ONN İnformasiya Agentliyi

Bakıda bu küçələrin adları dəyişdiriləcək

Bakıda bu küçələrin adları dəyişdiriləcək
24 May 2022 - 18:25

Bakının adları qəribə olan küçələri, yeni salınan və adsız məhəllələri haqqında araşdırma aparılır. Həmin küçələrin adları dəyişdiriləcək, bundan əlavə, yeni küçələrə adlar veriləcək.

ONN media xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində yeni formalaşdırılan küçə adları ilə bağlı Komissiya bu istiqamətdə aktiv iş aparır. Ümumi qərara əsasən, bir çox küçələrə şəhidlərin, Milli Qəhrəmanların, görkəmli şəxsiyyətlərin adları veriləcək.

Komissiyanın sədr müavini Elmin İmanov bildirib ki, artıq adları dəyişdiriləcək küçələrin, yeni məhəllələrin siyahısı hazırlanıb. Onun sözlərinə görə, pasportlaşdırma mərhələsində Bakı rayonlarının icra başçılarının müavinləri də iştirak edirlər.

“Hazırlanan siyahı əsasında dəyişim, yenilənmə həyata keçiriləcək. Yeni adlar verilərkən, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşən şəhidlərimizin adlarının qanunvericiliyə uyğun olaraq əbədiləşdirilməsi, Azərbaycana xidmətlərinə görə, ölkənin ictimai-siyasi, mədəni həyatında fərqlənən şəxslərin adlarının küçələrə verilməsi nəzərə alınacaq”, – deyə Elmin İmanov vurğulayıb.

Qeyd edək ki, üç il öncə Bakıdakı qəribə küçə adları ilə bağlı siyahı yayınlanmışdı. Binəqədi rayonunda yerləşən “Keçid məhəllə”, “Vtorçermet – Yusifzadə”, “Rezervuar”, “İzlivnoy”, “Stroydetal”, “2-ci dəmiryol küçəsi”, “3-cü dəmiryol küçəsi”, “1-ci – 15 ci sıra küçələri”, “Vorovski”, “Xutor”, Yasamal rayonu ərazisindəki “7-ci Sallaqxana”, Nəsimi rayonunda yerləşən “22-ci dairə”, “Kərpic”, “7-ci Sverdlov”, “Todorski”, “Droqal” küçələri, “İnşaatçılar” prospekti və s. kimi küçələr həmin siyahıda yer almışdı.

2019-cu ildə hazırlanan xəbərə cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətindən qeyd olunan küçələrin adlarının dəyişdiriləcəyi bildirilmişdi.

Bu ilin aprel ayında isə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamına əsasən paytaxtdakı küçə və prospektlərin inventarlaşdırılması, onlara adların verilməsi və dəyişdirilməsi ilə bağlı Komissiya yaradılıb. Komissiyaya adları çəkilən və digər küçələrin yer aldığı siyahı təqdim olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png