ONN İnformasiya Agentliyi

Qarabağın su problemi yaxşılaşdırılacaq

Qarabağın su problemi yaxşılaşdırılacaq
03 İyun 2021 - 15:05

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC işğaldan azad olunmuş ərazilərdə ilkin qiymətləndirmələr aparıb.

ONN media  xəbər verir ki, bunu Suqovuşan su anbarına media-tur çərçivəsində jurnalistlərə açıqlamasında qurumun sədr müavini Rafiq Aslanov bildirib.

O qeyd edib ki, ilk növbədə bu ərazilər minalardan təmizlənməli idi: “Qısa müddət ərzində Suqovuşan su anbarının ərazisi minalardan təmizlənib. Minatəmizləmə işləri nəticəsində 700-dən çox piyada əleyhinə minalar və partlamamış sursatlar məhv edilib”.

R.Aslanov deyib ki, Suqovuşan su anbarı vasitəsilə işğaldan azad edilən ərazilərin əkin sahələri suvarılıb: “Belə ki, anbardan Ağdam rayonunun 300 hektar ərazisi, həmçinin Füzuli rayonunun əkin sahələri suvarılıb. Ümumiyyətlə, bütün ölkədə 1 milyon 400 mindən çox suvarılan əkin sahələri var. Ölkədə suvarmanın mütəşəkkil aparılması üçün işğaldan azad olunan ərazilərin su infrastrukturunun təmir və bərpasına ehtiyac var idi. Təkcə Suqovuşan su anbarı kompleksinin altında 96 min hektar suvarılan ərazi var. Bu anbar işğaldan azad olunandan sonra biz çalışırdıq ki, buradakı sudan qənaətlə və səmərəli istifadə edək. Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Goranboy əraziləri bu kompleks vasitəsilə suvarılır. Hazırda bu kompleksdə təmir işlərinə başlanıb, bu ilin sonuna qədər Suqovuşan su anbarının əsas bənd və ondan ayrılan 5,2 km magistral kanalında infrastruktur işləri yekunlaşacaq. Ümumiyyətlə, Suqovuşan su anbarında təmir işləri 3 mərhələyə bölünüb. Birinci mərhələdə bu kompleksin özü və ondan ayrılan 5,2 kilometr magistral kanalın, ikinci mərhələdə Tərtərçay sol sahili magistral kanalının 22 kilometri, üçüncüdə isə Tərtərçay sağ magistral kanalının 70 kilometrinin bərpası nəzərdə tutulur. Tərtərçay sol sahili magistral kanalının bərpası işlərinə başlanılıb və bu ilin sonuna qədər layihə işləri sona çatdırılacaq. Bu bitəndən sonra yenidən qısa müddətdə tender elan edərək Tərtərçay sol sahili magistral kanalının bərpasını həyata keçirəcəyik. Üçüncü mərhələdə Tərtərçay sağ sahili magistral kanalının bərpasını həyata keçirəcəyik. Bu magistral kanalın su buraxma qabiliyyəti saniyədə 50 kubmetrdir, uzunluğu isə 70 kilometrə yaxındır. Bunun da 5 kilometri Tərtərin, 20 kilometri Agdərənin, 44 kilometri isə Ağdamın ərazisinə düşür.

Bu il Suqovuşan su anbarının əsas bənd və ondan ayrılan 5,2 km magistral kanalında infrastruktur işləri yekunlaşacaq. Hazırda saniyədə 22 kub su buraxılır. İnfrastruktur işləri başa çatandan sonra su magistral kanala yönəldiləcək”.

Sədr müavini qeyd edib ki, Suqovuşan su anbarının tam potensialından istifadə üç mərhələ bitdikdən sonra yekunlaşacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png