Akademik Dram Teatrına işə gəlmişdi. Hamlet Xanızadə elə institut illərindən özünü istedadlı aktyor kimi təqdim etmişdi. Tədris teatrında yaratdığı rollar müəllimlərin də, uşaqların da qəlbində özünə yer almışdı. Bilmirəm ilk dəfə hansı rolu oynayıb, kimlərlə tərəf-müqabil olub. Bircə onu bilirəm ki, bu sənəti sidq ürəkdən sevirdi və ilk rolu da, heç şübhəsiz, bu sevgi ruhunda yaradılmışdı.

Bir çox tamaşalarda oynayıb. Tərəf-müqabilləri də ki, Azərbaycan teatr səhnəsinin “ulduz”ları olmuşdur – Mehdi Məmmədov, Əliağa Ağayev, Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, Hökumə Qurbanova, İsmayıl Dağıstanlı. Hamlet Xanızadə bu kimi müqtədir sənət korifeyləri ilə birgə işləyib, sənətin sirlərini mənimsəyib. Teatr onun üçün həm də məktəb idi. Hamlet Xanızadə burada püxtələşdi, tamaşaçıların qəlbinə yol tapdı. Onu sevirdilər, alqışlayırdılar.

Hamlet haqqında düşünəndə ilkin olaraq yada Topal Teymur obrazı düşür. Hər dəfə bu televiziya tamaşasına baxanda onun oynadığı Topal Teymurun qəddar görkəmi uzun zaman tamaşaçıların yaddaşından silinmir. Aktyor bu obrazın ifası üçün özünəməxsus orijinal üslub seçib.

“Nəsimi” filmində Yusif Vəliyevin oynadığıTopal Teymurla H.Xanızadənin qəhrəmanını müqayisə edəndə oxşar əlamətlər olduğunu aydın hiss etmək olur.

“Dəli yığıncağı”, “İblis”, “Ölülər” və s. tamaşalarda Hamletin bütün qəlbi və ruhu ilə oynadığı nə qədər qəhrəmanlar olub. Hər dəfə səhnəyə çıxanda tamaşaçı alqışlarının ardı-arası kəsilməzdi.

Hamlet Xanızadə Cəlil Məmmədquluzadənin “Dəli yığıncağın”da Molla Abbası, Nəriman Həsənzadənin “Atabəyləri”ndə Nizamini, Nazim Hikmətin “Şöhrət və unudulan adam”ında doktoru böyük sənətkar məharəti ilə yaratmışdı. Dünya ədəbiyyatı incilərindən F. Şillerin, V. Şekspirin əsərlərində oynamışdı.

Kinoya 70-ci illərdə gəlmişdi. Tofiq Tağızadənin “Yeddi oğul istərəm” filmindəki Gizir obrazını xatırlayırsınızmı? Gəray bəyin “vuran əli” olan Gizir tədbirli insandır. O, hər şeyi götür-qoy etməyi bacarır. Hamlet qəhrəmanının bu xüsusiyyətlərini qabartmaqla, onu filmin əsas qəhrəmanları səviyyəsinə qaldırır. Hamlet kinonu da çox sevirdi və ömrünün son illərində kinoya daha çox meyllənmişdi. Filmlərə tez-tez çəkirdilər onu. Hərdən dublyaja, “Mozalan”a da dəvət edirdilər. Enerjili insan idi. İşləmək onu heç vaxt yormazdı. Təki ürəyincə olan, daha doğrusu, ona “yaraşan” rollar olsun. İlk dəfə “O qızı tapın” filmində kinorejissor Həsən Seyidbəyli çəkmişdi onu. Oynadı, özünü təsdiq etdi. Sonra isə kinorejissor Kamil Rüstəmbəyov Hamleti “Axırıncı aşırım” filmində çəkdi. Kərbəlayı İsmayılı yola gətirmək üçün Abbasqulu bəylə birgə Qarabağlar kəndinə yollanan Talıbov Qəmlonun qəzəbinə düçar olur. Talıbov qorxmaz, igid, insan taleyinə biganə qalmayan qəhrəmandır. Aktyorun Kərbəlayının qəbulunda o qorxunc anlardakı simasını xatırlayırsınızmı. Çox istedadla yaradılıb bu səhnələr. Hamlet Xanızadə belə dramatik səhnələrin əsl ustası idi.

Amma İmaş (“Arxadan vurulan zərbə”) tamam başqa ampluada işlənmiş bir qəhrəmandır. O, həyatın çətinliklərini görüb başı daşdan-daşa dəyib. Həbsxana həyatı da yaşayıb. Baş verən ən kiçik cinayətlərdə belə onun adı hallanır. Amma Qəmərlinskinin öldürülməsindən onun xəbəri yoxdur. Bacısı da bir tərəfdən onun ovqatını korlayır. Xoşu gəlməyən bir nəsildən olan Fazili sevir. Bu mürəkkəb hadisələr fonunda onun xarakteri açılır. Hamlet bu epizodları elə istedadla, məharətlə ifa edir ki, tamaşaçı əsl aktyor sənətinin şahidinə çevrilir və onu sevməyə bilmir. Əyninə sırıqlı geymiş bu oğlanın taleyinə heç kəs biganə qala bilmir. “Axırıncı aşırım”da isə onun rolu o qədər böyük olmasa da, bu bolşevik obrazını Hamlet Xanızadə çox istedadla yaratmışdı. Hamletin ən uğurlu ekran qəhrəmanlarından biri “Arxadan vurulan zərbə” filmindəki İmaşdır. İmaş da baş qəhrəman deyil, ancaq o öz oyunu ilə obrazı elə yüksək səviyyədə təqdim edir ki, onu əsas qəhrəmanlar səviyyəsinə çatdırır. Hamletin bu filmdəki rolu kinomuzun çox maraqlı qəhrəmanlarındandır. Xəlifə Mötəsimi isə “Babək” filmində yaratmışdı. Bu tarixi filmdə onun ifa etdiyi rol o qədər böyük olmasa da, hadisələrin ümumi gedişinə təsir göstərən tarixi simadır. Hamlet onu uğurla yaradıb, sevdirib bizlərə. Və nəhayət, “Qətl günü” filmindəki Sədi Əfəndi. Sədi Əfəndi ümumiləşmiş yazıçı, filosof obrazıdır. Biz onu xəstə vəziyyətdə görürük və bu insanın düçar olduğu xəstəlikdən sağalmayacağını da duyuruq. Aktyor zamanın min bir əzablarından keçmiş bu insanın bütün ağrılarını məharətlə yaşayır, onu sevdirir, elə özü sevdiyi kimi. Yusif Səmədoğlunun eyniadlı romanı əsasında lentə alınmış “Qətl günü” filminə Hamletin dəvət olunması təsadüfi deyildi. Sədi Əfəndi həyatın sınaqlarından keçmiş, sənətkar taleyi yaşamış bir obrazdır. Bu obraz mürəkkəb olduğu qədər də ziddiyyətlidir. Tarixin ağrılı dövründə, 30-cu illərin repressiyalarının qurbanı olan yüzlərlə sənət adamının ümumiləşmiş obrazıdır. Hamlet Xanızadə Sədi Əfəndinin ifası üçün çox orijinal detallar tapıb, onun bütün iztirab və yanğılarını sifətindəki cizgilərlə verə bilir. Müasir mövzuda çəkilmiş “Yaramaz”da (rejissor V. Mustafayev) zavod direktorunu oynayır. Bu obrazla aktyor müasir rolların da gözəl ifaçısı olduğunu bir daha təsdiq edir.

Hansı rolda çəkilməsindən asılı olmayaraq aktyor oynadığı rolun məsuliyyətini gözəl dərk edirdi. O, rejissorlarla çox asan dil tapırdı. Olduqca səmimi, işgüzar bir insan idi. Onu tanıyanlar deyirdilər ki, Hamlet heç vaxt insanların qəlbinə toxunmazdı. Rolları isə əksinə qəddar, zalım, qaniçən insanlar olurdu.

Hamlet Xanızadə güclü yaradıcı potensiala malik aktyor idi. Onun zəngin daxili aləmi müxtəlif xarakterli rolları yaratmağa imkan verirdi. Əməkdar artist idi. Xalq onu sevirdi. Mükafatı isə bir dövlət mükafatı və bir də xalqın ürəyində qazandığı məhəbbət idi. Bu məhəbbət bu gün də var, sabah da olacaq.Hamlet Xanızadə ömrünün son günlərinə qədər işləyirdi. Özü də həvəslə, yorulmadan işləyirdi.

1990-cı ilin 20 Yanvar hadisələri onu da dəhşətli dərəcədə sarsıtmış və günlərin birində bu ağrılar onun ürəyini əbədi olaraq həmin ilin fevral ayının 3-də susdurdu.

Allah rəhmət eləsin.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png